ABI-nin “Azərbaycan oğlu”

Əgər Abdulla Mehrabov ABI-ni ciddi qurum kimi tanıyırsa, deməli, o, Svazlyanın qondarma erməni genosidi haqqında sayıqlamalarını həqiqət kimi qəbul edir

Keçən yazımı Neft-Kimya Prosesləri Institutunun yeni direktoru, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasova, daha doğrusu, onun şeir dünyasına həsr etmişdim. Bu yazımın əsas qəhrəmanı isə tanınmış alimimiz Abdulla Mehrabovdur.

Abdulla Mehrabov haqqında qısa məlumat

Ayrı-ayrı qaynaqlardan əldə etdiyimiz məlumatlara görə, Abdulla Mehrabovun çoxlu sayda vəzifələri və titulları var: texnika elmləri doktoru, professor, əməkdar müəllim, Rusiya Təhsil Akademiyasının həqiqi üzvü (?!), Nyu-York Elmlər Akademiyasının akademiki, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, AMEA-nın nəzdində Təhsil Tədqiqatları üzrə Problem Şuranın sədri, Təhsil Nazirliyi nəzdində Tədrisin Təşkili və Idarəolunması elmi-metodik şurasının sədri, “Təhsil Problemləri Institutunun elmi əsərləri” məcmuəsinin baş redaktoru, məşhur “Kurikulum” jurnalının redaksiya heyətinin üzvü, Təhsil Nazirliyinin kollegiya üzvü, Təhsil Problemləri Institutunun direktoru və s. Bundan başqa o, “Azərbaycan oğlu”, “2007-ci ilin adamı”, “Tərəqqi” kimi fəxri adlar və medallarla təltif olunub…

“Azərbaycan oğlu” –  bu nə titul?!

Xeyli əvvəl təsadüfən “525-ci qəzet”in 24 may 2011-ci il tarixli sayı əlimə düşmüşdü. Qəzeti vərəqləyəndə “Abdulla Mehrabov ”Azərbaycan oğlu” tituluna layiq görülüb” başlıqlı yazı gözümə sataşdı. Yazını diqqətlə oxudum. Bəlli oldu ki, Amerika Bioqrafiya Institutu (ABI) deyilən bir qurumdan Azərbaycan Təhsil Problemləri Institutunun direktoru Abdulla Mehrabova muştuluq məktubu gəlib ki, hörmətli professor, sizə fizika və təhsil sahəsində səmərəli araşdırmalarınıza görə “Azərbaycan oğlu” titulu vermişik. Bununla belə, yazıda məktubdan bəzi parçalar da yer alıb: “Bu mükafatın dizaynı eksklüziv olaraq Amerika Bioqrafiya Institutuna aid olan Amerikanın Tarixi Qoruma bölümünə məxsusdur və heç yerdə oxşarı yoxdur. Bu bölüm unikal şəxsiyyətlər, unikal hadisələr və onların vəhdəti məsələləri ilə məşğul olur. Məqsədi isə kişi və qadınlar arasında bu keyfiyyətləri tanımaq və qoruyub saxlamaqdır. Mükafatın ən əsas və mühüm simvolu çiçəkdir. Bu, tamlığı, işığı, həyatı və qələbəni əks etdirir. Bu ali titula təqdim olunan şəxs xalqının ən yaxşı professional və mədəni ənənələrini nümayiş etdirir, eyni zamanda xarici ölkələrdə ləyaqətlə xalqını təmsil edir”.
Dəyərli oxucular! Titulun adı – “Azərbaycan oğlu” ilə bu sicilləmə motiv arasında ciddi bir əlaqə gördünüzmü? Şəxsən mən görmədim. Bəs onda bu, Abdulla Mehrabovun nəyinə lazım idi? Məgər indiyədək o, Azərbaycan oğlu deyildimi? Kiminsə buna hər hansi şübhəsimi vardı? Bilmirəm, bəlkə onun özünün şübhəsi var? Digər tərəfdən, məgər “Azərbaycan oğlu” olmaqdan ötrü hansısa xarici qurumdan sertifikat almaq gərəkdir? Nə isə…
Bu vəsilə ilə internetdə də xeyli axtarış aparmalı oldum. Bəlli oldu ki, ABI Abdulla Mehrabova elmdə nailiyyətlərinə görə 4 il əvvəl “2007-ci ilin adamı”, 2 il əvvəl isə “2009-cu ilin adamı” adı və medalı da veribmiş. Bu “tapıntı” məndə maraqlı bir sual yaratdı: Görəsən, Abdulla Mehrabovun ABI-si nə olan şeydir və bu qurum hansı işlərlə məşğul olur?..

SOS: ABI-dən ehtiyatlı olun!

