Cavanşirlər nəslinin xeyriyyəçi qızı

Mirzə Cəlilin ömür-gün yoldaşı Həmidə xanım

Azərbaycanın xeyriyyəçi insanları sırasında adı ehtiramla yad edilən şəxslərdən biri də Həmidə xanım Cavanşirdir. O, böyük ədibimiz Cəlil Məmmədquluzadənin həyat yoldaşı, zəmanəsinin görkəmli maarifçi ziyalısı Əhməd bəyin qızıdır. Əhməd bəy Qarabağ xanlığının bünövrəsini qoyan Pənahəli xan Cavanşirin oğlu Mehrəli bəyin nəticəsi idi. Peterburqda hərbi məktəbi bitirib, 6 il rus ordusunda xidmət etdikdən sonra Kəhrizli kəndinə qayıtmış, burada 50 il quruculuq işləri, xeyriyyəçiliklə məşğul olmuşdur. Aqrar sektorda o dövr üçün çox qabaqcıl texnoloji vasitələri tətbiq edən, kənddə daim yeniliyi, mədəniyyətin ən sivil formalarını yayan Əhməd bəy Cavanşir 7 “Qarabağnamə”dən ən məşhurunu – “Qarabağ xanlığının siyasi vəziyyətinə dair” əsərini yazmışdır. Onun çoxsaylı şeirləri və tərcümələri 1906-cı ildə Tiflisdə “Qeyrət” mətbəəsində kitab kimi nəşr edilmişdir.
Tək Kəhrizlidə deyil, elə ətraf kəndlərdə də indi Əhməd bəyi kasıbların böyük himayədarı, alicənab kişi kimi ehtiramla xatırlayırlar. Belə bir nəcib insanın ailəsində dünyaya göz açan (1873-cü il) Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz “ot kökü üstə bitər” məsəli ilə tam uzlaşır. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis öyrənərək, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdur. Ilk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik Ibrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdir. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə ərə gedərkən bu izdivac çoxlarının xoşuna gəlməmiş, bu nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdır. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, “Molla Nəsrəddin”in isə xeyirxah himayədarı olmuşdur. Bütün varidatını, sərvətini böyük ürəklə həyat yoldaşının yaradıcılığına sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlillə 25 il əsl məhəbbət və qarşılıqlı ehtiramla ömür sürmüşdür. Bu illərdə Mirzə Cəlil nə qədər kəskin zərbələrə, ittihamlara tuş gəlsə, nadanlıqla qarşılaşsa da, ən çətin günlərdə Həmidə xanım ona mənəvi dayaq olmuş, bu böyük insanı daim nikbin ovqata kökləmiş, onun bütün ağır sınaqlardan mətanətlə çıxmasına yardım göstərmişdir.
Tək Kəhrizli kəndinin deyil, cümlə Qarabağın ona kömək üçün pənah gətirən insanlarının əlindən tutan, qayğılarını həll edən bu xanım, həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərinə yardım göstərmişdir. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabiri məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil Tiflisə müalicə üçün dəvət edir.
Böyük ziyalılar onu belə dəyərləndirmişlər
Sabir bu hadisəni Abbas Səhhətə yazdığı məktubda belə xatırlayırdı: “Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatımı mütəhəmmil olmuşlar. Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim”.
Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında isə Üzeyir bəy xüsusi məqalə yazmışdır. Məqalə bu sözlərlə bitirdi: “Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi”.
Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar Ittifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə almışdır.
Kəhrizlidə Mirzə Cəlilə də böyük ehtiram göstərilirmiş. Mirzə Cəlilin xatirələrində Kəhrizli daim böyük ehtiramla yad edilib, kənd sakinləri barəsində hörmətlə söz açılıb. Böyük sənətkar qeyd edərmiş ki, hər dəfə Kəhrizliyə gələrkən hələ uzaqdan bu kəndin çinarlarını görər və sevinərmiş ki, onun üçün əziz və doğma olan bir yerə yenidən qayıdır: “Kəhrizliyə gələrkən hələ uzaq məsafədən yan-yana düzülmüş uca çinar ağaclarını görüb malikanəmizi tanıyır və bu zaman ürəyim sevinclə döyünməyə başlayır, doğma ailəmə, mənim üçün əziz olan dost-aşnaya tez qovuşmaq üçün faytonçunu tələsdirərəm. Mən ancaq burada, təbiətin bu sakit guşəsində özümü xoşbəxt hiss edirəm. Bu yerlərin gözəl baharı, füsunkar aylı gecələri, kölgəli bağları, güllərin ətri, bülbüllərin cəh-cəhi, ”Isa-Musa” – deyə səsləşən quşların ahəngi, çoban tütəklərinin səhər erkən ətrafı bürüyən xoş avazı yorğun əsəblərimi sakitləşdrib fikirlərimə qol-qanad verir”. Kəhrizlidə çinarlara həyat verən arxları da həssaslıqla qələmə alan Mirzə Cəlil üçün bunlar təbiət möcüzələri kimi səciyyələnirdi.
