Bu zəngin, bərəkətli torpaqların üstündə bunca yoxsul, ac, ələbaxan bir toplum yaratdığın üçün…
Insana dil danışmaq üçün verildiyi halda, sən onun təyinatını dəyişə bildiyin, dili susmaq üçün bir vasitəyə çevirdiyin üçün…
Həm “Azərbaycan demokratik ölkədir” deyib, həm də Azərbaycanda müxalifət olmadığını fəxrlə bəyan edərək dünyada analoqu olmayan “müxalifətsiz, amma demokratik ölkə” qurduğun üçün…
Ölkədə “Uşaq ili” elan edib ölkənin yeganə Uşaq Teatrını uçuraraq, “Gənclər ili” elan edib ölkənin iki ən savadlı, intellektli gəncini həbsə atdıraraq, “Turizm ili” elan edib iki jurnalistin bir oteldə çəkilən intim görüntülərini ən pik saatda el-aləmə nümayiş etdirərək absurd janrının dahiyanə nümunələrini ortaya qoyduğun üçün…
Məhkəməni məzhəkə sözünün sinoniminə çevirdiyin üçün…
Millətə yüksəlməyin yolunun illah ki, alçalmaqdan keçdiyini öyrədə bildiyin üçün…
Məmləkətə dünyanın ən müasir işıqlandırma sistemlərini gətirib, amma onu orta çağ qaranlığının, feodal zülmətinin dibinə gömdüyün üçün…
Müstəqilliyin 20-ci ildönümündə müstəqilliyin əleyhinə səs verəni “Şöhrət” ordeni ilə ödülləndirib, müstəqilliyin lehinə səs verəni həbsə atdıraraq misli-bərabəri olmayan bir yubiley təntənəsinə imza atdığın üçün…
Dünyanın ağlı başında olan xalqlarının min bir əziyyətlə, zülmlə, zillətlə, canı və qanı bahasına seçkili orqan kimi yaratdığı parlamenti Azərbaycanda təyinatlı orqana dönüşdürdüyün üçün…
Camaat tarixi tarix kitablarından oxuyub, tarixi filmlərdən izlədiyi halda, sən bu xalqı 5 əsr, 10 əsr, 20 əsr əvvələ qaytarıb onu öz gözləri ilə canlı görməyi nəsib etdiyin üçün nə qədər öyünsən yeridir!
Sənə şəkk gətirənə lənət!
Bizim narahatlığımız
Tanınmış iqtisadçı Qubad Ibadoğlu yazıb: “Ilin 6 ayında büdcənin xərclənməsinə dair hesabatda göstərilir ki, 7,28 milyon manat artıqlıq yaranıb. Bu qədər vəsait bəs edir ki, Azərbaycanda müəllimlərin, səhiyyə işçilərinin, mədəniyyət işçilərinin əmək haqlarını heç olmasa, iki dəfəyə yaxın artıraq. Bizim vəsaitimiz, artım imkanlarımız varsa, bunu səmərəli istifadə etməliyik. Büdcə vəsaitlərini yalnız investisiya layihələrinə yönəltməklə heç bir inkişafa nail ola bilməyəcəyik. Bir neçə il sonra bu qədər vəsait də olmayacaq. Onda Azərbaycan iqtisadiyyatı daha da başıaşağı gedəcək. Mən daha çox bundan narahatam”.
Mən də narahatam, Qubad bəy. Amma nə olsun?
Ilham Əliyev bundan narahat deyilsə, bizim narahat olmağımızın mənası nədir?
Onların narahatlığı
Ümumiyyətlə, təcrübə göstərir ki, bu ölkənin vicdanlı, məsuliyyətli insanları nədən narahatdırsa, Ilham Əliyev o məsələdə çox rahatdır.
Uzağa getməyək. Ötən ilin yekunlarına baxaq. Hakimiyyət illik büdcənin 1/3-ni təkcə dekabr ayında xərcləmişdi. O vaxt da Qubad bəyin açıqlamalarından məlum olmuşdu bunlar 2010-cu ilin ilk ayından noyabradək büdcədən hər ay 700-800 milyon manat xərcləyiblər, amma nə sirri-xudadırsa, dekabrda həmin göstərici birdən-birə 3 milyard manatı belə, vurub keçib.
Bunun bəsit izahı vardı: ilin axırında baxıb görüblər ki, büdcədə milyardlarla manat əlavə vəsait qalır, dərhal qollarını sıvayıblar, o qədər büdcə pulunun başına bircə ayın içində daş salıblar.
Mən həmin vaxt yazmışdım ki, bunların öz dini var – korrupsiya dini. Bunların dinində on bir ayın sultanı da dekabrdır. Nə də olmasa, dövlətin cibini dibindən qaşımaq üçün dekabrdan gözəl fürsət yoxdur. Baxırsan, dövlətin cibində nə qədər artıq pul qalıb, qamarlayıb qoyursan öz cibişdanına.
Yəni, deməyim odur ki, büdcədə artıqlıq yaranmağından narahat olmağın mənası yoxdur. Biz nə qarnı, nə gözü doyan bir rejimin girovlarıyıq, onlar artıq vəsaiti nə edəcəklərini gözəl bilirlər. Buna görə də rahatdırlar. Büdcədə pul artıq qalıb deyə kef edəcəklər.
Bircə ona görə narahatdırlar ki, biz də bu ölkədə artığıq.
İlham Əliyev, nə qədər öyünsən yeridir Olham Əliyev, nə qədər öyünsən yeridir!
•
•