Türkiyəyə münasibət – gen xətası, yoxsa nifrət?

Yəqin ki, çoxlarınız 11 noyabrda ANS kanalında AÇ-2012-nin pley-of matçına baxmısız. Türkiyə güclü rəqibi Xorvatiyaya öz meydanında 0:3 hesabı ilə məğlub oldu. Reportajı “Günəbaxan” verilişinin aparıcısı Ilqar Mikayıloğlu və Türkiyəyə ezam olunmuş digər bir əməkdaş bizə təqdim edirdi. Çayxana söhbəti formatında tamaşaçılara təqdim edilən bu reportaj başdan-ayağa qardaş türklərin ələ salınması ilə müşayiət olundu, reportajı Istanbuldan aparan digər əməkdaş isə, demək olar, futboldan anlamasa da, Ilqar Mikayıloğlu kimi ifrata varmırdı. Yalnız bir dəfə Ilqara “oyunçu tapmasalar, yəqin səni ikinci oyuna çağıracaqlar” deməklə kifayətləndi.
Futbol da həyatımız kimi, enişli-yoxuşlu olur, burada qalibiyyət varsa, məğlubiyyət də qaçılmazdır. 1998-ci ildə dünya, 2000-ci ildə Avropa çempionu olmuş Zidanlı, Anrili, Trezegeli Fransa 2002-ci ilin dünya çempionatında fiaskoya uğradı, qrupdan belə, çıxa bilmədi, lakin 2006-cı ilin çempionatında finala qədər yüksəldi.
Elə Türkiyə futbolçuları da son illərdə beynəlxalq arenada möhtəşəm uğurlara imza ataraq, bütün türk dünyasının köksünü qabardıblar. Qardaş ölkənin 2002 və 2008-ci illərdə müvafiq olaraq, Dünya və Avropa üçüncü olması, habelə 2000-ci ildə “Qalatasaray” klubunun UEFA kubokunu qazanması və Avropa superkubokunu, kral klubunun “Real”ı 2:1 hesabı ilə məğlub edərək qazanması gülünc vəziyyətdə olan futbolumuzun fonunda bizə təsəllidir desəm, yanılmaram.
Əlbəttə, yalnız futbol xətalarına görə tənqidi başa düşmək olar. Lakin şikəst türk ləhcəsi ilə yersiz atmacalar, türk futbolunun qüruru Rıdvan Dilməni ələ salmaq, Çanakkala kimi müqəddəs savaşı yerini gəldi-gəlmədi xatırlamaq, təsadüfi deyil.
Mən elə həmin Ilqar Mikayıloğlunun aparıcısı olduğu “Günəbaxan” verilişində 2 gün əvvəl “əjdaha” ləqəbli manıs Nadir Qafarzadənin Türkiyə və türklər haqqında dediklərini nöqtəsinə-vergülünə toxunmadan, oxucuların nəzərinə çatdırmaq istəyirəm: “Nə Türkiyə, Türkiyə salmısız siz? Türklər gəlib bizim əxlaqımızı pozdular. Torpaqlarımızın 20%-ni ermənilər alıb, qalanını da gedin türklərə verin. Bəsdirin də, az ”girin” türklərə”.
Bu həmin Qafarzadədir ki, bir neçə il əvvəl Xocalı soyqırımı günü Israildə şənlikdə oxumağı özünə rəva bilmişdi, indi də məhz Ilqarın verilişində türkləri təhqir etməkdən çəkinmir. Elə həmin, ertəsi gün oyunu şərh edən aparıcı, ironik üslubda olsa da, Nadir Qafarzadədən geri qalmadığını göstərdi.
Qardaş dövlət haqqında bu cür etikaya sığmayan çıxışlar, yalnız təəssüf doğurur. Lakin işin maraqlı tərəfi ondadır ki, bunu hakimiyyət dairələri çox sakit qarşılayır, hətta bir də görürsən ki, həmin şəxs karyerasında bir neçə pillə irəlilədi. Antitürk ovqatlı millət vəkilləri var ki, seçilməmişdən öncə, etdiyi çıxışlarla hətta ictimai qınağa belə, məhəl qoymamışdılar. Televiziya kanallarının formal olaraq, müstəqil olması bu “oynaq” münasibətin təsadüfi olmaması anlamına gəlir, yəni bu gün Ilqar Mikayıloğlu kimiləri Israil haqqında oxşar səhvləri buraxsa, karyeraları ilə vidalaşmalı olardılar.
Niyə məhz Israil, Rusiya yox, Türkiyə? Axı heç bir dövlət Türkiyə qədər bizim mənafelərimizi güdən siyasət yürütmür. Bəs onda bu anormallıq nədən qaynaqlanır, niyə bu eybəcərliklər, rejimin sərt senzurası əsarətində olan telekanala yol “tapır”? Cavab sadədir, Azərbaycan iqtidarı heç vaxt Türkiyəyə güvənmir.
Ikinci mühüm səbəb isə, Türkiyənin daim Azərbaycan xalqına olan münasibətinin iqtidarlara görə dəyişməməsidir.         
Yəni, siyasətini həmişə xalqın maraqlarına uyğun qurur, onun istəyi ilə rejimə nə vaxtsa “yox” deyəcəyi istisna edilmir. Ona görə də, Türkiyəyə qarşı bu cür müntəzəm aşağılamaların şahidi oluruq. Lakin bu nə Nadir Qafarzadə, nə də Ilqar Mikayıloğlu kimilərinə əsas vermir ki, ağızlarına gələni danışsınlar.
Unutmayın ki, Azərbaycanın əsas etnosu azəri türkləridir!!!