Əsəd Türkiyəyə qarşı PPK-dan istifadə etmək istəyir

Elxan Şahinoğlu: «Əsəd rejimi PKK ilə köhnə əlaqələrini canlandırsa da, Suriya-PKK bağlılığı Dəməşqə yaxşı heç nə vəd etmir»

Fransanın populyar qəzetlərindən olan “Le Figaro” Suriya prezidenti Bəşər Əsədin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı kürd problemindən istifadə etməyə hazırlaşdığını iddia edib. “Yeni Müsavat” qəzetində gedən yazıda vurğulanır ki, iddialara görə, Əsəd bu ilin aprelində “PKK-nın Suriya versiyası” olan PYD təşkilatının lideri Məhəmməd Saleh Müslimin Suriyaya dönməsinə icazə verərək, ölkənin rəsmi müxalifət hərəkatının ikinci adamı olmasına da yaşıl işıq yandırıb. Qəzet ayrıca, təşkilatın məqsədinin, Əsəd devriləcəyi təqdirdə, muxtar bir kürd dövləti qurmaq olduğunu irəli sürüb. PYD-nin əslində Əsəd rejimini həzz etmədiyi, lakin ondan Türkiyəyə qarşı istifadə etmək üçün Suriya hökumətinin yanında olmağı seçdiyi ifadə edilir. Qəzet Əsədin də bu vəziyyətdən faydalandığını və “bu şəkildə Ərdoğanı, Suriya mövzusundakı mövqeyi səbəbiylə  cəzalandırmaq istədiyini” yazıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlunun fikrincə, Liviyadan sonra beynəlxalq aləmin diqqəti Suriyaya yönəlib. Əsəd rejiminin hələlik beynəlxalq təpkiyə müqavimət göstərdiyini deyən E.Şahinoğlu vurğuladı ki, bu dirənmə artıq 3 min suriyalının həyatı bahasına başa gəlib: “Sivil dövlətlər Suriyadakı qətliamlara seyrçi qala bilmirlər. Əsəd Ərəb Liqasına üzv ölkələrin yüksək səviyyəli nümayəndə heyətini Dəməşqdə qəbul edərək, qətliamı dayandıracağını, ordunu şəhər və qəsəbələrdən çıxaracağını, siyasi məhbusları sərbəst buraxacağını vəd edib. Əsədin bu vədini yerinə yetirəcəyinə inam azdır. Çünki buna oxşar vədlər əvvəlki aylarda da verilmiş, ancaq bu, kütləvi qətliamlara son qoymamışdı. Ərəb Liqası Əsədin son ümid yeridir. Əgər Suriya rejimi Ərəb Liqasını da aldatsa, Dəməşqin beynəlxalq aləmdəki vəziyyəti bir az daha mürəkkəbləşəcək”.
Əsədin hazırda Qərblə yanaşı, vaxtilə çox isti münasibətlərdə olduğu Türkiyə hökuməti ilə də körpüləri yandırdığını deyən E.Şahinoğlu vurğuladı ki, bu baxımdan son zamanlar Əsəd rejimi ilə PKK terrorçuları arasında təmasların intensivləşməsinə dair xəbərlər artıb. Hətta iş o yerə çatıb ki, Abdulla Gül Suriya hakimiyyətini xəbərdar edib. E.Şahinoğlunun sözlərinə görə, 24 türk əsgərini şəhid edən PKK-çıların başında Suriya əsilli kürdün dayanması təsadüfi deyildi: “Bu əmrin arxasında Suriya izinin olduğuna dair ciddi şübhələr var. Türkiyəli rəsmilər də son olayda açıq-aşkar xarici izin olduğunu söyləyiblər. Əslində Kandil dağlarından idarə edilən PKK üçün bu əməliyyat əməlli-başlı risq idi. Terrorçular qətliam törətmək üçün böyük qruplarla Türkiyənin içərilərinə doğru irəliləməliydilər. PKK rəhbərliyi anlamalıydı ki, bunun qisası alınacaq”.
Xarici dövlətlərin PKK-dakı çoxsaylı komandirlərlə birbaşa əlaqəyə girərək, pul müqabilində onları Türkiyə əleyhinə əməliyyatlara yönəldə bildiyini vurğulayan E.Şahinoğlu dedi ki, Suriya rejiminin PKK ilə təmaslarına dair başqa şübhələr də var: “Suriyanın daxilində təlatümlər davam etsə də, bu ölkədə yaşayan kürdlərin əksəriyyəti hadisələri kənardan müşahidə edirlər. Xəbərlər var ki, Əsəd rejimi kürdlərin Suriyadakı olaylara neytral qalması müqabilində onlara yağlı vədlər verib. Bu yağlı vədlərdən biri onların milli haqlarının artırılması ola bilər. Nədən PKK Türkiyə dövləti ilə savaşarkən, Suriyada heç bir əməliyyat törətmir, heç zaman Əsəd rejiminə problemlər yaratmır? Bu sual keçmişdə də, indi də aktualdır. Halbuki, Türkiyədəki kürdlərin haqları Suriyadakı kürdlərin haqlarından çoxdur, kürdlər qardaş ölkənin siyasi və iqtisadi həyatında önəmli rol oynayırlar, Türkiyə Böyük Millət Məclisində yüzlərlə kürd mənşəli millət vəkili var. Bütün bunlar onu deməyə əsas verir ki, Əsəd rejimi PKK ilə köhnə əlaqələrini canlandırıb”.
Suriya-PKK bağlılığının rəsmi Dəməşqə yaxşı heç nə vəd etmədiyini deyən ekspert vurğuladı ki, Ankara bu bağlılığı Əsədə bağışlamayacaq. Əsədin PKK kartından istifadə etdiyi kimi Ankaranın da Suriyanın müxalifətindən yararlanmağa çalışacağını söyləyən ekspert bildirdi ki, hətta ola bilər ki, Türkiyə Suriya müxalifətinin silahlanmasına da yardımçı olsun. “Onsuz da Suriyadan Türkiyəyə qaçan bir qrup əsgər və zabit Əsəd rejiminə qarşı savaşmaq üçün Ankaradan yardım istəyir. Əsəd PKK ilə bağlantıya son qoymasa, Ankara Suriya müxalifətinə gərəkən hər cür dəstəyi verəcək”, – deyə E.Şahinoğlu vurğuladı.

Hikmət