Əhmədinejad sorğu-sual olunacaq

Iran prezidenti parlament qarşısında hesabat verməli olacaq

Iran prezidenti Mahmud Əhmədinejad iqtisadi cinayətlərdə şübhəli bilinir. “Associated Press” agentliyinin verdiyi məlumata görə, ölkə parlamenti büdcə vəsaitlərinin “yuyulması” ilə əlaqədar dövlət başçısını dindirməyi planlaşdırır. Əgər Əhmədinejad həqiqətən sorğu-suala tutulsa, o, parlament tərəfindən dindirməyə cəlb edilən ilk Iran prezidenti olacaq.
Bundan əvvəl də 73 deputat Iqtisadiyyat Nazirliyinin fəaliyyətilə əlaqədar dələduzluq ittihamıyla prezidentin dindirilməsi tələbini irəli sürmüşdü. Nazirlik 2,6 milyard dollar büdcə vəsaitinin “yuyulmasında” ittiham olunur. Dələduzluq isə dövlət şirkətinin alınması məqsədilə Iranın iki dövlət bankından kredit götürmək üçün saxta sənədlərdən istifadə olunmasıyla bağlıdır. Son vaxtlar Əhmədinejad və onun tərəfdarları siyasi rəqiblər tərəfindən daim tənqidə məruz qalır.
Beynəlxalq mətbuat Əhmədinejadın parlamentdə hesabat verməsini prezidentə müxalif olan hakimiyyətdaxili qrupların uğuru adlandırıb. Iran parlamenti 2.6 milyard dollarlıq bank fırıldağıyla bağlı ittiham olunan Əhmədinejada yaxın rəsmilər arasında iqtisadiyyat naziri Şəmsəddin Hüseynini də hədəf göstərib. Parlamentin 22 deputatının imzasıyla hazırlanan iddia sənədinə əsasən, nazir bu gün keçiriləcək dinləmədə ona qarşı irəli sürülən ittihamlara cavab verməli olacaq.