ABŞ İrana qarşı koalisiya yaradır

Vaşinqton körfəz ölkələrini silahlandırmağa hazırlaşır

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) Iranın nüvə proqramıyla bağlı son hesabatının açıqlanmasından sonra Tehrana qarşı hərbi müdaxilə variantı gündəmə gəlməklə yanaşı, həm də bu məsələ dünya gücləri arasında ziddiyyətə səbəb olub.
Israil Irana qarşı hərbi əməliyyatların dərhal başlanmasını təklif edir. Təl-Əvivin əbədi müttəfiqi kimi tanınan ABŞ-ın müdafiə naziri Leon Panetta isə Irana yönəlik hərbi müdaxilənin regionda gözlənilməz nəticələr verə biləcəyini və qüvvələr balansının pozulmasına gətirib çıxaracağını bildirib. O, problemin diplomatik yolla həllinin və Irana qarşı iqtisadi sanksiyaların qəbulunun tərəfdarı olduğunu söyləyib.
Pentaqon rəhbəri qeyd edib ki, hücumun gözlənilməz nəticələri regiondakı ABŞ kontingentinə ciddi təsir göstərə bilər. Dövlət Departamentinin sözçüsü Mark Toner də Pentaqon şefinin açıqlamasına oxşar bəyanat səsləndirib. O, Vaşinqtonun Irana qarşı sanksiyaları gücləndirmək üçün bütün imkanları nəzərdən keçirəcəyini söyləyib.
Bu arada, Obama administrasiyasının Irana qarşı regional koalisiya yaratmaq üçün Körfəz ölkələrinə müasir bombalar da daxil olmaqla, külli miqdarda silah satmağa hazırlaşdığına dair məlumatlar yayılıb. Xəbərlərdə deyilir ki, Tehrana qarşı regional koalisiyanın yaradılması məqsədilə hazırlanan plana əsasən, ABŞ Bəsrə körfəzi ətrafındakı ölkələrə “bunker-buster” tipli bombalar və digər müasir hərbi texnika satacaq.
Silah satışının gizli həyata keçirildiyi vurğulanan xəbərlərdə o da qeyd olunur ki, ABŞ-ın xüsusilə Birləşmiş Ərəb Əmirliklərinə təklif etdiyi silahlarla ölkənin hava qüvvələrinin gücünün artırılması və Irana qarşı kifayət qədər güclü hərbi rəqibin formalaşdırılması nəzərdə tutulur.
Plan çərçivəsində BƏƏ-nə satılacaq silah paketinin yaxın günlərdə rəsmi olaraq Konqresə təqdim edilməsi və digər silah sistemlərilə birlikdə 4 min 900 birbaşa hücum texnikasının satışına icazə verilməsi haqda qərarın çıxarılması gözlənilir.
Bundan əvvəl yayılan xəbərlərdə isə Iraqdakı əsgərlərini çıxarmağa çalışan ABŞ-ın hərbi qüvvələrini Küveytə yerləşdirmək niyyətində olduğu vurğulanırdı. Digər tərəfdən, Obama administrasiyasının Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən ibarət Körfəz Əməkdaşlıq Şurasının altı üzvünün Irana qarşı ittifaqa cəlb edilməsi istiqamətində ciddi çalışdığına dair xəbərlər yayılıb.
Xatırladaq ki, ABŞ-ın Səudiyyə Ərəbistanı ilə imzaladığı son müqaviləyə əsasən, ərəb ölkəsinə aralarında “F-15” qırıcılarının da olduğu 60 milyard dollarlıq silah satışı nəzərdə tutulur. Pentaqon Səudiyyə Ərəbistanına ”Stinger” mərmiləri və raket sistemləri satmaq planı barədə də Konqresi məlumatlandırıb. ABŞ eyni zamanda, bölgədə Iranın qısa və orta mənzilli ballistik raketlərindən qorunmaq üçün müdafiə sistemlərinin qurulmasına da çalışır.

İnformasiya şöbəsi