“Rejimin yararsızlığı göz qabağındadır”

Tarixçi professor ziyalılara olan hücuma kəskin cavab verdi

Cəmil Həsənli: «Kimsə 37-ci ili bərpa edəcəyinə ümid bəsləyirsə, bu, sadəcə olaraq, sadəlövhlükdür»

«Cənab Ramiz Mehdiyevin öz vəzifəsindən istifadə edərək kürəkənini deputat seçdirməsilə ədalətə qovuşmaq olmaz»

Ziyalılar Forumunun son tədbirindən sonra bu quruma, orada təmsil olunanlara, xüsusilə professor Rafiq Əliyevə qarşı kampaniyaya start verilib. Professor Cəmil Həsənli ilə müsahibəmiz bu mövzu ilə bağlıdır.

– Cəmil müəllim, Ziyalılar Forumu siyasiləşmiş qurum kimi xarakterizə edilir. Bu, nə dərəcədə əsaslı iddiadır?
– Ziyalılar Forumunun siyasiləşmiş qurum adlandırılması doğru deyil. Son tədbir, sadəcə, cəmiyyətdə tanınan, nüfuz sahibi olan ziyalıların onları düşündürən məsələlər barədə müzakirəsi idi. Bu məsələlər o qədər də sadə məsələlər deyildi. Müzakirələrin qayəsində Azərbaycanda gedən proseslərə münasibət dayanırdı. Bu münasibət də ondan ibarət idi ki, ölkədə yaranan sosial-iqtisadi vəziyyət, mənəvi durum elə də yaxşı deyil. Tədbirdə bunun səbəbləri də göstərildi. Eyni zamanda vurğulandı ki, son 15 ildə bu və ya digər səbəblər üzündən ziyalılar müəyyən məsələlərə münasibət bildirməyiblər, susublar. Amma  vəziyyət o həddə çatıb ki, artıq susmaq mümkün deyil. Belə deyək, bu tədbir Azərbaycanda aparılan siyasətə münasibətdə artıq susmağın mümkün olmadığının təzahür formalarından biri idi.

Məsələyə bu cür yanaşma ondan irəli gəlir ki…

– Bəs bu iddia nədən qaynaqlanır? Bəlkə bu müzakirələrin kökündə doğrudan da hansısa siyasi məqsədlər dayanır?
– Siyasiləşmək odur ki, Ziyalılar Forumunun, orada təmsil olunan insanların hansısa siyasi istəkləri olsun. Amma forumda toplaşan ziyalılar dəfələrlə bildiriblər ki, onların   hansısa siyasi istəkləri yoxdur. Nə hakimiyyətdə, nə parlamentdə, nə də hansısa başqa vəzifələrdə təmsil olunmaq istəyirlər. Siyasi məqsəd özünü onda göstərir ki, məsələn, deyirsən, bu nazir pis işləyir, onu çıxar yerinə məni təyin elə, yaxud, bu partiya pisdir, o getsin, ayrı partiya gəlsin. Ziyalılar Forumu, orada toplaşan ziyalılar hakimiyyətin doğru addımlarını təqdir edir. Amma Azərbaycanın milli maraqlarına uyğun olmayan məsələlərə də münasibətini bildirir. Məsələyə bu cür yanaşma ondan irəli gəlir ki, hakimiyyətdə təmsil olunan müəyyən şəxslər, demək olar, özlərini tamamilə tənqiddən kənar hiss edir, hakimi-mütləq kimi aparırlar. Onlarda belə bir fikir yaranıb ki, dedikləri mənasız fikirlər və yazdıqları, daha doğrusu, yazdırdıqları kitablar quran ayəsi kimi bir şeydir. Indi ziyalı sözünü eşidəndə onların qaldırdıqları məsələlərdən ciddi şəkildə narahat olmağa başlayırlar. Ziyalılar Forumuna, oradakı insanlara qarşı sovet ənənəsinə uyğun olaraq təşkil edilən kampaniya, zəhmətkeş məktubları, tayfa üzvlərinin ziyalı kimi təqdim edilməsi, akademiyanın yerliçilik əsasında formalaşdırılan bir sıra həqiqi və müxbir üzvlərinin mətbuata çıxarılması və s. bu narahatçılığın nəticəsidir.
Onlar hamısı bir ağızdan deyir ki, Ziyalılar Forumu apardığımız böyük işlərə kölgə sala bilməz. Bu adamlar anlamırlar ki, onlar özləri kölgədirlər və kölgənin üzərinə də heç bir kölgə düşmür. Amma eyni zamanda təbliğatın kommunist metodlarının dirçəldilməsi, 37-ci ilin “ümumxalq” dəstəyinə ehtiyac duyulması dərin həyəcandan xəbər verir. Bu həyəcan səbəbsiz deyildir.

