Fuad Qəhrəmanlı: «Qərblə yaxınlaşma Azərbaycanın kiminsə himayəsinə girməsi yox, müstəqilliyimizin təminatlarının möhkəmlənməsidir»
Dövlət başçısı Ilham Əliyev Ucara səfəri zamanı çıxışında bir sıra maraqlı mesajlar verib. Azərbaycanın Təhlükəsizlik Şurasında yürüdəcəyi siyasətə aydınlıq gətirən I.Əliyev ölkəmizin tutacağı mövqeylə bağlı konkret fikir söyləməyib: “Bizə inanan tərəfdaşlarımızın, dost olan ölkələrin ümidlərini də doğruldacağıq. Biz dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasında sadiq olduğumuz prinsipləri müdafiə edəcəyik. Ilk növbədə ədaləti müdafiə edəcəyik. Biz bütün işlərə ədalət nöqteyi-nəzərdən yanaşırıq”. Azərbaycanın TŞ-də Fələstin, Suriya və Iran kimi dövlətlərlə bağlı məsələlərə münasibət bildirəcəyi nəzərə alınarsa, rəsmi Bakının konkret baxışlarının olmaması kifayyət qədər ciddi qüsurdur.
I.Əliyevin ikinci mesajı isə Azərbaycanın xarici siyasət kursu ilə bağlıdır. Demokratik qüvvələr Azərbaycanın Avroatlantik məkana, NATO-ya inteqrasiya kursu seçməsini tələb etdiyi halda I.Əliyev bu istəyi başqa cür təqdim edir. I.Əliyev Avropaya inteqrasiyanı hansısa bir xarici qüvvənin qanadı altına girmək kimi təqdim edir: “Bəzi hallarda tənqidi xarakterli fikirlər səsləndirirdilər ki, Azərbaycanın tarazlaşdırılmış siyasəti yanlış siyasətdir. Azərbaycan hansısa bir qüvvəyə yaxın olmalıdır, hansısa qüvvənin qanadı altına keçməlidir. Təhlükəsizlik Şurasına səsvermə göstərdi ki, yeganə düzgün siyasət Azərbaycan siyasətidir. Bu, balanslaşdırılmış siyasət deyil. Mən bunu bir daha demək istəyirəm ki, bu, müstəqil siyasətdir”.
Azərbaycanın TŞ-də siyasətinin necə olacağını indidən söyləməyin çətin olduğunu deyən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, indidən əsas hədəfləri müəyyənləşdirmək lazımdır. Bunun isə xarici siyasətin əsas prioritetləri bilindiyi halda, mümkün olduğunu deyən F.Qəhrəmanlı vurğuladı ki, Azərbaycanın istər təhlükəsizlik, istərsə də iqtisadi sahədə xarici siyasətində qeyri-müəyyənliklər, təzadlar kifayət qədərdir: “Bu onu göstərir ki, Azərbaycanın xarici siyasəti ümumi dövlət maraqları əsasında deyil, dövlət başçısının subyektiv fikirləri əsasında müəyyənləşdirilir. Bu özünü onda göstərir ki, məsələn, Rusiya ilə münasibətlərin səviyyəsi, xarakteri Qərblə müəyyənləşdirilmiş hədəflərə uyğun gəlmir. Yaxud da WikiLeaks-dən də görünür ki, Azərbaycan regionda heç də qonşuları ilə normal münasibətlər qura bilməyib. Təhlükəsizlik sahəsində iki təhlükəsizlik sistemi mövcuddur – biri KTM, digəri isə NATO. Azərbaycan Qarabağ probleminin həllinə kömək edə biləcək seçimi etməkdən, əksinə Qoşulmayan Ölkələr Ittifaqına daxil olur. Bu zaman isə Azərbaycan hərbi müttəfiq tapmaq imkanından məhrum edilir”.
Azərbaycanın strateji müttəfiqlərinin kim və strateji hədəflərinin nədən ibarət olduğu ilə bağlı qeyri-müəyyənlik olduğunu deyən F.Qəhrəmanlı bildirdi ki, ona görə BMT TŞ-də da Azərbaycanın mövqeyinin nədən ibarət olacağı bu siyasətinS bir növ davamı olacaq.
F.Qəhrəmanlının sözlərinə görə, Azərbaycanın xarici siyasətində ən ciddi problem iqtidarın şəxsi maraqlarını dövlət maraqlarının üstünə qaldırmasındadır. Bu zaman isə bir çox hallarda dövlət maraqlarımıza zidd münasibət ifadə olunur: “Azərbaycan avtoritar ölkələrə daha sıcaq münasibət sərgiləyir. Bu kontekstdə Azərbaycan BMT Təhlükəsizlik Şurasında bu mövqeyi sərgiləyəcək. Məsələn, Suriya məsələsinə münasibətdə Azərbaycanın demokratik dünya ilə səsləşən mövqe bildirəcəyi gözlənilmir. Digər tərəfdən, Azərbaycanın bir o qədər xarici siyasət təcrübəsi də yoxdur ki, mühüm beynəlxalq məsələlərə münasibətdə səriştəli mövqe sərgiləsin”.
I.Əliyevin Azərbaycanın Qərbə inteqrasiyası ilə bağlı zəruri addımları cəmiyyətə başqa cür təqdim etməyə çalışmasına da münasibət bildirən F.Qəhrəmanlı vurğuladı ki, dövlət başçısı Avroatlantik məkana inteqrasiyanı kiminsə qanadının altına girmək kimi izah edir. Azərbaycanın hazırda Rusiyanın təsiri altında olduğunu deyən AXCP yetkilisi qeyd etdi ki, bu yaxınlarda rəsmilər etiraf də etdilər ki, Türkiyə ilə viza rejimi Irandan gələn təhdid üzündən ləğv olunmur: “Budurmu müstəqil siyasət? Əslində Azərbaycanın Qərbə inteqrasiya etməməsi təhlükəsizlik baxımından Azərbaycanı zəif dövlət kimi göstərir. Zəif dövlətlərə isə böyük dövlətlər, qonşularımız Rusiya və Iran iradəsini qəbul etdirə bilir. Burada inteqrasiya, Qərblə yaxınlaşma Azərbaycanın kiminsə himayəsinə girməsi yox, Azərbaycanın müstəqilliyinin təminatlarının möhkəmlənməsidir.
Azərbaycanın Qərbə inteqrasiyası ləng gedir. ”Şərq tərəfdaşlığı” proqramı çərçivəsində öhdəliklər yerinə yetirilmir, NATO ilə əməkdaşlıq tamamilə dondurulub. Bu isə o deməkdir ki, təhlükəsizliyin təmini çox aşağı səviyyədədir. Iqtisadi sahədə isə Rusiyadan çəkingənlik üzündən NABUCCO ilə bağlı mövqe ifadə oluna bilmir. Demokratik qüvvələrin istəyi də Qərbə inteqrasiya yolu ilə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsidir. Nəinki balanslaşdırılmış siyasət adı altında Rusiya və Irandan asılı vəziyyətə düşmək”.
Hikmət