Doğuşa 50 faiz endirim?

Analoqsuzluğun bariz nümunəsi budur.

Xiyara, badımcana, tuman-köynəyə, daha nə bilim nələrə endirim eşitmişdik, görmüşdük.
Bura Azərbaycandır, hər türlü eybəcərliklərin tüğyan etdiyi Azərbaycan. Burada doğuşa da endirim olur.
Radioda dayanmadan reklam edirdilər. Ki, bir özəl klinika doğuş qiymətlərində 50 faiz endirimə start verib.
Bu ölkənin Səhiyyə Nazirliyi var. Hansı işlərlə məşğul olduğunu dövləti idarə edənlərdən və həkimlərdən yaxşı bilən yoxdur. Və o nazirliyin rəhbərləri yəqin ki, bu endirimdən xəbərdardır. Elə bu səbəbdən də nazir Oqtay Şirəliyevə bir sualım var.
– Cənab nazir, lütfən söyləyin, dünyanın hansı ölkəsində doğuş ticarətə çevrilib?
Səhiyyədə özəl sektor barədə kiminsə mülahizə yürütməsinə əsla ehtiyac yoxdur. Nədən ki, həkim olduğum üçün Səhiyyə Nazirliyinin lisenziya verdiyi özəl klinikalarda hansı proseslərin cərəyan etdiyindən xəbərim var. Özəl səhiyyə ocaqlarının xəstələrə hansı keyfiyyətdə tibbi xidmət göstərməsi barədə mətbuat çox yazıb. Eynən dövlətə məxsus tibb müəssisələrində olduğu kimi özəl sektorda da ən birinci məqsəd xəstələrin cibini soymaqdır. Şəkkiniz varsa, müstəqil bir ekspert qrupu yaradın. Analoqu olmayan elə eybəcərliklər aşkar etmək olar ki, gözləriniz bərələ qalar.
Səhiyyə Nazirliyinin tabeçiliyində olan xəstəxanaların hamısının qapısına “Tibbi xidmət pulsuzdur” yazdıran nazir bircə dəfə təğyiri-libas olub şəfa ocaqlarına baş çəksə, tufanmı qopar? “Nazir filan xəstəxanaya təşrif buyuracaq” anonsundan sonra xəstəxanalara getməklə səhiyyənin gerçək sifətini müəyyən etmək olmaz.
Bir də ki, DÖVLƏT özü vətəndaşlarının sağlamlığında maraqlı olmalıdır.
Səhiyyədəki anormallıqlar barədə düşünəndə adam təəccüblənir və istər-istəməz sual ortaya çıxır. Əcəba, dövləti idarə edənlərin bütün bu proseslərdən xəbərləri yoxmu?
Azərbaycanda uşaq ölümünün, xüsusilə 1 yaşa qədər körpələr arasında ölümün səviyyəsi yüksəkdir.
Ana ölümündə vəziyyət bərbaddır.
Çoxları bilməsə də biz həkimlər yaxşı bilirik ki, səhiyyə Nazirliyi statistiik göstəriciləri Azərbaycanın analoqsuz inkişafına uyğun olaraq tirajlayır. Və elə o üzdən də statistik göstəricilərdən baş çıxaranlar təəccüb içində qalırlar.
Bir fakt nəzərinizə çatdırıram, özünüz nəticə çıxarın.
Statistikaya görə, Azərbaycanda bir yaşa qədər uşaq ölümünün göstəricisi 12,1-dir. Azərbaycanda adambaşına düşən ümumdaxili məhsul (ÜDM) isə 7000 dollardır. Diqqət edin, qardaş Türkiyədə adambaşına düşən ÜDM 15000 dollardan artıq olsa da, 1 yaşa qədər uşaq ölümünün göstəricisi bu ölkədə 17-dir. ÜDM-in uşaq ölümünün səviyyəsinə nə dəxli var deyib etiraz etmək istəyənlərə xatırladıram ki, uşaq ölümü hər bir dövlətin sosial barometridir. Dövlətin iqtisadiyyatı yüksəldikcə qüdrəti artdığı kimi, ailənin də büdcəsinin artması sağlamlığa pozitiv münasibət yaranmasına təkan verir.
Kəsəsi, nə qədər ki, ailə ehtiyac içində yaşamaqda davam edir, yalnız statistik rəqəmləri malalamaqla uşaq ölümünün səviyyəsini nizamlamaq mümkündür.
Tam məsuliyyətlə və altını cızaraq yazıram. Ki, Azərbaycanda uşaq ölümünün göstərilən səviyyəsi reallıqdan uzaqdır. Və bunu iqtidar yetkililərinə tam sübut etmək iqtidarındayam.
Bu məmləkətdə nə qədər ki, insan amilinə gərəkən önəm verilmir və nə qədər ki, səhiyyə elmi əsaslarla fəaliyyət göstərmir əhalinin sağlamlığından söhbət açmaq əcaib görünəcək…
Azərbaycanda nə qədər həkim yazdığı reseptlərə görə apteklərdən pul alır. Dünyanın heç bir ölkəsində bunun analoqu yoxdur.
Azərbaycanda bəzi həkimlər ona xəstə göndərənə pul verir. Dünyada bunun da analoqu yoxdur.
Indi də doğuşu 50 faiz endirimlə gerçəkləşdirənlər peyda oldu.
Körpə və ana ölümünün, doğum evlərində dünyaya qədəm qoyan körpələr arasında doğuş zədələrinin yüksək səviyyədə olduğu Azərbaycanda belə endirimlər nəyə hesablanıb?
Humanizmə, yoxsa ticarətə?
Bunu ən birinci nazir Oqtay Şirəliyevin götür-qoy etməsi gərəkdir.