Antik Azərbaycan şəhəri Bərdə

«Şərq aləmində Bağdaddan sonra ən böyük şəhər»

Şəhərlərin yaranması və inkişafı haqqında hələ antik dövrdə Strabon, Böyük Plini, Ptolomey, Arrian, Dion Kassi, Yuli Solin, orta əsrlərdə M.Kalankatuklu, Ibn Xordadbeh, əl-Yəqubi, əl-Bəlazuri, Yaqut əl-Həməvi, Ibn əl-Əsir, ən-Nəsəvi, Həmdullah Qəzvini yetərincə məlumatlar veriblər.
Arxeoloji qazıntılar zamanı amazonların Anadoluda yerləşən Kima şəhərində kəsilmiş e.ə. XIII əsrə aid sikkənin Bərdə şəhərindən tapılması hələ e.ə. II minillikdə Bərdənin iqtisadi əlaqələrindən xəbər verir. Strabon (e.ə. I əsr – b.e. I əsri) Uti (Düzənlik Qarabağ) vilayətində Ayniana və Anariaka adlı şəhərlərin olması haqqında məlumat verir. Azərbaycan şəhərlərinin ilk tədqiqatçılarından olan Ə.Haqverdiyev və arxeoloq M.Hüseynov Ayniananın elə Bərdə olduğu fikrini söyləyirlər. Klavdi Ptolomey (b.e. II əsri) isə Albaniyada 29 iri şəhər və yaşayış məntəqəsinin adını çəkərək Iberiya ilə Kürə tökülən bir çay (çox ehtimal ki, Araz çayı) arasında Baruka (Bərdə – red.) adlı iri yaşayış məntəqəsinin yerləşdiyini qeyd edir.
1925, 1929, 1984-cü illərdəki torpaq işləri zamanı Makedoniyalı Isgəndərin və Selevkilər dövlətinin e.ə. 175-ci ildən 129-cu ilə qədər hökmranlıq etmiş padşahlarının gümüş tetradraxmalarının tapılması isə erkən orta əsrlər dövründən başlayaraq təxminən 500 il Qafqaz Albaniyasının paytaxtı olmuş Bərdə şəhəri haqqındakı məlumatları xeyli zənginləşdirir. Tarixi mənbələrdə Pərdə, Bərzə, Partav, Berda, Hərum, Firuzabad və s. kimi adlarla tanınmış, “piyalələr, kuzələr şəhəri”, “ensiz çay”, “kölə saxlanılan yer” və s. mənalar daşıyan Bərdəni tədqiqatçılar qədim Azərbaycan dövləti Mannadakı Pərdə (Parda) toponimi ilə, iskit tayfalarının, Azərbaycanda məskunlaşmış hun-türk tayfası olan Bərdorun adı ilə əlaqələndirirlər. E.ə. VIII əsrə aid assur yazılı mənbələrində Mannanın Zikirtu vilayətinin paytaxtı Pərdə (Parda) şəhərindən bəhs edilir. Akademik Q.Melikişvili Cənubi Azərbaycan və Şimali Azərbaycan, Dağıstan toponim paralellərindən bəhs edərkən Manna ərazisindəki Pərdə ilə Albaniyadakı Bərdə toponimləri arasında bağlılığın olduğunu göstərir. Dahi Azərbaycan şairi N.Gəncəvi isə Bərdənin əvvəllər “Hərum” adı ilə tanındığını qeyd etmişdir.
Bərdənin adı e.ə. VII əsrdə skif çarlarından biri olan Partatuanın adı ilə də əlaqələndirilir. Onun burada Assuriyaya qarşı mübarizə apardığı bildirilir. Partatuanın adının Bərdə sözü ilə oxşar olmadığını söyləyənlərə bildiririk ki, bu ad mənbələrdə işlədilən “Partav” sözünə uyğun gəlir. Partav sözünün türklərlə bağlanması həm tarixi, həm də hüquqi baxımdan daha düzgündür. Orta əsr müəlliflərinin əsərlərində Bərdə “Arranın anası”, “Qafqazın ən böyük şəhəri”, “Şərq aləmində Bağdaddan sonra ən böyük şəhər” və s. adlandırılır, onun beynəlxalq əhəmiyyətli ticarət-karvan yollarının qovşağında yerləşdiyi, burada əl-Kürki adlı böyük bazarın olduğu qeyd edilir.
Şəhərin tarixinin öyrənilməsində arxeoloji tədqiqatların da müstəsna əhəmiyyəti vardır. Bu baxımdan şəhər ərazisində XIX əsrin sonu – XX əsrin əvvəllərində əcnəbi arxeoloqlar – C.Morqan, N.Silosani, V.Sısoyev, sonrakı dövrdə M.Hüseynov, Ə.Cəfərov, I.Babayev, R.Göyüşov, A.Nuriyev, H.Cəfərov, A.Məmmədov, Q.Hacıyev, F.Osmanov tərəfindən aparılan kəşfiyyat xarakterli arxeoloji qazıntıları xüsusi qeyd etmək lazımdır.
