“Beşiktaş” – “Fənərbaxça” derbisində qalib müəyyənləşmədi

Ötən gün Türkiyə Superliqasında VIII tura yekun vurulub. Qol.Az-ın məlumatına görə, son oyun günündə daha 4 qarşılaşma baş tutub.

Öz meydanında “Kayserispor”u qəbul edən “Gənclərbirliyi” rəqibini 1:0 hesabı ilə məğlub edib. Eyni hesab “Sivasspor” – “Mersin İdmanyurdu” matçında da qeydə alınıb – 1:0.

Superliqanın aşkar autsayderi olan “Ankaragücü” isə bu tur Manisaya səfər edib. Aktivində 1 xal olan Ankara təmsilçisi bu görüşü də xalsız başa vurub. Oyun “Manisapsor” 2:0-lıq qələbəsi ilə başa çatıb.

Turun mərkəzi qarşılaşması isə İstanbulda baş tutub. Burada əzəli rəqiblər – “Beşiktaş” – “Fənərbaxça” klubları üz-üzə gəlib. Oyunda 4 qol olmasına baxmayaraq, sonda qalib müəyyənləşməyib – 2:2.

Bu nəticədən sonra “Fənərbaxça” liderliyini davam etdirir. Üstəlik “Fənərbaxça”nın məğlubiyyətsizlik seriyası 26-a yüksəlib. “Beşiktaş” isə 14 xalla 6-cı pillədə qərarlaşıb.