İran “Eurovision” yarışmasını poza bilər

Hakimiyyət Tehranın müsabiqə ərəfəsində təxribatlar törədəcəyindən ciddi narahatdır

Azərbaycan hakimiyyəti Iranın Bakıda keçiriləcək “Eurovision – 2012” Mahnı Müsabiqəsinin baş tutmaması istiqamətində hansısa addımlar atacağından narahatdır. ”Azadlıq”a daxil olan xəbərə görə, bu barədə hakimiyyətdə ciddi məlumatlar var.
Bildirilir ki, rəsmi Bakı bu istiqamətdə məlumatlar əldə etdikdən sonra Iranın rəsmi qurumları ilə əlaqəyə girib. Bəzi məlumatlara görə, Azərbaycan hökuməti Qafqaz Müsəlmanları Idarəsinin rəisi, şeyxülislam Allahşükür Paşazadəni qonşu ölkənin rəsmiləri ilə danışıqlar aparmağa vəkil edib. Danışıqlar zamanı Iran rəsmilərinin diqqətinə çatdırılıb ki, Azərbaycan Islami dəyərlərə sayğı ilə yanaşan bir ölkədir. Bunun sübutu kimi ötən il Bakının Islam mədəniyyətinin paytaxtı elan olunması göstərilib. Lakin Azərbaycan hakimiyyəti danışıqlarla kifayətlənməyib.
Məlumatlarda deyilir ki, Iranın mədəniyyət nazirinin ölkəmizə dəvət edilməsi və Bakıda Iran kino günlərinin keçirilməsi Azərbaycan hakimiyyətinin məlum narahatlığından irəli gəlib. Hakimiyyət bununla Irana bir növ jest edib. Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev iranlı həmkarı ilə söhbətdə də rəsmi Bakının narahatlığını dilə gətirib. Bu danışıqların hər birində Iran rəsmiləri narahatlığa heç bir əsas olmadığını bildirsələr də, Azərbaycan hakimiyyətinin rəsmi Tehranın təxribatları barədə şübhələri aradan qalxmayıb. Ona görə də hakimiyyət ehtiyat tədbirləri görməyi qərara alıb. Bu günlərdə dini qanunvericiliyə edilən dəyişikliklər bu tədbirlərin tərkib hissəsi sayıla bilər. Ekspertlər də hesab edir ki, sözügedən dəyişikliklər dini kontingenti nəzarətə almaq məqsədi daşıyır. “Təsəvvür edin, internet əsrində qadağan olunmuş ədəbiyyata görə cinayət məsuliyyəti nəzərdə tutulur. Bu, gülünc bir məsələdir. Həmin kitablar internetdə də tirajlana bilər və tirajlanır. Əhali də sərbəst şəkildə o kitabları internetdən oxuya bilir. Ona görə də bu dəyişikliyin heç bir mənası yoxdur. Bu, dindarları nəzarətə götürmək, lazımı vaxtda onları həbs etmək üçün düşünülmüş bir addımdır”, – deyə ekspertlər vurğulayıb.

İnformasiya şöbəsi