Cəmiyyətin tör-töküntülərini sözünü deyən 5-6 ziyalının üstünə salmaqla…

– Sizcə, bu həyəcan nəyin nəticəsidir?
– Onun nəticəsidir ki, Ziyalılar Forumunun tədbirində Azərbaycanın taleyi və tarixi ilə bağlı köklü məsələlərə, idarəçilikdə buraxılan ciddi qüsurlara, kommunist ənənəsilə idarə metodlarına toxunuldu. Ölkənin kurator sistemi ilə idarə edildiyi, hakimiyyət strukturlarının kriminallaşdığı, korrupsiyanın ayaq açıb yeridiyi dilə gətirildi. Həmin tədbirdə dünənin adamları ilə bu günün idarə edilməsinin doğurduğu fəsadlar müzakirə obyektinə çevrildi. Azərbaycanda konstitusiya prinsiplərinin işləməməsi, ölkənin beş – on nəfər arasında bölüşdürülməsi, korrupsiyanın çiçəklənməsi, 20 ilə yaxındır Qarabağ problemi ilə bağlı aparılan danışıqların heç bir nəticə verməməsi, torpaqlarımızın iki on illikdir ki, işğal altında qalması və bu müddətdə bir kəndin belə, azad olunmaması kimi məsələlər ətrafında diskussiya aparıldı, bu siyasətin milli maraqlara uyğun olmadığı vurğulandı. Düzünü deyim ki, bu qədər ayrılan böyük vəsaitlər müqabilində Azərbaycanın işğal altında olan ərazilərinin taleyində ən kiçik bir dəyişikliyin olmaması ciddi narahatçılıq doğurur. Rejimin yararsızlığı göz qabağındadır. 20 ildir işğal altında olan torpaqları azad etmək lazımdır. Cəmiyyətin tör-töküntülərini sözünü deyən 5-6 ziyalının üstünə salmaqla, vətənpərvər alim Rafiq Əliyevə qarşı Mixail Suslovun tarixin sınağından çıxmayan ideologiyası zəminində Göbbels metodları ilə kampaniya aparmaqla heç nəyə nail olmaq olmaz.

Qoy, Prezident Administrasiyasında oturanlar daha keyfiyyətli torpaqdan olsunlar

– Məsələ burasındadır ki, sizin tənqidlərlə hakimiyyətin aqressiyası adekvat görünmür. Ona görə də belə təəssürat yaranır ki, bəlkə ortada başqa səbəblər var…
– Bilirsiniz, müxalifət partiyaları bu problemləri qaldıranda  hakimiyyətin manipulsiya etmək imkanı olur. Başlayırlar ki, bunu müxalifət deyib. Amma Ziyalılar Forumunda təmsil olunan tanınmış insanların siyasi iddiaları yoxdur. Onların heç müxalif siyasət aparmaq fikirləri də yoxdur. Bu ziyalılar, sadəcə olaraq, Azərbaycandakı vəziyyətin hansı həddə gəlib çatdığını çox yaxşı görürlər və dərk edirlər. Xatırlatmaq istəyirəm ki, biz hələ gördüklərimizin, bildiklərimizin, anladıqlarımızın, Sabir demiş, heç ondabirini demirik. Ziyalı baş verənləri dilə gətirirsə, bu barədə düşünmək lazımdır. Əgər Rüstəm kimi dözümlü, səbirli böyük bir fikir adamı daha susmaq olmaz deyirsə, bu, bizim sabahımız üçün çalınan həyəcan siqnalıdır. “Azərbaycan” qəzetinin 1948-ci ildə Qərbi Azərbaycandan gəlmiş kənd müəlliminin dili ilə tanınmış ziyalıları “çamura çevirməsi” vəziyyətdən çıxış yolu deyil. Əgər bu çamur Azərbaycan torpağı ilə onun suyundan yoğrulubsa, biz ona da sevgi ilə yanaşırıq. Eybi yoxdur, qoy, Prezident Administrasiyasında oturanlar daha keyfiyyətli torpaqdan olsunlar. Biz bu ölkənin çamuru da olmağa hazırıq. Istədiyimiz də odur ki, bu millətin sərvətini talayıb ağa olanlar ona nökər kimi baxmasınlar. Biz nə deyirik? Biz deyirik ki, ölkədə ədalət olsun. Cənab Ramiz Mehdiyevin öz vəzifəsindən istifadə edərək kürəkənini deputat seçdirməklə ədalətə qovuşmaq olmaz. Qohum-əqrəbadan başqa millət də var və onu görmək lazımdır.

Biz deyirik ki, ölkəni korrupsiya bürüyüb

– Amma bu ölkədə hər şeyin qaydasında olduğunu iddia edənlər, Azərbaycanın yalnız Qarabağ probleminin olduğunu deyənlər var. Elə sizə qarşı kampaniyada iştirak edən və özlərini ziyalı adlandıranları götürək… 
– Bu kampaniyanı təşkil edən Ramiz Mehdiyevdir. Onun artıq bacardığı bundan artıq deyildir. Bir vaxtlar cümhuriyyət liderlərinə qarşı kampaniya təşkil etdi, sonra Rüstəmə qarşı kampaniyaya əl atdı və bütün bunlar iflasa uğradı. Dövr dəyişib, XXI əsrdə ali məktəblərə, olmayan əmək kollektivlərinə, mətbuata Rafiq Əliyevə qarşı kampaniya təşkil etməyə göstəriş vermək gülünc bir işdir. Bu kampaniya da iflasa məhkumdur. Kimsə 37-ci ili bərpa edəcəyinə ümid bəsləyirsə, bu, sadəcə olaraq, sadəlövhlükdür. Dünya dəyişib və baş verən dəyişiklikləri dəyərləndirmək lazımdır. Biz deyirik ki, ölkəni korrupsiya bürüyüb. Müharibə şəraitində olan ölkədə belə oğurluq, belə korrupsiya olmamalıdır. Əgər Ramiz Mehdiyevin Ziyalılar Forumuna qarşı başladığı kampaniyada iştirak edən həmin ziyalılar üçün Azərbaycanın korrupsiya bataqlığında olması və prosesin bu formada davam etməsi xoşdursa, bu işi biz onların vicdanının öhdəsinə buraxırıq. Amma bizim üçün bu, xoş deyil. Mən müxtəlif tədbirlərdə oluram və mənim ölkəmin adına deyilən sözlərdən xəcalət çəkirəm. Bunun bir sonu olmalıdır.
Bəli, bir də tez-tez Qarabağ problemi ilə bağlı manipulyasiya edirlər. Ziyalılar Forumunda təmsil olunan ziyalıların gördükləri işə baxsınlar və sonra danışsınlar. Qoy, həmin kampaniyada iştirak edənlərin biri çıxsın ortaya və görək o Qarabağla bağlı nə edib. Korrupsiya və rüşvətə bəraət qazandırmaq ona şərik olmaq kimi bir şeydir. Qarabağ dərdi olan bir ölkədə belə geniş rüşvət şəbəkəsi yaratmaq Qarabağa vurulan ən böyük zərbədir. Qarabağda yüzlərlə xarici dil bilən geniş dünyagörüşlü, adam qabağına çıxardılası səviyyəli olan adamlar ola-ola, hakimiyyət Bayram Səfərov kimi yarıtmaz, bacarıqsız, səriştəsiz, savadsız bir adamı Qarabağ icmasına rəhbər qoyub bu milləti rüsvay etməkdə nə məqsəd güdür. Bu hadisələr təzə başlayanda ideologiya üzrə katib olan Ramiz Mehdiyev televiziya və radioda  “Qarabağ şikəstəsinin” verilməsini qadağan etmişdi, guya bu şikəstənin verilməsi erməniləri rəncidə edir. Indi onun Qarabağla bağlı qoyduğu kadr Bayram Səfərovdan artıq olmayacaq ki. Ona görə də heç kəs bizə Qarabağ faciəsi üzərində dərs verməyə cəhd göstərməsin.

– Söylədiniz ki, forumun tədbirində son 20 ildə ziyalıların baş verənləri sükutla seyr etməsi vurğulandı. Sizcə, ziyalıların bu müddət ərzində susqunluğunun səbəbi nə idi?

(ardı var)

Vidadi Məmmədov