Nazim Məmmədov: «Bizim partiyanın adından çıxış edənlərin bəzilərinin «leksikonu» və mübarizə metodları bizə 90-cı illərin əvvəllərini xatırladır»
“YAP-ın həm Siyasi Şura, həm Idarə Heyətinin üzvləri, həm də Icra Aparatını təmsil edən bəzi partiya üzvlərimizin opponentləri ilə danışıq tərzlərini dəyişməsinə ehtiyac yaranmışdır”. Bu sözləri Milli Məclisin YAP-dan olan sabiq üzvü Nazim Məmmədov deyib.
O, “Yeni Müsavat”a açıqlamasında deyib ki, bu və digər məsələlərlə bağlı ölkə başçısı Ilham Əliyevə müraciət etməyi düşünür: “Artıq müraciətin konturları hazırdır. YAP üzvü kimi sədrə müraciət etməkdə məqsədim partiyaya ziyan vurmaq deyil, əksinə, kömək etmək cəhdimdir. Mən partiyadaxili demokratiyanın yüksəldilməsi üçün fikirlərimi açıqlayacağam. YAP-ı təmsil edən şəxslərin müxalifət partiyalarının nümayəndələri ilə ”opponentlik stilləri” əks-təbliğata çevrilir. Zamanın dəyişməsinə baxmayaraq, bizim partiyanın adından çıxış edənlərin bəzilərinin “leksikonu” və mübarizə metodları bizə 90-cı illərin əvvəllərini xatırladır. Mən həm də YAP sədri olaraq cənab prezidentin nüfuzunun qorunması ilə bağlı YAP-ın çoxminlik ordusunun bəzi qisminin qeyd etdiyim məsələlərlə bağlı narahatçılıqlarını çatdırmaq niyyətindəyəm”.
Bu müraciətindən sonra onun YAP-dan çıxarıla biləcəyi barədə ehtimallara gəlincə, Nazim Məmmədov bundan narahat olmadığını deyib: “Partiyaya qəbul olunmaq və çıxarılmaq partiyanın nizamnaməsinə uyğun həyata keçirilir. Mən partiya nizamnaməsinə hörmətlə yanaşan üzv olmuşam. Əgər belə bir qərar olsa, yəni, məni YAP-dan çıxartsalar, onda bu barədə qərar qəbul edənlərdən səbəbini bilmək mənim üçün də maraqlı olar. Elə fikirləşməyin ki, bizim partiya demokratik düşüncəsinə görə üzvlərinə dözümsüzlük nümayiş etdirir. Hesab edirəm ki, bu, yanlış stereotipdir”.