«Rəngarəng» «Açıq söhbət»

I yazı

Ilham Əliyev televiziya filmlərinin çəkilişinə beş milyon pul ayırdı. Beş milyon ha. O pulu hələlik hərəyə üç yüz min olmaqla telekanalların arasında bölüşdürdülər. Bərabər bölgü deyil. Birinci ona görə ki, “Idman Azərbaycan”ın çəkib ortaya çıxardığı nə olasıdır, heç nə. Ikincisi, yenə hamıdan çox pay AzTV-yə düşür. Hər kəs yaxşı bilir, “Idman Azərbaycan”la “Mədəniyyət” bizim demokratik dövlətimizin demokratik aynası olan AzTV-nin törəməsidir. Peykləri də, demək olar, eynən YAP və onun peykləri kimi. Hamıya üç yüz min, AzTV-yə doqquz yüz min. Nədən? Büdcədən də hamıdan çox pay AzTV-yə düşsün, prezidentin ənamından da? Görünür, hakimiyyətin laxlayan siyasətinin təbliği üçün üçqat xərc tələb olunur. AzTV-də o pullar yeyilən qədər yeyiləcək, yeyilməyəni də yeni-yeni “Əbədiyyət”lərə xərclənəcək. AzTV teleserial çəkən deyil, ola-olsa “sabun bişirə bilər” – məsələn, “Liderlik missiyası”nın davamını çəkib 18 seriya edər. Odur ki, doqquz yüz minin fatihəsini bəri başdan verə bilərik. Amin!
Keçək beş milyonun, indiki halda bir milyon səkkiz yüz minin məsələsinə. Ortada görünən bu rəqəmdir. Bunca pulu görün hökumət nəyə ayırır, teleserial çəkilişinə, bir az da sənədli filmə. Sənədli filmə ayrılacaq pulu çək-çevir etmədən teleseriala vəsait ayrılmasının qəti əleyninəyəm. Azərbaycan teleserial sənayesinə hələ hazır deyil. Məqsəd büdcədən pul silməkdirsə, ayrı məsələ. Yox, gerçəkdən bu sahəni gündəmin tələblərinə uyğunlaşdırmağı düşünürlərsə, zamanı deyil.
Birinci ona görə ki, son illər Azərbaycan televiziyaları tamaşaçısını itirib. Ikinci, Azərbaycan teatrlarının tamaşaçısı yoxdur. Çünki istedadlı aktyorlar, rejissorlar yetişmir. Yaradıcı, dünya bazarına çıxacaq filmlər çəkə biləcək rejissorlar yoxdur. Olmayacaq da. Az-çox istedadlıları elə çərçivəyə salıblar ki, düşündüyünü dilinə gətirə bilmir. “Şedevr” yarada biləcək rejissorun yetişməsi üçün ona mütləq mənada azadlıq verilməlidir. Rejissor hakimiyyətdən o qədər uzaq, xalqına o qədər yaxın olmalıdır ki, gözəl əsərlər yarada bilsin. “As” rejissorlar, aktyorlar həm də ona görə yetişmir ki, Azərbaycan təhsilinin durumu bərbaddır. Bu gün alver, pulla ali məktəbə qəbulda Mədəniyyət və Incəsənət universiteti o birilərdən heç geri qalmır. Üçüncü qrupda müsabiqədən keçməyəni axtaran bu universitetdə tapır. “Qabiliyyət imtahanı”nın canı sağ olsun. “Qabiliyyət”in qiyməti dosta, tanışa beş min, qırağa, araçı ilə gələnə on mindir. On min verib rejissor, aktyor olursan. Halalca diploma yiyələnib əmək fəaliyyətinə teartda “qarderobçu” işləməklə başlayırsan. Yaraşıqlı xanımlar beş ilə “xalq artisti” olur, az-çox aktyorluğu bacaran kişilər infarkt keçirib yarımcan olur. Odur ki, Azərbaycanda teleserial çəkməyə nə maddi-texniki (onu bir ilə başa gətirmək olar), nə də yaradıcı baza var. Hələ teleserial ssearisi yazmaqda səriştəsi olan yazarların yoxluğundan söz açmıram. Teleserialların ssenariləri komanda şəklində yazılır. Dramatik situasuyaları biri düşünür, konfliktləri biri yaradır, dialoqları ayrısı yazır. Ana süjet xəttini bir ayrısı qollara ayırır – hər nəysə çox adamın əməyi keçir. Azərbaycanda komanda şəklində yaradıcılıq əsla mümkün deyil. Bizdə ssenari yazanın sözü rejissorun boğazından keçmir, rejissorunku operatorun, onların hər üçünün də sözü aktyorun.
Deyək ki, hökumətin Azərbaycan kinosunun – istər bədii, istər sənədli film olsun, istərsə də teleserial – inkişafı üçün çoxillik planı var. Əgər hakimiyyət özünün ömrünün də çoxillik olacağını düşünürsə, kinomuz batdı. Əgər hakimiyyət Braziliya, Hindistan, Türkiyə kimi bu sənayenin inkişafını dünya səviyyəsinə çatdırmağı düşünürsə, onda qabaqca reklam bazarını açıq, şəfaff etməlidir. Teleseriala pul ayıran şirkətin başının üstünü vergi, sanitar-epidemiolagiya stansiyası, sahə polisi – bunlar kimi onlarla müftəyeyən qurumun əməkdaşları almamalıdır. Bədii yaradıcılıq rüşvətdən, korrupsiyadan uzaq olmalıdır. Və teleserial sənayesini elməddinkimilərə, fərdalara tapşırmaq axmaqlıqdır. Bu yerdə sözüm bitmədi, qəzetdə köşəm bitdi. Amma aralıq edib yazının başlığını bütünlüklə açmağa gərək var.
P.S. ANS-ə baxdıqca adamın əti tökülür. Kimlərisə debata çağırır, hərəyə danışmağa dəqiqə yarım vaxt verir, biri opponentinin yersiz çıxışına irad bildirmək istəyəndə (məsələn, Ilqar Məmmədov Zahid Oruca) aparıcı xanım him-cimlə onu susdurur və bu verilişin adını ANS-in başbilənləri “Açıq söhbət” qoyur. Arkadaşlar bunun adını “Yarımçıq qalmış qapalı söhbət” qoyun, deyək afərin! Siz hara, açıq söhbət hara, camaatı özünüzə güldürməyin. Yeri gəlmişkən, o gün Liderin “Rəngarəng”ində aktyor Yaşar Nurinin ad günü bayramından süjet verirdilər. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Yaşar Nurinin “Gülnar”ının yanağından bir çimdik götürdü, baxdım, ürəyim açıldı. Bizim məmləkətdə məmurlar aktrisalara o qədər məhrəmdilər, bunu efirdə belə göstərməkdən çəkinmirlər.

Sənubər