ABŞ-dan Türkiyəyə daha böyük dəstək vədi

Hillari Klinton: “Biz enerji ticarətinin “Cənub axını” istiqamətində güclənməsi və İstanbulun beynəlxalq maliyyə mərkəzinə çevrilməsi məqsədilə diplomatik resurslarımızı fəallaşdırmışıq”

“ABŞ Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyevin olduqca vacib enerji sazişi imzalmasını alqışlayır”. Dövlət katibi Hillari Klinton Vaşinqtonda Türkiyə hökumətinin və türk diasporunun səlahiyyətli nümayəndələri qarşısındakı çıxışında belə deyib.
“Turan”ın məlumatına görə, Hillari Klinton deyib ki, Vaşinqton Türkiyəyə kömək etməyin yollarını axtarır: “Obama administrasiyası ənənəvi diplomatiya çərçivəsindən kənara çıxır və birbaşa özəl sektorla, vətəndaş cəmiyyəti və diasporla əlaqəli şəkildə fəaliyyət göstərir. Biz hesab edirik ki, bu tərəfdaşlıq innovasiyaların və başqa resursların istifadəsinə yardım edə bilər. Biz enerji ticarətinin “Cənub axını” istiqamətində güclənməsi və İstanbulun beynəlxalq maliyyə mərkəzinə çevrilməsi məqsədilə diplomatik resurslarımızı fəallaşdırmışıq”.
Regional münaqişələrə və erməni-türk münasibətlərinə toxunarkən Hillari Klinton “bu qocalmış münaqişələr regionda tərəqqi və inkişafın qarşısını alır” deyib. O bildirib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşması müsbət addım olardı və ABŞ münasibətlərin normallaşması naminə Türkiyə parlamentinin Sürixdə imzalanmış Türkiyə-Ermənistan protokollarını ratifikasiya edəcəyinə ümid edir.
Klintonun fikrincə, qonşularla münasibətlərdə gərginliyin azaldılması, sabitliyin artırılması təsir və nüfuzun artırılması reseptidir: “Türkiyə liderləri bunu başa düşürlər, amma nəticə əldə etmək üçün təkcə Türkiyənin deyil, bütün ölkələrin cəsarətli seçim, güclü siyasi iradəsinin olması zəruridir”.