ABŞ-dan Lukaşenkoya beynəlxalq tribunal hədəsi

“Lukaşenkonu ona görə məhkəməyə cəlb etmək lazımdır ki, insan haqlarının unudulmadığını hamı görsün”

Belarusda prezident seçkilərində namizəd olmuş və bundan sonra həbsdə yatan Ales Mixaleviç ABŞ-da, Konqresin Helsinki Komissiyasında dinləmələrdə çıxış edib. Mixaleviç həbsdə ona verilən işgəncələrdən və Likaşenko rejiminin amansızlığından danışıb. O deyib ki, həbsdən azad olunması üçün sənəd imzalayıb. Sənədə görə, o, Belarusun indiyədək KQB adlanan xüsusi xidməti ilə əməkdaşlıq etməlidir. Bunun əvəzində o, həbsdən buraxılacaq.
Mixaleviç deyib ki, Amerika rəsmiləri və qanunverciləri Lukaşenkonun islah olunacağına inanmasınlar. Lukaşenko bütün yollarla öz hakimiyyətini müdafiə edəcək. Mixaleviç Amerikanı Belarusun yalnız qeyri-hökumət təşkilatları ilə iş görməyə çağırıb.
O hesab edir ki, Lukaşenkonun Qərblə seçdiyi taktika – cilovu bir az boşaltmaq müqabilində Qərbdən kömək almaq taktikası hələ ki işləyir. Belarusa sanksiyalar məsələsində Qərblə Rusiya arasında, eləcə də ABŞ-la Avropa Birliyi arasında fikir ayrılığı var.
İki aylıq həbsi zamanı ona verilən fiziki və mənəvi işgəncələrə gəlincə, Mixaleviç deyib ki, ayaqları kəndirlə bağlayıb, müxtəlif tərəflərə dartırlar, az qalır əzələ bağları cırılsın. Yaxud lüt soyundururlar.
Bu çıxışdan sonra Helsinki Komissiyasının sədri, Nümayəndələr Palatasının üzvü  Kris Smit Belarus prezidenti Lukaşenkonu Beynəlxalq Cinayət Məhkəməsinə vermək üçün səylərə başlayacağına söz verib. Smit deyib ki, Obama hökumətinə Lukaşenkonu məhkəməyə cəlb etdirmək istiqamətində addımlar atmaq üçün təzyiq göstərəcək. O, Amerika hökumətinin və BMT-nin Təhlükəsizlik Şurasının üzvlərinə şəxsən məktub göndərəcək ki, Lukaşenkonun beynəlxalq məhkəməyə verilməsinə yardım etsinlər.
Smit dinləmələrdən sonra “Azadlıq” radiosuna deyib ki, Lukashenko kimi 17 il vəhşilik edənin nə vaxtsa zamanı gəlməlidir: “Hərçənd Belarus  Beynəlxalq Cinayət Məhkəməsinə imza atmayıb, eləcə də ABŞ imza atanlar arasında deyil, ancaq biz bunu Sudan prezidenti Ömər əl Bəşirlə edə bildik. Bu, xeyli vaxt aparacaq, ancaq biz buna başlamalıyıq. Biz səy göstərməliyik ki, BMT-nin Təhlükəsizlik Şurası prosesə başlasın. Mən əminəm ki, Rusiya və Çin müqavimət göstərəcək, ancaq biz döyüşməliyik. Çünki bu adam öz xalqına qarşı gündəlik vəhşilik edir”.
Helsinki Komissiyasının sədrinə görə, Lukaşenkonu ona görə məhkəməyə cəlb etmək lazımdır ki, insan haqlarının unudulmadığını hamı görsün.
Son illərin beynəlxalq məhkəmələrinin işinə yaxından cəlb olunan Smit deyib ki, Sierra Leone və  Ruandadakı vəziyyətlə bağlı məhkəmələrdən, Yuqoslaviyadan Miloşeviç, Mladiç, Karaciçin məhkəmələrindən bir məsələni anladı: diktatorlar, vəhşilik edənlər onlardan hesab soruşulanda qorxuya düşürlər. Smitə gğrə, Lukaşenkonu məhkəməyə verməyə ciddi səy göstərilsə, o da qorxuya düşəcək.