Insan haqları Avropa Ittifaqı üçün çox əhəmiyyətlidir

Ketrin Eşton: «Elmar Məmmədyarov şəxsən mənim bu məsələdə mövqeyim barədə yaxşı məlumatlandırılıb»

Qarabağ tənzimlənməsi, enerji sahəsində əməkdaşlıq, AI-nin “Şərq tərəfdaşlığı” proqramının həyata keçirilməsi çərşənbə axşamı Bakıda XIN başçısı Elmar Məmmədyarovun AI-nin xarici siyasət və təhlükəsizlik üzrə baş təmsilçisi Ketrin Eştonla görüşündə əsas danışıq mövzusu olub. Bu barədə danışıqlar bitən zaman Məmmədyarov mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa Komissiyası Azərbaycan qazını almaq niyyətini bildirib və boru kəmərləri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib.
O həmçinin Azərbaycanın “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığa hazır olduğunu bildirib.
Öz növbəsində Eşton Azərbaycanı enerji üzrə vacib tərəfdaş adlandırıb. “Turan”ın “Danışıqlarda siyasi məhbuslar məsələsi müzakirə edilibmi?” sualına cavab olaraq Eşton deyib ki, insan haqları AI üçün çox vacib məsələdir.
“Cənab nazir AI-nin və şəxsən mənim bu məsələdə mövqeyim barədə yaxşı məlumatlandırılıb”, – deyə o bildirib.
Qarabağ tənzimlənməsində AI-nin roluna toxunarkən o deyib ki, bu rol ATƏT-in Minsk Qrupununkundan fərqlidir.
“Minsk Qrupuna dəstək vermək üçün xüsusi nümayəndə təyin etmişəm”, – deyə Eşton bildirib. Onun sözlərinə görə, müəyyən mərhələdə qarşılıqlı etimad zərurəti yarananda AI öz köməyini təklif edə bilər.