«Özü buna hazır deyilsə, icra aparatının rəhbərini, parlamentin sədrini, YAP-dakı ikinci adamı da öz təmsilçisi olaraq mənimlə debata göndərə bilər»
AXCP sədri Əli Kərimli ölkə başçısı Ilham Əliyevi debata çağırıb. AXCP sədri bu çağışırı “Yeni Müsavat” qəzetinə müsahibəsində edib: “Biz uzun zamandır hakimiyyətin qərarı ilə heç bir telekanala buraxılmırıq. 6 ildir müxalifət liderlərinə nəinki debat imkanı, bir açıqlama vermək imkanı da verilmir.
Mən dəfələrlə dövlət başçısı Ilham Əliyevi debata çağırmışam və yenə çağırıram. Hətta təklif etmişəm ki, özü buna hazır deyilsə, icra aparatının rəhbərini, parlamentin sədrini, YAP-dakı ikinci adamı da öz təmsilçisi olaraq mənimlə debata göndərə bilər. Başa düşürəm ki, onun üçün çətindir birbaşa özünün debata çıxmağı. Çünki bilir ki, onu çox sərt suallar gözləyir və həmin sualların heç birinin cavabı yoxdur onlarda. Siyavuş Novruzovla da debata çıxmağa müxalifətdən nümayəndələr olacaq. Müxalifət funksionerləri onun debat çağırışına müsbət cavablar veriblər, onunla lazımi səviyyəli debat aparacaqlar. Mən şəxsən Azərbaycan hakimiyyətini təmsil eləmək imkanında olan istənilən ciddi adamla debata hazıram”.