Məşhur “Wikipedia” ensiklopediyasında yerləşdirilmiş məlumata görə, ABI əsasən sertifikat və sorğu-məlumat kitabları satışı ilə məşğul olan bir qurumdur (“Wikipedia”da bax: American Biographical Institute). Bununla yanaşı, qurum müştərilərinə “Ilin adamı”, “Son 10 ilin ən bəyənilən adamı”, “Elm adamı” və s. kimi 50-yə yaxın müxtəlif fəxri ad və ya titul da təklif edir. Hətta lazım gələrsə, hər kəs “zövqünə” uyğun olaraq, özü üçün bir və ya bir neçə “fəxri ad” da quraşdıra və onu bu qurumdan ala bilər, təki əlin cibində olsun. Belə ki, bunun üçün ABI-nin hesabına müxtəlif adlarla (əsasən onun istehsalı olan sorğu-məlumat kitablarını əldə etmək adı ilə) pullar köçürmək tələb olunur. Bu əməliyyat zamanı “fəxri ad” o müştərilərə verilir ki, onlar qurumla ən azı 795 ABŞ dolları həcmində “alış-veriş” yapmış olsun. “Wikipedia”ya, həmçinin ABI-nin “fəxri ad” oyununa beynəlxalq arenada münasibətin pis olması barədə xəbərdarlıq da daxil edilib. Sən demə, dünyanın bir çox aparıcı siyasətçiləri və jurnalistləri onun bu fəaliyyətini dələduzluq kimi qiymətləndirirlərmiş. Ona görə də bəzi ölkələr öz vətəndaşlarını ABI ilə ilişki qurarkən ehtiyatlı olmağa çağırırlar. Statistiklərin hesablamalarına görə, son 10 ildə ABI-dən “ad mükafatı” alanların böyük əksəriyyəti öz ölkələrinin dövlət qurumlarında vəzifə tutan şəxslərdir. Güman edilir ki, həmin şəxslər rəhbərlik etdikləri təşkilatın hesabından kitabxana üçün kitab almaq adı ilə ABI-yə xeyli vəsait köçürüb və bunun müqabilində kitablarla yanaşı, özlərinə istədikləri adları alıblar. Bir sözlə, belə ehtimal var ki, bu oyunun mayasında kitab əldə etmək yox, “fəxri ad” almaq marağı dayanır.

ABI Svazlyanı nəyə görə mükafatlandırıb?

ABI-nin müştərisi təkcə Abdulla Mehrabov deyil. Sən demə, ölkəmizdən və qonşu ölkələrdən bu qurumla “fəxri ad” ticarəti yapan xeyli adam varmış. Onlardan biri də Ermənistan Elmlər Akademiyasının əməkdaşı, “genosidşünas” Verjin Svazlyandır. ABI onu bir cızma-qarasına – qondarma erməni genosidi haqqında yazısına görə mükafatlandırıb, daha doğrusu, ona “21-ci əsrin böyük ağıl sahibi” adı və medalı verib. Vercin Svazlyan məsələsi bir daha onu göstərir ki, ABI üçün “fəxri ad” alış-verişində heç bir meyar, heç bir sərhəd yoxdur. Buradan inkarolunmaz bir nəticəyə də gəlmək olar: Əgər Abdulla Mehrabov ABI-ni ciddi qurum kimi tanıyırsa, deməli, o, Svazlyanın qondarma erməni genosidi haqqında sayıqlamalarını həqiqət kimi qəbul edir…

Abdulla Mehrabov akademikdirmi?

