Türkiyə xüsusi təyinatlıları PKK-çı ovunda

«Bordo beretlilər» terror təşkilatının rəhbərliyində təmsil olunanları zərərsizləşdirmək üçün Iraqa girdi

Hakkarinin Çukurca vilayətində 24 əsgərin şəhid edilməsindən sonra Türkiyə silahlı qüvvələrinin PKK terror təşkilatına qarşı hərbi əməliyyatları çərçivəsində “Bordo beretlilər” adlı xüsusi təyinatlı dəstənin Iraqın şimalına daxil olduğu haqda məlumat yayılıb.
Türkiyə mətbuatının xəbərinə görə, 17 nəfərlik xüsusi təyinatlı qrupun əsas hədəfi PKK rəhbərliyində təmsil olunan terrorçuların ələ keçirilməsi və ya zərərsizləşdirilməsidir. Onlar arasında PKK-nın “iki nömrəli adamı” sayılan Murat Karayılan, Zap düşərgəsində olduğu güman edilən, terror təşkilatının Suriya təmsilçisi “Bahoz Erdal” kod adlı Fəhman Hüseyn, Duran Kalkan, Ape Hüseyn və Sabri Ok da var. “Bordo beretlilər”in həmin şəxslərdən ən azı birinin həbs olunaraq Türkiyəyə gətirilməsinə dair verilən qəti qərarın icrası məqsədilə Iraqın şimalına daxil olduğu bildirilir.
Xatırladaq ki, son olaraq Bingöldə mülki vətəndaşları hədəfə alan terror aktı zamanı 2 dinc vətəndaş həyatını itirib. Çukurca hücumundan sonra Bingöldə həyata keçirilən terror aktının əmrini də “Bahoz Erdal” kod adlı Fəhman Hüseynin verdiyinin sübut olunması həm xüsusi təyinatlı polisi, həm də xüsusi təyinatlı ordu birləşmələrini hərəkətə gətirib. “Bordo beretlilər” də məhz PKK rəhbərliyində təmsil olunan və son terror olaylarının həyata keçirilməsi əmrini verənləri cəzalandıracaqlar.
Bu arada, Türkiyədə həyata keçirilən qanlı olaylarla bağlı təlimat verən “Bahoz Erdal” kod adlı Fəhman Hüseynin yaralı olması haqda xəbərlər yayılıb. Türkiyənin kəşfiyyat orqanları Fəhman Hüseynin türk qırıcılarının Şimali Iraqdakı PKK düşərgələrini bombaladıqları zaman yaralandığını bildirib. PKK-nın Qəndil dağındakı simsiz rabitə qovşağından terror təşkilatının bütün üzvlərinə Fəhman Hüseynlə əlaqə saxlamağa cəhd göstərməmək tapşırığı verilib və buna cəhd göstərəcək şəxslər təhdid olunub.