Məmməd Mikayılov Nəsimidən Suraxanıya rəis göndərildi
Nəsimi rayon Polis Idarəsinin rəisi Məmməd Mikayılov tutduğu vəzifədən azad edilərək bir neçə gün əvvəl təqaüdə göndərilmiş Suraxanı rayon Polis Idarəsinin rəisi Etibar Qazıbəyovun yerinə təyin edilib. “Qafqazinfo”nun məlumatına görə, Xəzər rayon Polis Idarəsinin rəisi Musa Musayevin isə vəzifəsi dəyişdirilərək Nəsimi RPI-yə rəis təyin olunub.
Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bu barədə əmrin olmadığını bildirsə də, təyinat olan rayon polis idarəsindən faktı təsdiqləyiblər.
Ekspertlər Məmməd Mikayılovun yeni təyinatını onun karyerasının enişi kimi qiymətləndirirlər. Onların fikrincə, generalın mərkəzdən ucqar rayona rəis göndərilməsi daxili işlər naziri Ramil Usubov tərəfindən daha da sıxışdırılması kimi başa düşülməlidir.
Oxucuların diqqətinə çatdıraq ki, Məmməd Mikayılovla Ramil Usubovun münasibətləri o qədər də ürəkaçan deyil. Məhz bu münasibətlərə görə Məmməd Mikayılov yeganə generaldır ki, rayon polis idarəsinin rəisidir. Bu, daxili işlər orqanlarında onun rütbəsi üçün kifayət qədər aşağı vəzifə hesab edilir.