Hə, indi də saxta diplomlu həkimləri, müəllimləri axtarırlar. Olsun. Qollarına qüvvət. Amma bu xəbəri eşidəndə dərindən ah çəkdim. Fikirləşdim ki, bu ölkədə nə vaxtsa saxta deputatları və saxta prezidentləri aşkar etməyə cəhd edəcəklərmi?! Amma öz aramızdır, nə yaxşı olardı! Nə isə. Hansı bir şeyi az da olsa çözələmək istəyəndə gəlib absurd alınır, deməli, bünövrə düzgün və etibarlı qoyulmayıb. Indi nə edək? Mən də bilmirəm. Bildiyim odur ki, haqq və azadlıq, demokratiya və mülki cəmiyyət uğrundakı dinc mübarizə davam etməlidir. Bunun alternativi yoxdur. Bəli, çox problemimiz var. Əslində buna “problem” demək bir qədər düzgün deyil. Bir alman ruslar haqqında beləcə demişdi ki, onlar özləri üçün problem yaradır, sonra da əsrlər boyu həmin o problemi həll etmək istəyirlər. Biz də 1993-cü ildə, hələ bəlkə də ondan da bir az əvvəl problem yaratdıq. Indi 20 ildir həmin problemin həllinə cəhd edirik. Hələ bəlkə uşaqlarımız da bu cəhddə bulunacaq. Nə etmək olar? Üç söz yazırıq, onun da ikisi sual olur. Indi daha bir sual meydana çıxıb: əcəba, bu TŞ-dən bizə xeyir dəyəcək, ya yox?
Hər şeyi öz adı ilə adlandıra bilsək
Çalışaq bu suala cavab verək. Təbii ki, cəhd olacaq. Amma bu vaxta qədər olan cəhdlərdən bir nəticə hasil olubmu? Düz 23 ildir ki, münaqişə gedir və 19 ildir ki, Ermənistanla Azərbaycan arasında birbaşa və ya vasitəli danışıq prosesi aparılır. Amma heç bir sənəddə, o cümlədən də BMT-nin özünün qəbul etdiyi 4 sənəddə Ermənistanın adı işğalçı dövlət kimi hallanmır. Indi cəhd etmək lazımdır ki, bu vəziyyətə bir düzəliş edilsin. Bunu bacaracaqlar, ya yox? Bilmirəm. Bilirsiniz, dünya da özünü korluğa vurub. Ermənistanın prezidentləri Avropa Şurasında Qarabağ müharibəsilə bağlı xatirələrini dilə gətirməkdən belə çəkinmirdilər. Biz isə gözləyirdik ki, bəlkə Avropa Şurası Ermənistana qarşı hansısa bir sənəd qəbul edər. Bir vaxtlar Ermənistannın adı BMT-nin sənədlərində “etnik ermənilər” kimi çəkilirdi, yəni əslində isə çəkilmirdi, bunu bir az əvvəl ərz etdim. Hər halda, TŞ-nin müvəqqəti üzvü statusu bir qədər siyasi və diplomatik çəkini artırır, ümid edək ki, təşəbbüs sarıdan korluq olmayacaq. Təcrübə göstərir ki, kimsə uzun müddət, ardıcıl təşəbbüs göstərirsə, o, gec-tez nəyəsə nail olur.
Bir az da müxalifətdən
Biz bu hakimiyyətə qarşı obyektiv olmağa çalışırıq, amma bunlar müxalifəti zəiflətmək və gözdən salmaq üçün ən kiçik fürsəti belə əldən vermirlər. Indi bunlar BMT TŞ-də Şərqi Avropanı təmsil edəcəklər. Doğrudan da anekdot hesab edilə bilər. Bəli, biz milli təssübkeşlik baxımından səsimizi çıxarmırıq və bu fakta da göz yumuruq, amma əslində bu fakt demokratik müxalifətin uğursuzluqlarından biri sayıla bilər. Elə demokratik düşüncəli fərdlər üçün də bu, o qədər də ürəkaçan fakt deyil. Deməli, bizim, müxalifətin səsi yetərincə eşidilmədi. Siyasi məhbuslar, pozulan hüquq və azadılıqlar – bəli, bütün bunlar tərəzinin gözünə qoyulmadı. Lakin təəccüblənmək üçün də bir əsas yoxdur, çünki BMT belə qurulub, burada üçüncü ölkələr, sözün elə lap əsl mənasında “at oynadırlar”. Onlar orada çoxluq təşkil edir. Düzdür, beş daimi üzvün də “dirijor” çubuğu həmişə hiss olunur, amma BMT bir az qəliz təşkilatdır. Mənim yadıma gəlir ki, bir vaxtlar, 90-cı illərin ortasında, hətta hakimiyyətin özünün də senzura faktını inkar etmədiyi bir vaxt, biz BMT-nin məmuruna ölkədə senzuranın mövcudluğunu sübut edə bilmədik, kəsilmiş qəzet materiallarını da göstərdik, amma faydası olmadı, inanmadı.
Kiçik sözardı
Yunan filosoflarından biri günün günorta çağı əlində çıraq insan axtarırmış. Adını unutmuşam… Indi biz də əlimizdə çıraq, günün günorta çağı həmfikir, bəlkə də həmdərd axtarırırq. Əvvəl həmrəy deyirdik, sonra həmfikir oldu və indi artıq həmdərd demək lazımdır, çünki bu ölkənin dərdləri çoxalıb, bunu təkbaşına daşımaq çətindir. Adətən, dərd ictimai məzmunlu olmur, amma bu ölkədə artıq dərd də ictimai məzmun kəsb etməyə başlayıb. Bu, insanlardan Prometey dəyanəti və Sizif inadı tələb edir.
Həmfikir idik, həmdərd olduq…
•