İlham Əliyev komandasının təzyiq üsulları da köhnədir

Daxili Işlər Nazirliyinin mətbuat xidmətində çalışan Ehsan Zahidov çox maraqlı bir açıqlama ilə çıxış edib. Əvəz Zeynallının qardaşı Raufun, dayısı oğlu Rəşadın eyni gündə – oktyabrın 20-də polis orqanlarından xaric edilməsini “ümumi tədbirlər” kontekstində, “qlobal miqyasda” əsaslandırmağa uğursuz və biabırçı şəkildə cəhd edən hörmətli Zahidov bildirib ki, bunlar təsadüfdür.

Deməli, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunur, 20-də Əvəz Zeynallı haqqında Ədliyyə Nazirliyi 306.2-ci maddə ilə cinayət işi açır, həmin gün Rauf Zeynalovdan “zəhmətkeş şikayəti” daxil olur və Gəncə şəhər Baş Polis Idarəsində yoxlamalar başlayır, on dəqiqə davam edən “yoxlama” nəticəsində fakt təsdiqini “tapır”, adam işdən qovulur. Elə həmin gün Rəşad Zeynalov idarə etdiyi xidməti avtomobili icazəsiz lazım olmayan ünvana “sürür”, yenə “yoxlama” başlayır, yenə fakt təsdiqini tapır və o da işdən qovulmaqla cəzalandırılır… Və bütün bunların oktyabrın 20-də baş verməsi təsadüf sayılır.
Bunların təfəkkürü, düşüncəsi budur – 37-ci ildən bəri manqurtlaşmış zümrə təzə nəsə icad eləyə bilmir. Adamı daha istedadla tutmağı da bacarmırlar – ancaq üzə adam durğuzmaq, cibinə narkotik atmaq, şərləmək, qohumlarını işdən qovmaq, təzyiq etmək… Başqa forma ağıllarına gəlmir ki! Başqa cür düşünməyi bacarmırlar ki!
4 il əvvəl eyni prosesi yaşamışam. Yanvarın 14-də işlədiyim AMEA Folklor Institutunun direktoru Hüseyn Ismayılovun otağına çağırıldım. Tələbə yoldaşlarım və dostlarım daxil, geniş “qanqaraçılıq” vardı. Hamı qorxurdu ki, yazdığım kitabda Heydər Əliyevi tənqid etdiyimə görə baş verən təzyiq institutu yerlə yeksan edəcək. H.Ismayılov vəzifəsini qorumaq üçün elə həmin gün məni işdən əmrlə qovdu. Heç Həmkarlar Ittifaqının rəyini almağı da lazım bilmədi və məhkəməyə verdi. Nə zarafatdır, AMEA rəhbəri Mahmud Kərimov şəxsən zəng etmişdi ki, Ramiz Mehdiyev təcili tədbir görülməsini istəyir. Tədbir görülməzdimi?
15 gün keçmədi, həyat yoldaşımı da direktor institutdan xaric etdi, dissertasiya işini seminardan çıxardı, müdafiəyə imkan vermədi.
Qarşılıqlı iddia verdim. Ilahi, böyük bir coşquyla sənəd saxtakarlığına girişmədilərmi? H.Ismayılov işə gəlmədiyimi sübut etmək üçün 3 aylıq davamiyyət jurnalını dəyişdirmədimi? Həmkarlar Ittifaqının yanvarın 14-nə iclası “təyin” olunmadımı?
Institutun 224 nəfərlik heyəti davamiyyət jurnallarını yenidən imzaladılar, Həmkarlar Ittifaqının “iclas” protokolundan çıxarış hazırlandı. Bircə nəfərin cəsarəti çatmadı deyə ki, bu jurnalları niyə dəyişirsiniz, axı, olmayan iclas protokolunu niyə imzalamalıyam?
Kollektiv əleyhimə mətbuat konfransı keçirdi, tələbə yoldaşlarım məni şərləyən yazılar yazdılar. Haqqımda “zəhmətkeş məktubları” MTN-ə yollandı. Nə imiş suçum? H.Ismayılov vəzifəsini qorumaq və Ramiz Mehdiyevə kölə xidməti göstərmək istəyir.
Nəticə nə oldu? Vəzifəsini qoruya bildimi H.Ismayılov?
Cəmi 4 aydan sonra H.Ismayılov beyin insultu keçirdi, 4 ilə yaxındır ki, müalicə alır (Sidq ürəklə Allahdan Hüseyn müəllimə şəfa diləyirəm ki, o, haqqın təntənəsini öz gözlərilə görsün!). Bu il oktyabrın 10-da isə AMEA Rəyasət Heyətinin qərarı ilə artıq fəaliyyəti faktiki olaraq məhdudlaşan H.Ismayılov direktor vəzifəsindən çıxarıldı. Əleyhimə yazanların da aqibətindən xəbərdaram, inşallah, vaxt gələr, məlumat verərəm.
Dəhşət odur ki, Şərə xidmətlə karyeralarını qorumaq və dördəlli vəzifədən yapışmaq istəyən bu insanların dilindən çıxan söz də eynidir. Raufa “qardaşın hörmətli prezidentimizin əleyhinə yazı yazır, sənə bizim aramızda yer yoxdur” deyiblər.
Rauf Zeynallıya məhz bu cür deyildiyinə adım kimi əminəm. Çünki həyat yoldaşıma da buna bənzər söz deyilmişdi: “Ərin ümummilli liderimizin əleyhinə yazı yazır, sən burda necə işləyə bilərsən, səni dissertasiya müdafiəsinə necə buraxa bilərik?”
Sistemin mahiyyəti budur, Azərbaycanın siyasi hakimiyyət elitası başqa cür düşünə bilmir! Amma Ilham Əliyevin qanunsuz göstərişlərinə və Ramiz Mehdiyevin təlimatlarına qul və kölə kimi xidmət edən bu insanlar hələ də bilmirlər ki, imanlı, inamlı və allahlı olmaq lazımdır, sabah nə baş verəcəyini Allahdan başqa kimsə bilmir. Əvəz Zeynallının qardaşını, dayısı oğlunu işdən qovan general Rasim Musayev “vəzifəsini qorumaq” niyyətindədir. Bacaracaqmı? Onu Allah cəzasından Ilham Əliyevin siyasi göstərişilə Ramiz Mehdiyevmi qoruyacaq?
Allahsızlar dərk etmirlər ki, insanı aclıqla sınağa çəkib onu alçaq işlərə vadar edən Şeytandır (Əl-Bəqərə surəsi, 268-ci ayə!) Allaha sığınmaq əvəzinə, Şərin xidmətçisinə çevrilməklə özlərini qoruduqlarınımı zənn edir bu binəvalar…