Yağış Sumqayıtı biabır etdi

Heydər Əliyev parkı kanalizasiya suları altında qaldı

Eldar Əzizovun başçısı olduğu sənaye şəhəri də qışa hazır deyilmiş

Azca qar yağan kimi ölkədə indiyə qədər görülən işlərin hansı səviyyədə və keyfiyyətdə olduğu üzə çıxır. Yağan yağış və qar nəinki rayonları, hətta şəhərləri belə, sulara qərq edir.  Bir neçə gün öncə Bakıda yağan qarın nəticəsi olaraq paytaxtın hər yerində iri gölməçələr əmələ gəldi. “Gözəlləşən” və “analoqu olmayan inkişaf” paytaxtdakı bu rəzalətdən daha dəhşətlisini Sumqayıta yaşatdı. Ölkənin ikinci ən iri şəhərlərindən biri sayılan Sumqayıtda yaşanan mənzərələrdən tam aydın olur ki, Eldar Əzizovun icra başçısı olduğu bu yaşayış məntəqəsi də digər bölgələr kimi qışa hazır deyil.
Noyabrın 5-də yağan yağış şəhərdə kanalizasiya sisteminin bərbad vəziyyətdə olduğunu üzə çıxardı. Belə ki, yağış suları nəticəsində daşan kanalizasiya suyun səviyyəsini bir qədər də artıraraq, bütün küçələri ağuşuna alıb. Qısa müddətdən sonra Sumqayıtın Sülh küçəsi bütünlüklə “Venesiya küçələri”nə bənzəyib.
Şəhərin əksər yerlərində bütün yollar su altında qalıb. Hətta Heydər Əliyevin heykəli olan parkda belə, kanalizasiya borusu partlayaraq, bütün suyu çölə vurub. Dəfələrlə təmir olunan və yenidən qurulan bu parkda vəziyyətin belə bir şəkil almasının nə demək olduğunu izah etməyə gərək yoxdur. Bəlli olan odur ki, bu hakimiyyətin nümayəndələri üzdə bir şey, arxada isə başqa bir prinsip əsasında işləyirlər.

Sumqayıtda təkcə Sülh prospekti deyil, həmçinin digər küçələr də dəhşətli vəziyyətlə üzləşməli olub. Məsələn, şəhərin 41-ci məhəlləsinin bir hissəsi, bazar, Sumqayıtın girəcəyi və digər yerlərdə də analoji vəziyyət hökm sürüb. Sumqayıt tamamilə su altındadır. Eyni zamanda, bütün bunlar onu təsdiq edir ki, dövlət büdcəsindən ayrılmış pullar  göyə sovrulub. Əks təqdirdə, Sumqayıtın kanalizasiya sisteminin təmiri üçün ayrılmış pullar təyinatı üzrə xərclənsəydi, vəziyyət bu həddə gəlib çatmazdı.

Maraqlı məqamlardan biri də budur ki, vəziyyətin belə şəkil almasına baxmayaraq, Sumqayıt Şəhər Icra Hakimiyyəti və digər dövlət qurumlarının rəsmilərindən heç biri məsələ ilə maraqlanmayıb.
Sumqayıtda təkcə küçələrin su altında qalması halları deyil, həmçinin ciddi elektrik problemi də yaşanır. Sakinlərin verdiyi məlumata görə, şəhərdə yağışlardan sonra əhaliyə verilən elektrik enerjisində üç gündür fasilələr yaranır. Bir çox məhəllələr isə iki gündür işıqsızdır və əhali istilik məsələsindən ciddi korluq çəkir. Dəfələrlə müvafiq qurumlara müraciət edilsə də, bunun bir nəticəsi yoxdur.
“Sumqayıt Elektrik Şəbəkə” isə məsələ ilə bağlı tədbir görməkdə acizdir. Idarədə çalışanlardan birinin “Azadlıq”a verdiyi məlumata görə, elektrik xətlərinin vaxtında düzgün qurulmaması, “montyor” çatışmazlığı onların işini xeyli çətinə salıb. Adıçəkilən idarədə “montyor” çatışmazlığı var və bununla bağlı rəhbərlik yeni işçilərin götürülməsi prosesini yalnız özünə məlum səbəblərdən yubadır.
Yağan yağış nəticəsində Ceyranbatan qəsəbəsindən başlayaraq Sumqayıt ərazisindən keçən Acıdərə kanalının daşması səbəbilə ətraf ərazidə yerləşən mənzillər su altında qalıb. Əsasən məcburi köçkünlərin yaşadığı beton zavod ərazisi, 76-cı məhəllə yağış suları içində itib-batır. Sakinlərin sözlərinə görə, bir qədər yüksəklikdə yerləşən evlərdə suyun hündürlüyü 20-santimetrə çatırdısa, çökəklikdə yaşayan ərazilərdə bu, iki dəfə çoxdur. Əsasən məcburi köçkünlərin məskunlaşdığı bu ərazilərdə evlərin bütün əşyaları, demək olar, su altında qalıb. Sakinlər bizimlə söhbətdə aidiyyəti qurumlara müraciət etdiklərini, ancaq heç kəsdən səs çıxmadığını qeyd etdilər.
Sumqayıta təkcə yağış fəlakət gətirmir. “Eurovision 2012” yarışması da şəhərdə ab-havanı korlayıb. Sahibkarlardan birinin qəzetimizə verdiyi açıqlamada bildirilir ki, özəl sektor üzərinə səlib yürüşü günü-gündən şiddətlənib. Sahibkar deyir ki, şəhərdə vergi məmurları bütün dükan, bazar və xidmət obyektlərini gəzərək musiqi yarışması adı altında vergi yığırlar: ”Obyektlərin boyuna-buxununa baxıb qiymət təyin edilir. Bu məbləğ 500-dən 3-4 min manat arasında dəyişir. Etiraz edənlər isə, obyektlərinin bağlanacağı ilə hədələnir”.
Sahibkar bildirir ki, problemlə bağlı vergi departamentinə müraciət edilsə də, heç bir nəticəsi olmayıb.

Ramin DEKO