Arxeoloji ekspedisiyaların nəticələri
2006-cı ildə Bərdənin Şatırlı kəndindəki Şortəpə abidəsində aparılan tədqiqatlara əsasən belə nəticəyə gəlinmişdir ki, e.ə. I minilliyin ortalarında Bərdə artıq yüksək inkişaf etmiş yaşayış yeri olmuşdur. Yüksək inkişaf etmiş yaşayış yeri elə şəhər deməkdir. Şəhərin formalaşması üçün isə müəyyən vaxt lazım idi. Bu da ən azı 300-400 il çəkə bilərdi. Bunu Şortəpədə mədəni təbəqənin qalınlığı da göstərir.
Arxeoloji tədqiqatların nəticələri Bərdə şəhərinin sənətkarlığın əkinçilikdən və maldarlıqdan ayrılması nəticəsində meydana gəldiyini söyləməyə əsas vermişdir. Bu prosesin e.ə. II minilliyin ortalarında baş verdiyini nəzərə alsaq, şəhərin yaşının 3000 ildən az olmadığı bir daha təsdiqlənir.
2007-2008-ci illərdə Bərdə arxeoloji ekspedisiyasının Şortəpə və Balatəpə adlanan ərazidə apardığı arxeoloji tədqiqatlar şəhərin qədim tarixi olduğunu təsdiqləməyə əsas vermişdir. Balatəpədə isə ayaqla hərəkətə gətirilən dulus çarxında hazırlanmış müxtəlif çeşidli saxsı qabların çoxluğu və ibadət yeri kimi istifadə edildiyi güman edilən yerə oxşar divar qalıqları aşkarlanmışdır ki, bunlar da hələ tunc dövründə əhalinin burada cəmləşdiyini göstərən dəlillərdəndir. Şortəpədə mədəni təbəqənin ümumi qalınlığı 8 metrdən artıqdır ki, bu da ərazinin gur insan məskəni olduğunu, bu prosesin erkən tunc dövründən başlayaraq ilk orta əsrlərin sonuna qədər ardıcıl olaraq davam etdiyini göstərir. Digər tərəfdən, hələ 1981-ci ildə tədqiqatçı H.Cəfərov Balatəpədə apardığı arxeoloji tədqiqatlar zamanı burada e.ə. III-II minilliklərə – ilk və orta tunc dövrünə aid yaşayış yerləri, metal hazırlamaq üçün qəlib, dəzgahda hazırlanmış dulus məmulatı və s. maddi mədəniyyət qalıqları tapmışdır.
1986-1987-ci illərdə A.Nuriyev də Balatəpədə qazıntı aparmış, oradan tapdığı divar qalığının qala divarı olduğunu bildirmişdi. Arxeoloji tədqiqatlar zamanı orta və son tunc dövrünə aid təsərrüfat və məişət qabları da aşkar edilmişdir. Digər tərəfdən, həmin təpənin ətrafının qala divarı ilə əhatə olunduğunu, üç tərəfdən su ilə sərhədləndiyini söyləmişdir. Bununla da vaxtilə onun müdafiə xarakterli iri yaşayış məskəni – ilkin şəhər qala olduğu qənaətinə gəlmişdir. Bərdə ərazisində həmin sahədə müdafiəni təşkil etmək və sənətkarlığı inkişaf etdirmək üçün əlverişli şərait – bol su mənbəyi, gil, metal, daş yataqları və s. zənginliklər vardır.
Bir faktı da nəzərə almaq lazımdır ki, Qarabağ kurqanlar diyarıdır. Bu kurqanların bir qismi “Çar kurqanı”, “Hökmdar kurqanı”, “Padşah kurqanı” adlandırılır və e.ə. II minilliyin ortalarında Qarabağda tayfa mərkəzləri olan ilkin şəhər məskənlərinin, hətta dövlət qurumlarının yaradıldığını söyləməyə əsas verir.
