Bakının ətrafında «hava qapıları» qapanıb…
Türkiyənin Van bölgəsində oktyabrın 23-də baş verən, çoxlu insan tələfatı və dağıntılarla müşayiət olunan zəlzələ Bakıda 2000-ci il noyabrın 25-də baş verən zəlzələni saldı. Yadınızdadırsa həmin gün paytaxtımızda 6,3 bal gücündə zələzələ baş vermişdi. Baş verən yeraltı təkanlar paytaxtdakı tikililərə, bir neçə kiçik çatlar nəzərə alınmasa, elə də güclü təsir göstərməmişdi.
Onu da etiraf etmək lazımdır ki, o vaxt Bakıda indi mövcud olan hündürmərtəbəli binaların demək olar ki, əksəriyyəti yox idi. Zəlzələyə davam gətirən binalar isə Sovet dövründə tikilmiş, çoxlarının “istifadə müddəti ötmüş” hesab etdiyi köhnə binalar idi. Görəsən, indi Allah eləməmiş, Bakıda növbəti zəlzələ baş verərsə, yeni tikilən binalar təkanlara davam gətirə biləcəklərmi? Ümumiyyətlə, paytaxtda mövcud olan köhnə binalara sakinlər tərəfindən əlavələr edilməsi – eyvanlar artırılması, mənzillərin layihələrinə dəyişiklik edilməsi binanın möhkəmliyinə mənfi təsir edir? Ümumiyyətlə, Bakıda gedən tikinti prosesi əvvəlcədən tərtib olunmuş plana əsasən aparılırmı? Bütün bu suallara “anspress” mütəxəssislərdən cavab tapmağa çalışıb.
Binaların möhkəmliyi onun hansı qrunt üzərində tikilməsindən asılıdır
“Bakıdövlətlayihə” Institutunun mütəxəssisləri ilə söhbətdə binaların möhkəm olması üçün onların hansı qruntun üzərində “otuzdurulması”nın vacib olduğu üzə çıxdı. Belə məlum oldu ki, binanın dözümlülüyü onun çalasının (katlavan- red.) eyni növ qruntdan təşkil edilməsindən asılıdır. Əgər binanın bünövrəsi ayrı-ayrı qruntlar üzərində yerləşibsə, belə binanın möhkəmliyi daha ahdır. Çünki hər qruntun öz yükgötürmə qabiliyyəti olduğundan hər hansı təkan, yaxud da ağırlıq binada çatlar əmələ gəlməsinə səbəb olur. Bina tikilərkən zəlzələ ehtimalı nəzərə alınır. Buna bənzər sınaqlar adətən keçmiş Sovet Ittifaqında 70-ci illərdə Moskvaətrafı ərazidə “stroitelnıy poliqon” (tikinti poliqonu) adlanan məkanda aparılırdı. Burada tikilən binalara süni zəlzələ effekti tətbiq edilərək tikililərin neçə bal zəlzələyədək dözümlü olduqları müəyyənləşdirilirdi.
Qeyd edək ki, 2000-ci ildə Bakıda baş verən zəlzələyə dözən binalar da elə “Sovet dövrünün məhsulu” olan binalar idi.
Binanın keyfiyyəti həm də armaturdan asılıdır
Mütəxəssilərlə söhbətdə o da məlum oldu ki, binaların möhkəmliyinin ikinci amili tikilidə istifadə olunan armatur partiyasının keyfiyyətindən asılıdır. Əgər armaturun tərkibində daha çox karbon varsa, bu armaturlar daha kövrək olur və tez qırılır. Şübhəsiz ki, belə armaturlardan istifadə edərək tikilən binaların da möhkəmliyi yaxşı olmur. Armaturun tərkibində karbonun daha çox olmasını isə ilk baxışdan müəyyənləşdirmək mümkündür. Tərkibində karban daha çox olan armaturların içi dənəvər-dənəvər olur. Təkanlar baş verəcəyi təqdirdə binanın hansı mərtəbəsində karbonu daha çox olan armaturdan istifadə olunubsa, həmin armaturların qırılmaq ehtimalı da daha çox olur. Bu isə zəlzələ zamanı binanın çökmə ehtimalını artırır.
Armaturun möhkəmliyi onun hansı xammaldan hazırlamasından da çox asılıdır. Metal filizinin ərintisindən hazırlanan armatur sonradan istifadə olunmuş rels, metal çən, paslanmış metal məmulatlardan əridilmiş xammaldan hazırlanmış armaturdan daha möhkəm sayılır.
Eyvanı artırılan binalar real təhlükə mənbəyidir
Bakıda binalarla bağlı digər problem də sakinlərin binaların layihəsinə müdaxilə etməsilə bağlıdır. Mənzillərin layihəsinə müdaxilə və artırılmış eyvanlar zəlzələ baş verəcəyi təqdirdə, real təhlükə mənbəyidir. Hər bir binanın yükgötürmə qabiliyyəti var ki, bu da bina tikiləndə nəzərə alınır. Sonradan artırılmış eyvan binanın divarı üçün əlavə yük sayılır. Bu zaman binanın bir divarının yükgötürmə qabiliyyəti ilə digər divarının yükgötürmə qabiliyyəti arasında tarazlıq pozulur. Yeraltı təkanlar zamanı isə belə binaların uçmaq ehtimalı daha çox olur. Bu, sanki bir insanın bir əlinə 5, digər əlinə isə 15 kq. yük götürməsinə bənzəyir. Yerində dayanan zaman həmin insan tarazlığını birtəhər saxlasa da, hərəkət zamanı yük tarazlığının pozulması səbəbindən büdrəməyə başlayır.
Bakının hava sirkulyasiyası pozulub
Bakıda digər problemli məqam yeni tikilən binalar üzündən paytaxtın hava sirkulyasiyasının pozulmasıdır. Memarlıq və şəhərsalma üzrə mütəxəssis Fuad Cəfərli Bakının ekoloji durumunun hazırda dözülməz həddə olduğuna diqqət çəkir. Fuad Cəfərlinin sözlərinə görə, plansız yeni tikilən binalar səbəbindən Bakının ətrafında “hava qapıları” qapanıb.
“Biz Bakıda yaşadığımızdan bunu o qədər də hiss etmirik. Ancaq bu yaxınlarda mən xaricdən Bakıya qayıtmışdım. Bu zaman paytaxtın ekoloji durumu mənə çox pis təsir etdi. Bu şəraitə öyrəşmək üçün mənə bir qədər zaman lazım gəldi”, – deyə Fuad Cəfərli bildirib.
Mütəxəssis paytaxtdakı “tikinti bumu”ndan sonra çoxlu qum qatının yarandığını və qumun külək zamanı havaya qalxaraq insanların səhhətinə mənfi təsir göstərdiyinə də diqqət çəkir: “Biz bilirik ki, Bakı küləklər şəhəridir. Külək qalxan zaman isə bu qum insanların səhhətinə pis təsir edir. Görəsən, şəhəri qumdan təmizləmək belə çətindir ki, indiyədək bu problem həllini tapmayıb?!”