Məmurlar baş naziri saymadı

Artur Rəsizadənin qərarı kağız üzərində qaldı

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarı kağız üzərində qalıb. Faktiki olaraq heç bir qurum bu qərara əməl etmir. Deyəsən, heç Nazirlər Kabinetinin özü də qərarın icrasında maraqlı deyil. Oxucuların diqqətinə çatdıraq ki, bu qərar dövlət təşkilatlarında olan avtomobillərin sayını və sərf olunan yanacağın həcmini məhdudlaşdırmaq üçün nəzərdə tutlub. Qərarda dövlət büdcə təşkilatlarında istifadə olunacaq xidməti minik avtomobillərinin say həddi – limiti, eləcə də xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin normaları” təsdiq edilib.
Qərara əsasən hərbi qurumlar, milli təhlükəsizlik, hüquq-mühafizə və prokurorluq orqanları, rayon məhkəmələri istisna olmaqla bütün dövlət qurumlarında avtomobillərə limit nəzərdə tutulur. Həmçinin rayon (şəhər) icra hakimiyyətlərinin malik ola biləcəyi avtomobillərin sayı da müəyyənləşdirilib. Qərarda icra hakimiyyətinin başçısı, onun müavinləri, şəhər üzrə nümayəndəsi, qəsəbə və kənd nümayəndələri (əhalisinin sayı 10 min nəfərdən artıq olan), rayon (şəhər) məhkəmələrinin hər biri üçün 1 xidməti minik avtomobili, Bakı, Gəncə və Sumqayıt şəhər məhkəmələrinin hər biri üçün isə iki ədəd avtomobil nəzərdə tutulub. Dağlıq və dağətəyi rayonlarda rayon icra hakimiyyəti başçısına təhkim olunmuş xidməti minik avtomobili yüksəkkeçidli avtomobil kateqoriyasından ola bilər. Limitdən artıq hesab edilən avtomobillər isə satışa çıxarılmalı idi.
Hələ bir müddət əvvəl “Azadlıq” yazmışdı ki, bu qərar hakimiyyət daxilində qarşıdurmaya səbəb olub. Səbəb isə xidməti avtomobillər hesabına əldə olunan milyonların itirilməsilə barışmamaqdır. Sirr deyil ki, dövlət büdcəsi hesabına alınan xidməti avtomobillər dəyərindən qat-qat baha qiymətə rəsmiləşdirilir. Həmçinin bu avtomobillərin yanacağı üçün külli miqdarda pullar silinir. Deməli, xidməti avtomobillərin məhdudlaşdırılması bu sahədəki korrupsiyanın məhdudlaşdırılması demək olacaq. Bununla hansı məmur razılaşar ki?!
“Azadlıq”ın yazdıqları təsdiqini tapmaqdadır. Hər halda hələ indiyə qədər hansısa qurumda xidməti avtomobillərin məhdudlaşdırılması faktına rast gəlinməyib. Görünür, Nazirlər Kabinetinə təzyiqlər o dərəcədədir ki, Artur Rəsizadə qərarın icrasını təmin edə bilmir. Daha doğrusu, buna maraq göstərmir.

Informasiya şöbəsi