Qarabağda ilkin şəhər mədəniyyəti
Azərbaycanda da belə birliklərin yaranması labüd idi. Belə birliklərin xüsusi mərkəzlərindən biri də Bərdə idi. Qədim Bərdənin şəhər yeri hesab edilən Balatəpənin divarlarının memarlıq xüsusiyyətləri Ağdam yaxınlığındakı Üzərliktəpə ilə eyniyyət təşkil edir ki, bu da hələ tunc dövründə Qarabağda ilkin şəhər mədəniyyətlərinin mövcudluğunu əsaslandırır. Digər tərəfdən, Azərbaycanın orta tunc dövrü şəhər mədəniyyəti üçün səciyyəvi olan boyalı qablar mədəniyyəti Üzərliktəpədə və Qarabağın bir sıra digər ilkin şəhər mərkəzlərindən məlumdur. Azərbaycanın tunc dövrü şəhərlərinin tədqiqatçısı V.Əliyevin fikrincə, orta tunc dövrünün boyalı qabları ilkin şəhər mədəniyyətinin izləridir. Bu baxımdan ilkin şəhər mədəniyyəti üçün səciyyəvi olan boyalı qabların Balatəpə və digər yaxın ərazilərdən əldə edilməsi də burada ilkin şəhər mədəniyyətinin olduğunu əsaslandırır və sübut edir ki, eyni mədəniyyət ocaqları Naxçıvan, Urmiya və Qarabağda eyni vaxtlarda yaranmışdır. Bərdədə ilkin şəhər mərkəzinin yaranması üçün bütün imkanlar var idi. Burada əhalinin hələ qədim daş dövründən məskunlaşması (Azıx, Tağlar, Zar), Canyataq, Gülyataq və s. kimi zəngin filiz yataqlarının olması (Ağdərə), yanacaq üçün meşə ehtiyatları, su mənbələri, sənətkarlığı inkişaf etdirmək üçün gilli torpağı, əlverişli iqlimi burada sənətkarların əkinçi və maldarlardan ayrılmasına, ilkin şəhər mərkəzlərinin yaranmasına imkan vermişdir.
Xocalıda kurqanın üstünə Assuriya hökmdarı Adadnirarinin adı yazılmış möhür – muncuğun tapılması da buna sübutdur. Deməli, Qədim Qarabağın ilkin şəhər mərkəzləri Yaxın Şərq ölkələri ilə iqtisadi, mədəni əlaqələr şəraitində inkişaf etmişdir. Bərdənin düzənlikdə, ticarət yollarının kənarında yerləşməsi isə onun bu əlaqələrdəki rolunu xeyli artırmışdır. Arxeoloji tədqiqatlar göstərir ki, erkən tunc dövründə Qarabağda əkinçi və maldar tayfaların bir-birindən ayrılması ilə əkinçilər düzənlik, maldarlar isə dağlıq ərazilərdə məskunlaşmışlar. Orta tunc dövründə sənətkarların əkinçilərdən və maldarlardan ayrılması ilə ərazidə ilkin şəhər tipli yaşayış məskənləri və mübadilə yaranmışdı. Bu mədəniyyətin əsas mərkəzi e.ə. I minilliyin əvvəllərində qədim Bərdə şəhəri idi.
Bərdə şəhəri ərazisində sistemli arxeoloji tədqiqat işlərinə 1984-cü ildə A.Nuriyev başlamış və hazırda A.Məmmədovun rəhbərlik etdiyi Bərdə arxeoloji ekspedisiyası bu işi davam etdirir. Arxeoloji qazıntıların nəticələri göstərir ki, Bərdə tunc dövrü yaşayış yerlərinin inkişafı nəticəsində dəmir dövrünün əvvəllərində şəhər kimi meydana gəlmiş, antik və ilk orta əsrlər dövründə isə inkişaf edərək ticarət, sənət və mədəniyyət mərkəzi kimi öz inkişafının ən uca zirvəsinə yüksələ bilmişdir.
Arxeoloji tədqiqatlar indiki Şatırlı kəndi ərazisindəki Balatəpə və Şortəpə abidələrinin ərəb müəlliflərinin Berda, N.Gəncəvinin Hərum adlandırdıqları şəhərin qədim dövrlərdə həmin ərazidə yerləşdiyini, erkən orta əsrlərdə paytaxt olduğu dövrdə onun qala divarlarının indiki Bərdə türbəsinin yaxınlığındakı Torpaq səddə qədər uzandığını, 944-cü ildə slavyanların hücumu ilə əlaqədar şəhərin yerinin dəyişdiyini sübut edir.
Tarixi məlumatlar və arxeoloji dəlillər Bərdənin e.ə. I minilliyin əvvəllərindən artıq şəhər kimi formalaşdığını, e.ə. 330-cu ildə Əhəməni imperiyasının və e.ə. 323-cü ildə Makedoniya monarxiyasının dağılmasından sonra istiqlaliyyət qazanan Qafqaz Albaniyasının sasani, ərəb işğalları dövründə siyasi-iqtisadi mərkəzlərindən birinə çevrildiyini və 500 ilə qədər paytaxt olmuş şəhərin 3000 il yaşının olduğunu təsdiqləməyə əsas verir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir