Həftənin hit paradı

1. Rəbiyyət Aslanova, MM-in deputatı: “Il ərzində Amerikaya 50 min seksual zorakılığa məruz qalan qadın göndərilir və cinsi zorakılığa məruz qalırlar. Biz də onların gördüyü işi onlara qarşı yönəltməliyik. Onları ittiham etməliyik ki, onlar da bizlə bərabərtərəfli danışsınlar”.

Azərbaycan dilinin yeni versiyasında (!) səslənən bu fikirlərdən güclə başa düşmək olur ki, deputat xanım demək istəyir ki, ey imperialist Amerika, bu sahədə sizə çatmışıq, daha niyə paxıllığımızı çəkirsiniz?
2. Oktay Əsədov, həmin MM-in spikeri: “Şikayət göndərmək bizə SSRI-dən miras qalıb. Moskvaya ”meşok”larla şikayət gedirdi. Indi də AŞ-a gedir. Bu imicin yaranmasında günahkar özümüzük. Daxilimizdə mübarizə aparmalıyıq”.
Əvvəla cənab spikerin nəzərinə çatdırmalıyıq ki, o dövrdə hakimiyyətdə Heydər Əliyev olub. Ikincisi, düz buyurursunuz ki, günahkar özümüzük.
O ki qaldı mübarizəyə, yəqin yeni həbsxanaların tikilməsini nəzərdə tutursunuz.
3. Zahid Oruc, MM-in üzvü: “M.Qəzzafi ölümü ilə liviyalılar üzərində mənəvi qələbə qazandı”.
Mən bu “mənəvi məğlubiyyət”ləri bütün despot rejimində yaşayan xalqlara arzu etməklə bərabər, Fəzail müəllimə də ehtiyatlı olmağı məsləhət görərdim. Kreslo məsələsi…
4. Çingiz Qənizadə, MM-in üzvü: “Məni narahat edən beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanla bağlı narahatedici məqamların yer almasıdır. Bizim qeyri-hökumət təşkilatlarımız beynəlxalq təşkilatlardan maliyyə almaq üçün doğru olmayan məlumatlar verirlər”.
Çingiz müəllim, doğru olan şey budur ki, “iqtidarın Matrosovu” fəxri adı uğrunda gərgin mübarizə gedir. Sizə bu yarışda “uğurlar” arzulayırıq.
5. Nuşirəvan Məhərrəmli, MTRŞ-in sədri: “Istərdik ki, gənc nəsil xarici seriallar əsasında yox, Azərbaycan serialları əsasında tərbiyə olunsunlar. Bu məqsədlə 5 milyon manat da telekanallar arasında bölünəcək”.
Adını MRTŞ sədri qoyan şəxs bilməlidir ki, hazırda Azərbaycan serialları adı ilə bizə sırınanlar, türklərin illər əvvəl çəkdiyi, “Ayrılsaq da bərabərik”, “Cocuqlar duymasın”, “Qurdlar vadisi” və s. serialın eybəcər formada təqdimatıdır. Hamını aldatmaq olmaz axı…
6. Əli Həsənov, PA şöbə müdiri: “Azərbaycanda insanların şərəf və ləyaqətinə media orqanlarının çoxu tərəfindən sayğısız münasibət müşayiət olunur”.
Görəsən, Əli müəllim ömründə bircə dəfə də olsun, mərhum prezidentin və özünün ən sevdiyi qəzet olan “SƏS”in müxalifət bölümünü oxuyubmu? Yəqin ki, oxuyar bundan sonra…
7. Misir Mərdanov, təhsil naziri: “Bu gün Azərbaycanda işləyən 200 mindən artıq müəllimin təkmilləşməsinə, yenidən hazırlanmasına ehtiyac var… Azərbaycanın mentalitetinə və təhsil ənənələrinə uyğun bir təhsil sistemi qurmalıyıq!”.
Cənab nazir! Iqtidar bu açıqlamadan sonra sizi Misirə səfir göndərərsə, günahkar özünüzsünüz. Əmək təlimi və bədən tərbiyəsi müəllimlərini çıxsaq, ölkədə elə 200 min müəllim ola-olmaya…
8. Əbülfəz Qarayev, mədəniyyət və turizm naziri: “Mən bu gün yarı sınmış, işığı olmayan, sınıq-salxaq kinoteatrların özəlləşdirilməsində faciə görmürəm”.
Allah bazar versin, cənab nazir, onsuz da kino çəkmirik!
9. Ramiz Həsənov, Zəngilanın icra başçısı: “Heydər Əliyev olmasaydı, Zəngilanda Xocalıdakıdan da dəhşətli qırğın olacaqdı”.
Ramiz müəllim işğal olunmuş rayonların icra başçıları arasında yeganə adamdır ki, o dövrdə kimin hakimiyyətdə olduğunu açıq şəkildə söylədi. Ənənəvi olaraq, anım günlərində bu rayonların işğalı zamanı kimin hakimiyyətdə olduğu qabardılmırdı…
10. Ceyhun Qafarlı, gənc meyxanaçı: “Söz deyərəm səninlə avtomat kimi, kəsdirmə qapımı vayenkomat kimi”.
Gənc nəslin vətənpərvər tərbiyəsinə bundan böyük töhfə nə ola bilər ki?
Aparıcı – “vətənpərvər” şoumen Kamran Həsənlinin bu qafiyədən sonra ekstazla Ceyhunun “koronavat”ı daha təsirlidir: “Ceyhuuun Qafarlıııı!!!! Cənub canavarııı!!!”.
Zənnimizcə, şərhə ehtiyac yoxdur.