Ölmüş diktatorun yaxın adamı başlarına gələnləri danışıb
“Zərbə dalğasından Qəzzafinin olduğu “Cip”in hava şarları açıldı, onun burnu qırıldı…”
Liviyanın qətlə yetirilmiş lideri Müəmmər Qəzzafinin mühafizə xidmətinin keçmiş zabiti Mansur Day onun son günləri barədə danışıb. İTAR-TASS agentliyinin yaydığı məlumata görə, Mansur Day deyib ki, bəzən Müəmmər Qəzzafi mühasirədə olan Sirt şəhərində tərk edilmiş evlərdə ərzaq qalıqları axtarıb (Lent.az).
Mansur Day bildirib ki, Müəmmər Qəzzafi son günlər narahat və inamsız olub: “Bəlkə də qorxurdu. Müəmmər Qəzzafi Sirt şəhərindən 20 kilometr uzaqlıqda yerləşən Carif kəndinə, anadan olduğu kəndə getməyə cəhd göstərirdi. Yəqin ki, bu kənddə həyatının son dəqiqələrini keçirmək və elə bu kənddə də ölmək istəyirdi”.
Mansur Day qeyd edib ki, Müəmmər Qəzzafi Tripolini avqustun 18-də, qiyamçılar paytaxta daxil olmazdan 2 gün əvvəl tərk edib və Sirtə yollanıb. O, Sirtə getməzdən əvvəl 4 gün oğlu Seyfülislam Qəzzafi və kəşfiyyat xidmətinin rəhbəri Abdulla as-Senussi ilə Ben-Valid şəhərində qalıb.
Mansur Day həyatlarının 180 dərəcə dəyişdiyini dilə gətirib: “Həyatımız hər gün pisləşirdi. Sirt şəhərində döyüşçülər tərk edilmiş evlərdə qalan ərzaqlarla qidalanırdılar. Elektrik enerjisi, su və xariclə aləmlə əlaqələri yox idi. Müəmmər Qəzzafi son günlərində özü ilə götürdüyü çemodandakı kitabları oxuyur, eyni zamanda nə isə yazırdı. Sirt tam mühasirəyə alınandan sonra Müəmmər Qəzzafi ilə birlikdə olan qrup şəhəri tərk etmək istədi. Müəmmər Qəzzafi oktyabrın 20-ə qədər Sirti tərk etməkdən imtina edirdi. Ancaq qəfil o və oğlu Mötəsim Carif kəndinə getməyə qərar verdilər. Əvvəlcə bu qrup 350 nəfərdən ibarət idi, ancaq bu say 200 nəfərə qədər azaldı. Onların bəziləri döyüşlərdə öldürüldü, bəziləri də ailələri ilə birlikdə qaçdılar. Bu qrupun nə döyüş, nə də qaçışla bağlı planı vardı”.
Mansur Day qrupun qiyamçılar döyüşdən sonra dincələn zaman şəhəri tərk etməyi düşündüyünü bildirib: “Maşın karvanında 40 avtomobil var idi. Saat 08:00 radələrində NATO qırıcı təyyarələri karvandakı birinci maşını bombaladı. Zərbə dalğasından Müəmmər Qəzzafinin olduğu “Cip” markalı avtomobilin hava şarları açıldı. Müəmmər Qəzzafinin burnu qırıldı, yəqin ki, sinəsi də zədələndi. Daha sonra qiyamçılar maşın karvanının qarşısını kəsərək avtomat silahlardan atəşə tutdular. Bundan sonra NATO döyüş vertolyotları və qırıcı təyyarələri ikinci zərbəni endirdi. Bu zaman maşın karvanına ciddi zərər dəydi, çoxlu insan həyatını itirdi. Bəzi insanların əlləri və ayaqları yox idi. Bu, çox dəhşətli idi. Sağ qalanlar drenaj borularında gizlənməyə çalışdılar və onları qiyamçılar mühasirəyə aldılar. Mən boynuma dəyən qəlpədən yaralandım və huşumu itirdim. Müəmmər Qəzzafinin sonunun necə olduğunu da görmədim…”.