İki məmur arasında metro savaşı gedir

Ziya Məmmədov Tağı Əhmədovun biznes imperiyasını ələ keçirmək istəyir

 

Nəqliyyat naziri Ziya Məmmədov hakimiyyətdəki mövqelərini möhkəmləndirdikcə iddiaları da artır. Əldə etdiyimiz məlumatlara görə, “Azal”ın prezidenti Cahangir Əsgərovla Xəzər Dəniz Gəmiçiliyi Idarəsinin(XDGI) rəisi Aydın Bəşirovu küncə sıxışdıran nəqliyyat naziri artıq Bakı Metropolitenini də ələ keçirmək istəyir. Oxucuların diqqətinə çatdıraq ki, “Azal” və XDGI Nəqliyyat Nazirliyinin tərkibində olsalar da, həm Cahangir Əsgərov, həm də Aydın Bəşirov hər zaman özlərini müstəqil aparıblar. Hətta o səviyyədə ki, Nazirlər Kabinetində Ilham Əliyevin sədrliyi ilə keçirilən müşavirələrdə Cahangir Əsgərovla Aydın Bəşirov da nazirlərlə yanaşı əyləşib. Lakin oktyabrın 24-də dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirədə hər iki məmur görünmədi. Həm “Azal”ın, həm də XDGI-nin fəaliyyəti ilə bağlı Ziya Məmmədov məlumat verdi. Bununla da aydın oldu ki, artıq nəqliyyat naziri rəqiblərinə yerini göstərə bilib.
Məlumatlarda deyilir ki, bundan sonra Ziya Məmmədov Bakı Metropoliteni ilə bağlı iddialarını “yuxarılar”ın diqqətinə çatdırıb. Nəqliyyat naziri metropolitenin rəhbərlik etdiyi qurumun tərkibinə daxil edilməsini nəqliyyatda vahid kart sistemilə əsaslandırıb. Nazir hesab edir ki, vahid kart sisteminə keçid metropolitenin də Nəqliyyat Nazirliyinin tərkibinə daxil edilməsi zərurəti yaradır.
Məlumatlarda o da bildirilir ki, əgər Ziya Məmmədovun istəyi baş tutsa, metroda gediş haqqı artırılaraq şəhərdaxili marşrutdakı qiymətlərlə bərabərləşdirələcək.
Bakı Metropoliteninin Ziya Məmmədovun nəzarətinə verilməsi bu qurumun rəhbəri Tağı Əhmədovun iri biznes imperiyasını itirməsi demək olacaq. Çünki bu gün metro həm də iri biznes strukturudur. Təkcə metronun əhəmiyyətli reklam bazarı olması milyonlarla manat gəlir deməkdir. Biz hələ onun keçidlərinin ticarət mərkəzlərinə çevrilməsini demirik.

 

Informasiya şöbəsi