Gömrük Kəmaləddin Heydərovdan alınır

Komitədə aparılan qeyri-rəsmi yoxlamalar zamanı «kotyol»dan yayınmalar üzə çıxıb

Dövlət Gömrük Komitəsi (DGK) fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətindən çıxarılır. “Azadlıq”a daxil olan məlumatlara görə, buna səbəb DGK-da aparılan qeyri-rəsmi yoxlamalar zamanı “kotyol”dan yayınmalarla bağlı xeyli sayda faktın aşkarlanmasıdır.
Məlumatlarda deyilir ki, DGK ilə Dövlət Sərhəd Xidmətinin təqdim etdiyi rəsmi hesabatda rəqəmlərin uyğunsuzluğu olub. Bu, “yuxarılar”da şübhələr yaradıb. Ona görə də yoxlamalar başlanılıb. Nəticədə bəlli olub ki, şübhələr əsassız deyilmiş.
Bu fakt Kəmaləddin Heydərova etimadın sarsılmasına səbəb olub. Doğrudur, “fövqəlnazir”in bundan xəbərsiz olması qənaəti də var. Lakin hər bir halda “yuxarılar” bu məsələdə Kəmaləddin Heydərova güzəştə getmək niyyətində deyillər.
Adətən “kotyol”a əl atan məmurlar tutduqları vəzifədən uzaqlaşdırılır və onun bütün varidatı əlindən alınır. Kəmaləddin Heydərovla da bağlı belə bir addım atılacağı bəlli olmasa da, o məlumdur ki, artıq DGK-ya nəzarətin onun əlindən alınması barədə qərar var.

Informasiya şöbəsi