Şahlar Əsgərova xəbərdarlıq edilib

Keçmiş deputatın çıxışında Ramiz Mehdiyevə işarə vurması YAP rəhbərliyinin xoşuna gəlməyib

YAP-ın Idarə Heyətinin üzvü, keçmiş deputat Şahlar Əsgərova Ziyalılar Forumunun ötən həftə keçirdiyi tədbirdəki çıxışına görə xəbərdarlıq edilib. Bu barədə “Azadlıq”a daxil olan məlumata görə, tədbirdən sonra Şahlar Əsgərov YAP-ın icra katibi Əli Əhmədovun qəbulunda olub. Əli Əhmədov ona “yuxarılar”ın adından xəbərdarlıq edib.
Xatırladaq ki, Şahlar Əsgərov çıxışında Azərbaycanda milli birlik problemi olduğunu deyərək bunu dövlət idarəetmə sistemində sovet təfəkkürlü insanların mövcudluğuyla əlaqələndirib. Keçmiş deputat deyib ki, ilk növbədə bu insanların təfəkkürü dəyişməlidir. “Köhnə təfəkkürlə irəli getmək çətindir, təfəkkürümüz dəyişməlidir. Hər kəsin yaxşı mənada dəyişməsini arzu edirəm”, – deyə o, vurğulayıb.
Şahlar Əsgərov ad çəkməsə də, onun hakimiyyətin siyasi xəttini yönətən Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin bostanına daş atdığı aydın şəkildə sezilir. PA rəhbəri Azərbaycan hakimiyyətində sovet nomenklaturasından qalma nadir nüsxə hesab olunur. Hətta hakimiyyət dəhlizlərində belə, onun idarəetmə metodu əski üsul-idarəyə bənzədilir.
Şahlar Əsgərovun məhz Ramiz Mehdiyevi nəzərdə tutması qənaətinin formalaşması həm də keçmiş deputatın PA rəhbərilə münasibətlərində problem olmasından irəli gəlir. Onun növbəti dəfə deputat seçilməməsi də PA rəhbərinin əməyi sayılır. Ehtimal etmək olar ki, Şahlar Əsgərov bu cür çıxışlarını davam etdirəcəyi təqdirdə YAP-dan uzaqlaşdırılacaq.

Informasiya şöbəsi