“Qadın yaradılış etibarı ilə daha qüvvətlidir”
Günay Kılıç: “Azərbaycan mətbəxindən ən çox sevdiyim göy qutab, yarpaq dolması və plovdur”
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıcın xanımı Günay Kılıc Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının tərkibində fəaliyyət göstərən Qadın Jurnalistlər Klubunun suallarını cavablandırıb. Müsahibə ixtisarla “Media forum” saytında dərc olunub.
– Özünüzü bir ana və həyat yoldaşı kimi necə xarakterizə edə bilərsiz?
– Ailə quranda 22 yaşım vardı. Aldığım tərbiyə və dinimizə uyğun olaraq ailəni müqəddəs qəbul etdim. Atam bizə delə deyərdi : “İçəridə nə yaşarsanız yaşayın, amma kənarda həmişə dik durun. Probleminizi evdə buraxın, gözəllikləri kənara çıxarın”. Bu nəsihət mənim və üç bacımın evlilik fəlsəfəsi oldu. Ailəmizi, həyat yoldaşımızı hər zaman ön planda tutduq. Həyat yoldaşımızı evimizin dirəyi qəbul etdik. Amma bununla bərabər öz mənliyimizi və gücümüzü də mühafizə edə bildik.
Mən 23 yaşımda ana oldum. Oğlumu qucağıma alanda bənzərsiz sevginin xoşbəxtliyini yaşadım. Eyni zamanda üzərimdə çox böyük məsuliyyət də hiss etdim. Övladıma verəcəyim hər şeyin vətənə geri dönəcəyini düşündüm.
Oğlum iki yaşında olanda Fransaya getdik. Həyat yoldaşım ikinci bir fakültəyə qəbul olmuşdu. Həm işlədi, həm də təhsil aldı. Bütün ev məsuliyyətinin mənim üzərimdə olduğu çox çətin 4 il keçirdik. Gənc yaşda, xarici ölkədə, heç bir ailə yardımı almadan təkbaşına belə bir məsuliyyətlə yükləndim.
Fakültə bitdi, Türkiyəyə döndüyümüzdə həyatımızın axarı dəyişdi. Çünki həyat yoldaşım çətin bir imtahanı verib Xarici İşlər Nazirliyinə siyasi məmur olaraq işə düzəldi Verdiyimiz mübarizənin nəticəsini almışdıq.
Həyat yoldaşımın uğuru mənə dörd ildə çəkdiyim sıxıntıları unutdurdu. Oğlumdan 8 il sonra, 31 yaşımda sevgili qızımızı qucağıma aldım. Eyni duyğularla sarıldım ona, amma təbii ki, bu dəfə daha təcrübəli idim.
Bir yandan peşəmə davam etdim, digər tərəfdən həyat yoldaşım və uşaqlarım üçün yaşadım. Mən, həyat yoldaşım və uşaqlar təhsili həmişə ön planda tutduq. Təhsildən heç bir vaxt kəsmədik. Özümü isə həmişə ikinci plana atdım. Yaxşı ki, elə də eləmişəm. Şükürlər olsun ki, indi hər iki övladımın da həyatları yolundadır. Öz ayaqları üzərində durmağı bacardılar və cəmiyyətdə hörmətli yerə sahibdirlər. Övladlarımla qürur duyuram, mənə problem yaşatmadılar. Bir ana daha nə istəyər ki? Xoşbəxtliyin ən böyüyü budur.
– Hulusi bəylə bir-birinizi sevərəkmi ailə qurdunuz?
– Bəli. Universitetdə eyni kursda oxuyurduq. İkinci kursdan etibarən dostluğumuz başladı. Universitet bitincə də evləndik.
– Türkiyəlilərin belə bir sözü var: “Hər başarılı erkəyin arxasında güclü bir qadın dayanır”…
– Əslində bu söz bütün türk dünyasına aiddir. İfadələr fərqli olsa da, məna eynidir. Türk qadınının ailədəki rolunu, gücünü, dayanıqlığını, vəfasını anladan çox köklü sözdür.
Evlilik çox fərqli bir bərabərlikdir. Heç tanımadığınız ailənin yetişdirdiyi bir insanla həyatınızı paylaşırsınız. Əslində, bu heç də asan deyil. Bizim tərəflərdə evlilik üçün “kəsilməmiş qarpız” ifadəsini işlədirlər. Diqqətlə seçsəniz də, necə çıxacağı bəlli deyil.