Həmidə xanımın Kəhrizlidəki ev-muzeyi
Hazırda Ağcabədi rayonunun Kəhrizli kəndində Həmidə xanımın ev-muzeyi fəaliyyət göstərir. 4 otaqdan ibarət olan bu evdə Həmidə xanım doğulmuş, acılı-şirinli ömür sürmüş, Mirzə Cəlillə ən xoşbəxt anlarını yaşamışdır. Burada Həmidə xanımın yadigarı olan məişət əşyaları, əl tikmələri, ailə fotoarxivləri, əlyazmaları toplanmışdır.
Kəndə iki kəhriz çəkdirən Həmidə xanım ona müraciət edən hər bir sakinin problemini təcili həll edər, ümumiyyətlə isə daim özü kənd arasına çıxaraq, insanların qayğıları ilə maraqlanarmış. Milli və dini bayramları xüsusi təmtəraqla qeyd edən Həmidə xanım Novruzda böyük el şənliyi qurar, hər kəsə bayram sovqatı ayırar, kəndin mərkəzində isə Gülablıdan məşhur aşıqları dəvət edərək, əhalini bayram ovqatına bürüyərmiş. Qurban bayramında isə hər bir ailənin payı hökmən verilməliymiş. Daim əhalinin ümid yeri olan Həmidə xanım Cavanşir çəkinmədən öz varidatını el yolunda xərcləmişdir. Bölgədə xəstəliklər kütləvi yayılanda isə özü şəxsən kəndin körpələrini faytonuna mindirərək, növbə ilə mərkəzə aparar, onlara peyvənd vurduraraq, sağlam yaşamalarını təmin edərmiş. 
“Pənahəli xan kimi əsilzadə zadəganın nəslindən, Əhməd bəy kimi böyük maarifçi ziyalının ailəsindən olan Həmidə xanım məhz belə ləyaqətli və örnək ömür sürməli idi. Bu gün sevindirici haldır ki, Azərbaycan xalqının adını yüksəklərə qaldıran ismətli xanımlarımız – Burla Xatun, Sara Xatun, Həcər və digərlərinin sırasında Həmidə xanımın da adı hörmətlə çəkilir. Tarixdə və yaddaşlarda bu qadının yüzlərlə fədakar əməli, xalqına olan bağlılığını əks etdirən yetərincə hadisələr yaşayır. Bunların hər biri sübut edir ki, Həmidə xanım Mirzə Cəlilə sadiq ömür-gün yoldaşı və ən yaxın silahdaş olmaqla bərabər, həm də onun adını zirvələrə qaldıran, böyük ustadın bənzərsiz yaradıcılığını öz yüksək şəxsi xarakteri ilə tamamlayan insan idi. Həmidə xanım Mirzə Cəlilin ailə üzvlərinə də xüsusi qayğı ilə yanaşarmış. Təsadüfi deyildir ki, bu böyük yazıçının kiçik qardaşı Əkbər də bir müddət burada yaşamış və məhz Kəhrizlidə – Həmidə xanımın ata-baba yurdunda dəfn olunmuşdur. Ötən əsrin əvvəllərində Qarabağda, o cümlədən Kəhrizli kəndində və ətrafda böyük aclıq və kütləvi epidemiya tüğyan edirdi. Belə təhlükəli məqamda Həmidə xanım yenə də öndə idi. O, öz faytonu ilə hər bir evə darı, un və digər ərzaqlar paylayır, tauna, qızılcaya qarşı əhaliyə peyvəndlər vurdurur, başqa müalicəvi vasitələr tətbiq edirdi. O dövrdə yüzlərlə insanı aclığın və ölümün cəngindən xilas edən bu nəcib xanım həm də saysız-hesabsız körpənin, yeniyetmənin savadlanmasını, beləliklə də, onların gələcəkdə cəmiyyətdə öz yerlərini tutmalarını təmin etdi. Həmidə xanım qadınların problemlərinin həllində xüsusi səy göstərirdi. Onların savadlanmasına, problemlərinin həllinə çalışaraq, hətta gəlin köçən qızlara da xüsusi cehiz ərmağanı ayırırdı. Həmidə xanım xeyirxahlığı, alicənablığı, mərhəməti ilə Azərbaycan tarixində yaşamaq haqqı qazanıb”( Ənvər Əhməd, yazıçı).
1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir