“Gürcüstan mütləq NATO üzvü olacaq”

Anders Foq Rasmussen: «Gürcüstanda müdafiə, hüququn aliliyi, demokratik institutların inkişafı ilə bağlı islahatların gedişatını diqqətlə izləyirik»

 

NATO-nun baş katibi Anders Foq Rasmussen NATO-Gürcüstan Komissiyasının noyabrın 9-10-da Tiflisdə keçiriləcək iclasına qatılmaq üçün dünən Gürcüstana gedib.
Rasmussen artıq nəzərdə tutulan ilk görüşlərini həyata keçirib və maraqlı açıqlamaları ilə diqqət çəkib. Gürcüstanın “mütləq NATO-nun üzvü olacağını” vurğulayan baş katib, hələ 2008-ci ildə Buxarest sammitində Gürcüstanın Alyansın üzvü olacağı barədə bəyanatının olduğunu xatırladıb. “Bu bəyanat qüvvədədir”, – deyə Rasmussen bildirib. O, həmçinin əlavə edib ki, NATO əvvəlkitək “Alyansın standartlarına” daha da yaxınlaşmaq üçün rəsmi Tiflisə, islahatları sürətləndirmək məqsədilə hər cür dəstəyi göstərməkdə davam edəcək.
NATO baş katibinin sözlərinə görə, onlar “Gürcüstanda müdafiə, hüququn aliliyi, demokratik institutların inkişafı ilə bağlı islahatların gedişatını diqqətlə izləyəcəklər”. Rasmussen eyni zamanda Gürcüstanda korrupsiyaya qarşı mübarizəni və bu istiqamətdə əldə olunan nailiyyətləri, həyata keçirilən demokratik islahatları, iqtisadi artımda baş verən müsbət tendensiyaları yüksək qiymətləndirib.
Qeyd edək ki, NATO baş katibi bugün də görüşlərini davam etdirəcək. O, parlamentin sədri David Bakradze və xarici işlər naziri Qriqol Vaşadze ilə görüşəcək. Nümayəndə heyətinin müxalifət, KIV və QHT təmsilçiləri ilə görüşləri də planlaşdırılıb. Prezident Mixail Sakaşvili ilə Anders Foq Rasmussenin görüşü isə Batumidə baş tutacaq.

 

Rəşad Alp