Bu gün Abdulla Mehrabov hər yerdə – məqalələrində və kitablarında özünü Rusiya Təhsil Akademiyasının (TA) həqiqi üzvü, yaxud akademiki kimi təqdim edir. Xatırladıram ki, o, bu akademiyanın xarici üzvüdür. Bu, o anlama gəlir ki, Abdulla Mehrabov: Rusiya TA-nın iclaslarında səsvermə hüququna malik deyil; burada yalnız və yalnız müşahidəçi qismində iştirak edə bilər; bu qurumdan maaş almır; onun hesabına ezamiyyətə göndərilmir. Bir sözlə, Mehrabovun bu qurumun idarə olunmasına və qəbul etdiyi qərarlara heç bir təsir imkanı yoxdur. Amma ondan fərqli olaraq, akademiyanın həqiqi, müxbir və fəxri üzvləri bu hüquqların hamısına malikdirlər. Onda sual ortaya çıxır: Necə olur ki, Rusiya TA-nın böyük statusa malik olan müxbir və fəxri üzvləri özlərinə akademik demirlər, amma statusu, demək olar, sıfra bərabər olan xarici üzvü Abdulla Mehrabov özünə akademik deyir. Bu adam bircə şeyi başa düşməlidir ki, akademik yalnız və yalnız akademiyanın həqiqi üzvlərinə deyirlər. Yerdə qalanlar isə oz adları ilə çağırılırlar: müxbir üzvlər “müxbir üzv”, fəxri üzvlər “fəxri üzv”, xarici üzvlər isə “xarici üzv” kimi…
Mehrabovun elmi dərəcəsi rəhbərlik etdiyi institutun profilinə nə dərəcədə uyğun gəlir?
Yuxarıda qeyd etdiyim kimi, Abdulla Mehrabov texnika elmləri doktorudur. Özü də bildiyim qədər Təhsil Problemləri Institutuna (TPI) direktor təyin olunanadək (2001-ci ilədək) o, Azərbaycan Inşaat Mühəndisləri Universitetinin fizika kafedrasında çalışıb. Bioqrafiyasından göründüyü kimi, Mehrabov həmin universitetdə fəaliyyəti dövründə əsasən fizikanın nəzəri problemləri, bərk cisimlər fizikası, istilik fizikası, molekulyar fizika, radiasiya fizikası sahəsində tədqiqatlar aparıb. Belə çıxır, TPI-yə direktor gələnədək o, bilavasitə pedaqoji sahənin, daha dəqiq desək, təhsilin problemləri ilə məşğul olmayıb. Bunu onun çap olunan məqalələrinin biblioqrafiyasından da açıq-aydın görmək olar. Bu gün TPI-də 11 elmlər doktoru, professor çalışır. Onların içərisində yeganə Abdulla Mehrabovun elmi dərəcəsi institutun profilinə uyğun gəlmir. Başqa sözlə, elmlər doktorları içərisində ən zəif bənd odur. Onda sual olunur: Belə olan təqdirdə nədən instituta rəhbərlik etmək ən zəif bəndə – Abdulla Mehrabova həvalə olunub?

Görəsən, təqaüd yaşlı direktor nə düşünür?!

Diqqətçəkən məsələlərdən biri də Abdulla Mehrabovun yaş məsələsidir. Hazırda dünya çapında paradiqmaların sürətlə dəyişdiyi, ölkəmizdə yeni Təhsil Strategiyasının hazırlandığı bir dönəmdə islahatın flaqmanı olan Təhsil Problemləri Institutuna yaşı 74-ü haqlamış ahıl bir adamın rəhbərlik etməsi, qanun buna icazə versə belə, nə dərəcədə məntiqidir? Görəsən, Abdulla Mehrabovun özü bunun fərqindədirmi?
Burada bir haşiyə çıxmaq istərdim. Inişil Abdulla Mehrabov nazir Mərdanovun rəhbərlik etdiyi 5 nəfərlik nümayəndə heyətinin üzvü kimi Tbilisidə gürcü həmkarları ilə keçirilən görüşdə iştirak edib. Görüşdə Gürcüstan tərəfini 34 yaşlı elm və təhsil naziri Dmitri Şaşkin və onun komandası – yaşları 40-ı keçməyən təhsil məmurları təmsil edib. Çox maraqlıdır, bu səhnəni görəndə təqaüd yaşını çoxdan keçmiş Abdulla müəllim hansı hissləri keçirib?! Öz-özünə deməyibmi, bəs bizi niyə gənc nəsil təmsil etmir? Olmazdımı onlar kimi biz də yerimizi gənclərə verəydik? Axı gənclər daha enerjilidirlər, daha müasir düşünürlər və təhsilin inkişaf tendensiyalarını daha yaxşı bilirlər. Əgər qarşılıqlı görüşlər görüb-götürmək üçündürsə, onda niyə biz təhsil sahəsində xeyli qabaqda gedən qonşumuzun bu gözəl təcrübəsindən nümunə götürməməliyik? Nümunə götürməyəcəyiksə, deməli, təhsilimizi irəli apara bilməyəcəyik…

Sözardı

Yazıma nöqtə qoymaq istəyirdim ki, internetdə AMEA-nın 2 müxbir üzvü və 2 həqiqi üzvünün həmkarları Rafiq Əliyevə ünvanlanmış açıq məktubu yayıldı (1news.az, 12.10.2011). Başdan-ayağa aşağılayıcı fikirlərdən ibarət olan məktubu oxuyanda çox mütəəssir oldum, nifrətdən tutmuş istehza dolu gülüşə qədər cürbəcür hisslər keçirdim. Düşündüm ki, Ilahi, bu nə olan şeydir, bəlkə bu adamlar keçən əsrin 37-ci ilini yenidən qaytarmaq istəyirlər…
Görünür, onlar nəzərə almırlar ki, bu, bir tarixdir. Gələcək nəsillər bu günümüzü də araşdıracaqlar və oğuzlar demişkən, kimin at, kimin eşşək mindiyini dəqiqliyi ilə biləcəklər. Amma onu deyim ki, məktub müəlliflərindən birini mətbuatdan yaxşı tanıyıram. Xatırladıram ki, tez-tez telekanallarda görünən bu alimimiz, hörmətli Abdulla müəllim kimi, ABI-nin əldəqayırma titulları ilə özünü “bəzəyənlərdən” biridir…

Ramin DEKO