“Hakimiyyət bu addımlarla özünü uçuruma aparır”

Gözəl Bayramlı: «İqtidarın etirazçı insanlara bu cür yanaşması nə onların özünə, nə də Azərbaycana yaxşı heç nə vəd etmir»

«Ziyalıların yumruq kimi birləşib ayağa qalxmasının zamanıdı»

Avropaya inteqrasiya yolunu tutduğunu bəyan edən iqtidar ölkə daxilində ənənəvi siyasətini davam etdirir. Son günlər curnalistin həbsi, həmçinin ziyalıların forumunda səsləndirdiyi fikrə görə akademikin işdən azad edilməsi bunu deməyə əsas verir. Baş verənlərlə bağlı AXCP sədrinin müavini Gözəl Bayramlının fikirləri ilə tanış olduq.

– Hakimiyyətin dünyadakı proseslərə əhəmiyyət vermədən ənənəvi siyasətini davam etdirməsi, siyasi məhbusların sayını artırması nəyə hesablanıb?
– Ümumiyyətlə bu, reallığa uyğun olmayan siyasətdir. Siyasətin qaydası belədir ki, dediyinlə əməllərin bir birinə uyğun gəlməlidi. Azərbaycanın qoşulduğu beynəlxalq təşkilat qarşısında öhdəlikləri var. Bunlar yerinə yetirilməlidir. Dəfələrlə bununla bağlı hökumətə müraciətlər olunub. Bəzən hakimiyyət təmsilçiləri öhdəlikləri yerinə yetirdiklərini bəyan edir. Ancaq əslində gönürür ki, nəticədə belə deyil. Azərbaycan hakimiyyətinin davranışı, onların apardığı siyasət sözləri ilə əməllərinin uyğun gəlmədiyini göstərir. Bir yandan deyirlər ki, Azərbaycanda siyasi məhbus yoxdu, ölkədə demokratiya inkişaf edib. Onun ardınca da azad fikrini ifadə etdiyinə görə bir jurnalist yenidən həbsə atılır. Necə iddia etmək olar ki, Əvəz Zeynallının həbsi siyasi motivli deyil. Bu adam yazısının qurbanı olub. Bu, mətbuatda da, sosial şəbəkələrdə də yayıldı. Yazı da sırf hakimiyyətin tənqidinə yönəlmişdi. Əslində reallığa söykənən yazı, fikirlər idi. Belə olan halda, ölkədə siyasi məhbusun olmadığını iddia etmək mümkün deyil. Ölkədə xeyli sayda siyasi məhbus var. Bu məsələni beynəlxalq təşkilatlar da hakimiyyətin qarşısında qoyub. Digər məsələlərdə də hakimiyyətin atdığı addımlar bu şəkildədi. Məsələn, 2012-ci ildə Azərbaycanda “Avroviziya” yarışması keçiriləcək. Hakimiyyətin atdığı addımlar buna uyğun deyil. Iqtidar beynəlxalq təşkilatların, ictimaiyyətin təpkiləri qarşısına bu qədər dirəniş göstərir. Yaxşı prinsiplərə dirəniş göstərmək müsbət haldı. Amma cəmiyyətə qarşı dirəniş göstərmək siyasi hakimiyyətə yaraşmayan bir addımdı. Cəmiyyətin, beynəlxalq aləmin tələbidir ki, “Avroviziya” keçirilən, ümumiyyətlə, özünü demokratik hesab edilən ölkədə söz azadlığına, demokratik prinsiplərə hörmət olunmalıdır. Amma hakimiyyət həmişə bunlardan uzaq olduğunu göstərir. Reallığa uyğun gəlməyən addımlar atır.

– Ziyalılar forumu keçirildi və adətən passivlikdə qınanan ziyalılar mövqelərini ortaya qoydu. Ziyalıların fəallaşması hakimiyyətə nə vəd edir və bunun davamı olacaqmı?
– Əslində, bu, yeni situasiyadır. Artıq çoxdan atılmalı bir addım idi. Bunu təqdir edirəm. Ölkənin gələcəyini düşünən, onun problemlərindən narahatçılıq keçirən ziyalı hər zaman sözünü ifadə etməlidir. Bu baxımdan ziyalıların forumunu müsbət qiymətləndirirəm. Artıq ziyalılarımız susmağın bu ölkəyə yaxşı heç nə vəd etmədiyini dərk etdilər və hərəkətə keçdilər. Bunun davamının olacağı düşüncəsindəyəm. Çünki başqa cür ola bilməz. Özünü ziyalı hesab edən kəs insanların yol göstərəni olmalıdır. Problemlərə ən aydın fikri ziyalı ifadə etməlidir. Hər zaman səslənən fikri müxalif mövqe kimi qiymətləndirirlər. Ancaq bu gün ziyalı dilə gəldi. Bu, normal haldı. Əslində bu, çoxdan baş verməli idi. Baxmayaraq ki, hakimiyyətin buna reaksiyası sərt oldu. Akademik Rafiq Əliyevin işdən çıxarılmasına cəmiyyətin də münasibəti sərtdi. Akademik ürəyinin səsi ilə ziyalıların forumuna qatılıb öz fikrini səsləndirdiyinə görə işdən azad edilib. Biz Rafiq Əliyevi müdafiə edirik. Bundan sonra da işdən azad olunanlara, repressiyaya məruz qalan hər kəsi müdafiə edəcəyik. Amma ziyalıların yumruq kimi birləşib ayağa qalxmasının zamanıdı. Çünki Rüstəm Ibrahimbəyovun təbirincə desək, bundan oyana susa bilmərik. Susmağın artıq yeri yoxdu. Susmaq zamanı deyil. Ziyalılar dilə gəlməlidir.

