İran güclüdür, yoxsa İsrail?

«Oqonyok» hər iki ölkənin hərbi potensialını açıqladı

Rusiyanın “Oqonyok” jurnalı Iran və Israilin hərbi imkanları haqqında yazı dərc edib. Jurnal Iranla müqayisədə Israilin daha kiçik ölkə olmasına baxmayaraq, Israil ordusunun daha yaxşı təchiz edildiyini yazıb. Iran ordusu iki müstəqil strukturdan ibarətdir – Iran Silahlı Qüvvələri və Islam Keşikçiləri Korpusu. Ümumilikdə Iran ordusunun şəxsi heyətinin sayı 523 min nəfərdir. Bunun 450 mini Quru Qoşunlarında, 43 mini Hərbi Dəniz Qüvvələrində, 30 mini isə Hərbi Hava Qüvvələrində və Hava Hücumundan Müdafiə qoşunlarında xidmət edir. Əlavə olaraq ehtiyatda 350 min canlı qüvvə mövcuddur ki, bunun 40-60 mini yarımhərbi qurumların əməkdaşlarıdır. Bundan başqa, Islam Keşikçiləri Korpusunun “Bəsic” adlı rəsmi olaraq 12,6 milyon nəfərin üzv olduğu müqavimət gücü də var.
Iran ordusunun arsenalında təxminən 1700 tank (ən müasirləri Rusiya istehsalı olan 420 ədəd T-72 və Iran istehsalı olan 100 ədəd “Zülfüqar”), 610 ədəd piyadaların döyüş maşını, 640 ədəd zirehli nəqliyyat vasitəsi, təxminən 200 helikopter (“Cobra”, “Chinook”, “Mi-17”, ”Mi-8”) və 8200 vahid artilleriya vasitəsi var. Iran Hərbi Dəniz Qüvvələrinin əsas gücü Rusiya istehsalı olan “Paltus” 877 EKM layihəli 3 ədəd sualtı qayıqdan ibarətdir.
Bu qayıqların hazırlanmasına 1990-cı illərdə başlanıb. Sualtı donanmaya həmçinin Iran istehsalı olan 7 ədəd “Qadir” və 3 ədəd “Əl-Sabehat” seriyalı mini-sualtı qayıqları daxildir.
Bundan başqa, Iranın dəniz sularını “Əlvənd” tipli 4 freqat, “Bayandur” tipli 3 korvet, katerlər və mina-tral gəmilərindən ibarət donanma, həmçinin “HY-2 Silkworm” və “YJ-2″ raketləri ilə təchiz edilmiş sahil raket batareyaları qoruyur.
Iran Hərbi Hava Qüvvələrinin inventarı təxminən 130-u qırıcı (ABŞ istehsalı olan F-1, F-5, F-7, F-14 və Rusiya istehsalı olan “An-29″) və 170-i hücumçu (”Su-25″, “Su-24″ və F-4) olmaqla 300 təyyarədən ibarətdir. Jurnal yazır ki, Iranın hərbi hava parkının 60%-i əsaslı təmirə ehtiyac duyur.
Hava hücumuna qarşı müdafiəni isə “S-200″ zenit-raket kompleksləri, 45 ədəd ”S-75″, 29 ədəd “Tor-M1″ və başqa zenit-raket sistemləri təmin edir. Bundan başqa, Iran 1,5 min km maksimal uzaqlığa malik 12-18 ədəd “Şahab” ballistik raketlərinə malikdir.
Israil Müdafiə Ordusunda (SAXAL) isə 176,5 min insan (133 min Quru Qoşunlarında, 9,5 min nəfər dəniz donanmasında, 34 min nəfər Hərbi Hava Qüvvələrində) xidmət edir. Yarımhərbi heyət 8 min nəfərdir. Müharibə halında Israil ehtiyatdan təxminən 560 min nəfəri orduya çağıra bilər.
SAXAL-ın arsenalına 3500 döyüş tankı daxildir. Israil ordusunun əsas zərbə gücünü 1500 maşından ibarət “Merkava” tankları təşkil edir. Israil bu sahədə Iranı üstələyir. SAXAL həmçinin 100 ədəd “Magach-7″ tankına, müxtəlif modifikasiyalı 560 ədəd M-482679656 E 3B və 700 ədəd ABŞ istehsalı olan köhnə M-60, 200 ədəd Britaniya istehsalı olan ”Centurion” tankına sahibdir. SAXAL-ın arsenalında 10,5 min zirehli maşın və 5,5 min vahid artilleriya vasitəsi (620 vahid özüyeriyən, 450 vahid yedəklənən, 220 reaktiv yaylım atəş və 4100 minaatan) yer alır.
Israil hərbi donanmasının tərkibində 3 ədəd 877 EKM layihəli “Dolphin” sualtı qayığı, “Eilat” tipli 3 korvet və təxminən 60 kater daxildir. 460 təyyarədən ibarət Israilin Hərbi Hava Qüvvələri bölgədə ən güclü hesab edilir. Bunun 170-i qırıcı (ABŞ istehsalı olan F-15 və F-16), 270-i hücumçu (ABŞ istehsalı olan A-4, F-4, F-16D, F-16I, Israil istehsalı olan “Kfir”) təyyarədir. Israilin hərbi aviaparkına 80 döyüş helikopteri (“Cobra”, “Apache”), hava hücumundan müdafiəsinə isə 3 “Arrow” zenit-raket batareyası, 6 “Patriot” batareyası və 17 “Improved Hawk” batareyası daxildir.
Israilin əlində 6,5 min kilometrə qədər uzaqlıqdakı hədəflərə qarşı tətbiq oluna bilən “Jericho” raketlərinə qurulmuş 200 nüvə döyüş başlığının olduğu da güman edilir. Israil özündə kütləvi qırğın silahının olduğunu nə təsdiq, nə də inkar edir.