Partiya yetkililəri bayramda 13 vicdan məhbusunun ailələrini tək qoymadı
Qurban bayramı günlərində AXCP rəhbərliyi Bakıda yaşayan 13 vicdan məhbusunun ailəsinə baş çəkib. Bu barədə “Azadlıq”a AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verib. Görüşlərdə Gözəl Bayramlı ilə yanaşı, AXCP Ali Məclis sədrinin müavini Iradə Əliyeva, partiyanın Təşkilat Komissiyasının üzvü Təhməz Təhməzov və Siyasi Məhbus Ailələri Komitəsinin sədri Arzuman Məcidli də iştirak edib.
G.Bayramlının sözlərinə görə, belə bir aksiyanın təşkilində məqsəd məhbus ailələrinə onların tək olmadığı mesajını, həmçinin AXCP sədri Əli Kərimlinin, Ictimai Palata rəhbərliyinin təbriklərini çatdırmaq idi: “Biz bayram günlərində onları ziyarət etməklə nümayiş etdirmək istədik ki, vicdan məhbuslarını, onların ailələrini həm cəmiyyətimiz, həm də siyasi partiya üzvlərimiz dəstəkləyir”.
AXCP rəhbərliyinin bu addımını məhbus ailələri də müsbət qiymətləndiriblər. Deyiblər ki, onlar da toplumun siyasi məhbusların arxasında olduğunu bilirlər.
Gözəl Bayramlının sözlərinə görə, bu cür təşəbbüslər tez-tez həyata keçirilməlidir: “Biz siyasi məhbus ailələrinə dayaq olmalıyıq. Çünki bu ailələr ölkənin sabahı, millətin gələcəyi uğrunda mübarizə aparan ərlərinə, övladlarına dayaq olmağı bacardılar. Nəzərə almalıyıq ki, əziz bayram günlərində ailə başçısı, övladları evdə yoxdursa, deməli, biz onların yanında olmalıyıq”.
Azərbaycanda siyasi məhbus probleminin həll olunmamasının ölkəmizə başucalığı gətirmədiyini deyən G.Bayramlı vurğuladı ki, yaxın vaxtlarda Azərbaycanın bölgələrində yaşayan siyasi məhbus ailələrinə, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının da ailəsinə baş çəkəcəklər.
Xəyal