– Adətən etiraz edən qüvvələri iqtidar hakimiyyətə can atan qüvvələr kimi təqdim edirdi və xalqın onların yanında olmadığını deyirdi. Lakin artıq bu təbliğatın darmadağın olduğu göz qabağındadır. Baş verənlər, müxalif mövqedə olanların sayının artması hakimiyyətə nə vəd edir?
– Etirazçılar xalqın fikrini ifadə etmir deməklə hakimiyyət yenə də yanlışlığa yol verir. Azərbaycanda seçki demokratik olmasa da, xalq müxalifətə səs verir. Deməli, biz xalqın səsini ifadə edirik. Hakimiyyətin belə mövqeyi ölkənin gələcəyinə yaxşı heç nə vəd etmir. Həm də hakimiyyət bu addımlarla özünü uçuruma aparır. Etirazı dəyərləndirmək lazımdı. Ictimai-siyasi fəal insanlar ölkənin taleyini düşünür. Bu ölkədə həyatını bu millət, bu ölkə üçün mübarizəyə həsr edən on minlərlə insan var. Bunların başqa marağı yoxdu. Biz ölkənin taleyi üçün narahatıq. Bu da bizim vətəndaşlıq hüququmuzdu. Çünki Azərbaycan hakimiyyəti bu ölkəni uçuruma aparır. Iqtidarın etirazçı insanlara bu cür yanaşması nə onların özünə, nə də Azərbaycana yaxşı heç nə vəd etmir.

– Hakimiyyət Avropaya inteqrasiya yolunu tutduğunu bəyan etsə də, ölkə daxilində yürütdüyü siyasət buna uyğun deyil. Belə ziddiyyətin perspektivi nədi?
– Bu yolun özü də ziddiyyətlədi. Son təlatümlər, regionda baş verənlərdən sonra hakimiyyət Avropaya inteqrasiya kursunu götürdüyünü elan etdi. Avropanın bir hissəsi olduğumuzu anlayır. Amma davranışları ilə bunun əksini sübut edir. Avropaya interqasiya olunmaq istəyiriksə, öhdəliklərə əməl etməli, demokratik dəyərlərə qiymət verməliyik. Sözdə Avropaya inteqrasiya yolunu tutduğunu deyib əməldə bunu hiss etdirmirsə, onda bu imitasiya siyasəti kimi görünür. Bu məsələdə də hakimiyyət səmimi deyil. Azərbaycan Avropanın bir parçasıdı. Biz o istiqamətdə getməli, demokratik dünyanın dəyərlərini Azərbaycana gətirməliyik. Biz əgər xalqımızın, ölkəmizin gələcəyini düşünürüksə, o dəyərlərə hörmət edib onları ölkəmizə gətirməli və həmin istiqamətdə hərəkət etməliyik. Çox arzulayırdım ki, Avropaya inteqrasiya məsələsində hakimiyyət səmimi olsun. Amma onu görə bilmirəm.

– Türkiyə ilə münasibətlərin istiləşdiyi hiss olunur. Belə fikir var ki, hakimiyyət buna getməyə məcbur olub. Hakimiyyətin qardaş ölkə ilə indiki münasibətləri nə dərəcədə səmimidi?
– Hakimiyyət bir çox məsələlərdə Türkiyə ilə qeyri-səmimi olduğunu ortaya qoyub. O cümlədən viza məsələsini göstərmək olar. Qardaş ölkə ilə viza rejiminin aradan götürülməməsi münasibətlərə uyğun gəlmir. Türkiyənin neçə ölkə ilə vizasız gediş-gəlişi olduğu halda, ən yaxın dostu olan Azərbaycanla viza rejimi mövcuddu. Bu da münasibətlərə uyğun gəlmir. Türkiyə rəhbərliyinin bir sıra sərt bəyanatlarına görə artıq hakimiyyət bəzi məsələlərdə geri çəkilməli oldu. Amma yenə də hakimiyyətin Türkiyəyə münasibətdə qeyri-səmimiliyi göz qabağındadır.

Fizzə