Bir məsələyə toxunanda təkrar-təkrar ona qayıdıram ki, bəlkə nəticəsi və təsiri oldu. Məsələn, deyirlər ki, Ərəb Ölkələri Liqası. Lakin bizə gələndə ərz edirlər ki, türkdilli xalqlar. Mən bu haqda xeyli düşünmüşəm. Bəli, dünyada ingilis dilli, alman dilli, fransız dilli, ispan dilli xalqlar, hətta rus dilli qruplar var. Onların bir çoxu etnik alman, ingilis, fransız, daha nə bilim, rus deyillər. Amma biz türkük. Lakin bizə yapışdırılan addan belə nəticə hasil etmək olar ki, bizim yalnız dilimiz türk dilidir. Nə vaxta qədər bu davam edəcək? Sovet ştamplarını nə vaxta qədər yaşadacağıq? Axı “türkdilli xalq” ifadəsi məhz o dövrdən qalma ştampdır! Bir çox məsələlər çox asanlıqla həll edilərdi, əgər xoş niyyətli iradə olsaydı, heç üzücü müzakirələrə də ehtiyac qalmazdı. Zira nə edəsən ki, bir çox hallarda məhz belə bir iradə çatışmır.
Bizi məyus etmiş dahi
Bir həftədir ki, gündəmdən düşməyən məlum olayla bağlı mən də L.Zadənin qısa müsahibəsi ilə tanış oldum. Doğrusu, bir az məyus oldum. Yox, elə bir fikirdə deyiləm ki, Zadə mütləq kəskin ifadələr işlətməli idi və hakimiyyəti öz kəskin tənqidilə, necə deyərlər, ağlını başına yığmağa, səhvini düzəltməyə çağırmalı idi. Yox, belə düşünmürəm. Ən azı ona görə ki, mənim bu alimlə bağlı bir qədər fərqli mövqeyim var. Bilirsiniz, elmdə etalonlar var. Məsələn, dünyanın böyük riyaziyyatçılarına Filds, Volf mükafatı verilir. Onlarla, bəlkə daha çox alim bu mükafatları alıb. Onların sırasında L.Zadənin adı yoxdur. Riyaziyyatçılar üçün Nobel mükafatını əvəz edən bir mükafat da var, onu da N.Abelin şərəfinə Abel mükafatı adlandırıblar. Bu mükafata layiq görülən və onu alan riyaziyyatçılar var, onlardan biri keçmiş peterburqlu M.Qromovdur.
Amma Zadə bu mükafata da layiq görülməyib. Nəhayət, bu yaxın vaxtlarda az qala hamını şoka salan bir hadisə baş verdi – peterburqlu riyaziyyatçı və hazırda ən böyük həndəsəçi hesab olunan Q.Perelman riyaziyyat sahəsində minilliyin mükafatından – bir milyon dollardan imtina etdi. Çox maraqlıdır ki, az qala yeni bir riyaziyyatın banisi hesab edilən L.Zadə niyə bu mükafatlara layiq görülmür? Kimisə məyus etmək istəmirəm. Hətta məntiqlə bağlı kitab və monoqrafiyalarda belə, onun adı heç də qırmızı xətlə keçmir. Bəlkə olsun ki, sadaladığım mükafatları təqdim edənlər nə vaxtsa bizim Zadəni də yada salacaq, bunu istisna etmirəm, böyük kəşflərin dərki üçün böyük vaxt lazımdır, xüsusən də nəzərə alanda ki, hətta Eynşteynə belə, Nobel mükafatı nisbilik nəzəriyyəsinə görə yox, elə fotoeffekt hadisəsini izah etdiyinə görə verilmişdi. Elmdə belə şeylərə təsadüf olunur. Hamı bir nəfər kimi etiraf edir ki, kvant elektrodinamikasının banilərindən biri də F.Daysondur. Amma bəlli olmayan səbəblərdən Nobel komitəsi altmışıncı illərdə üç fizikə məhz kvant elektrodinamikasını yaratdığına görə Nobel mükafatı verəndə Daysonu yada salmadı. Bəli, belə şeylər olur. Bəlkə bütün bunların əsas məsələyə elə bir aidiyyəti yoxdur, çünki burada söhbət daha çox L.Zadənin məlum bir olayla bağlı müsahibəsindən gedirdi. Amma elə şeylər var ki, onları bilmək heç də elə bir maneçilik yaratmır. Bizim milli mentalitet bütpərəstliyin inkarı üstündəcə qurulsa da, bütpərətstliyə çox meylliyik, hər şeyi bütə çeviririk.
B.Əsəd həlqədə
Deyəsən, bu ilin axırına qədər daha bir diktatorun çöküşünü görəcəyik. Indi Iran məsələsi də aktuallaşıb. Bu, bir qədər diqqəti yayındıra bilər. Amma çox güman ki, Əsəd ya bu ilin sonunda, ya da növbəti ilin əvvəlində öz postunu M.Qəzzafi kimi tərk etməli olacaq. Bəli, məhz Qəzzafi kimi! Ona görə ki, ona verilən şanslardan istifadə etmədi. Qəribədir. Hakimiyyət həm də adamı kor edirmiş. Bir məsələni qeyd edim. Ola bilsin, Iran məsələsinin aktuallaşması Əsəd rejiminin çöküşünün daha da sürətlənməsinə səbəb olacaq. Ona görə ki, Iran bu rejimə böyük dəstək verib. Indi hər iki rejimin ətrafındakı həlqələr daralır. Rusiya da daha bir “torq”a hazırlaşır. Hə, bu ölkə BMT-dəki səsini əsl əmtəəyə çevirib, imkan olan kimi onu satışa çıxarır.