Amma ailənin təməlinin maddi və mövqeli maraqlara dayanıq olmaması çox önəmlidir. Birlikdə verdiyiniz mücadiləylə zatən mənəvi və maddi hədəflərinizi yaxalaya bilirsiniz. Bir universitetin birinci kursunda tanış olduq. Yəni cibimizin boş olduğu, kredit alıb təhsilimizi davam etdirdiyimiz zamanlar idi. O vaxtdan bəri də bərabərik. Əlbəttə, çox çətin, problemli günlər də yaşadıq. Amma belə günlərdə fədakarlığın böyük qismi, deyəsən, qadının üzərindədir. Çünki qadın yaradılış etibarı ilə daha sülhsevər, vasitəçi və qüvvətlidir.
Evlilikdə kinə yer yoxdur. Həyat yolunda eniş və yoxuşlarda, yaxşı və pis günlərdə, varlıqda və yoxluqda eyni insan olaraq qala bilməyi bacarmaq lazımdır. Əlbəttə, həyat yoldaşınızın da bu dəyərlərə sahib olduğunda əminlik şərti ilə. Onda bütün həyatınızı paylaşdığınız bir insanın arxasındamı, yanındamı, önündəmi, sağındamı, solundamı durmağınızın nə önəmi var ki? Önəmli olan ona verdiyiniz dəyər və dəstəkdir.
– Azərbaycan və Türkiyədə bir çox məsələlərdə bənzərlik var. Bəs qadın hüquqları məsələsində hansı ölkədə vəziyyət daha yaxşıdır?
– Mən hüquqşünas deyiləm. Dolayısı ilə qanun çərçivəsində bir müqayisə aparmağım imkansızdır. Azərbaycanda da Türkiyədə olduğu kimi bəzi problemlər var. Bu problemlərin daxilinə varanda xalqın öz yapısını görə bilirsiniz. Siz istədiyiniz qədər qanun yaradın, təəssüf ki, günlük yaşamda insanlar öz ənənələri ilə yaşayır və öz qanunlarını tətbiq edirlər. Bu da böyük problemlər yaradır.
– Müsahibələrinizdən birində bizim yeməkləri xoşladığınızı demisiniz. Neçə ildir Azərbaycandasınız, sevdiyiniz yeməklərdən hansını bişirməyi öyrənmisiniz?
– Düzünü deyim, mən burda yemək bişirmirəm. Amma yemək reseptlərini yığıram. Türkiyədə öz mətbəximlə baş-başa qalanda mütləq o reseptlərdən istifadə edəcəm. Azərbaycan mətbəxindən ən çox sevdiyim göy qutab, yarpaq dolması və plovdur.
– Azərbaycan cəmiyyətində nələri bəyənirsiniz və bunun Türkiyədə də olmasını arzulardınız?
– Uşaqların musiqi təhsilinə çox erkən yaşdan başlamaları çox gözəl şeydir. Türkiyədə də bu var, amma fərdi səylərlə, ailələrin öz təşəbbüsləri ilə. Türkiyədə də buradakı kimi dövlət musiqi məktəblərinin olmasını istərdim.
– Azərbaycanın hansı bölgələrində olmusunuz və o yerlər haqqında təəssüratlarınız?
– Demək olar ki, bütün bölgələrdə oldum. Xüsusilə ilk iki il hər fürsətdə gəzdik. Türkiyə ilə müqayisə edəndə məsafələr çox qısadır, ona görə həftə sonlarını belə dəyərləndirirdik. Bakıdan uzaqlaşdıqca təbiət daha yaşıl, hava daha təmizdir. Sanki Anadoluda səyahətə çıxmışıq təsiri bağışlayır adama. İnsanların qonaqpərvərliyini, ürəklərindəki Türkiyə sevgisini gördük. Bir sözlə, çox zövqlə dolaşdıq.
– Bizim qadınların geyimləri sizə görə mədəni və müasirdimi?
– Geyim hər qadının öz seçimidir. Geyimi təndiq etmək, məncə, çox mənasızdır. Çünki birisi çox bəzəkli, rəngli geyər, birisi sadə sevər. Kimisi klassik geyimdə rahat olar, kimisi modern. Kimisi də hər şeyi qarışdırıb öz tərzini yaratmağa çalışar. Bu, bir seçim məsələsidir. Önəmli olan o geyimin içində olan insanlıqdır. Adamı geyiminə görə qarşılayıb ağlına görə yola salarlar.
– Günay xanım, dostluğa münasibətinizi bilmək istərdik. Azərbaycanda dostluq etdiyiniz qadınlar varmı?
– “Yalnızlıq Allaha məxsusdur” deyirlər. İnsan dostsuz yaşaya bilməz. Bəzən çox yorucu günlərdən sonra bir neçə gün dincəlmək istəyirsiniz. Amma bir boşluq hiss edirsiniz və dost axtarırsınız. Azərbaycanda da dostlarım var.
– Dostluqda nələrə üstünlük verirsiniz?
– Hər şeydən öncə sədəqət və güvən lazım. Etiketlər dəyişdiyində eyni qala biləcək, dəyişməyəcək bir dostluq. Yəni daimi dostluq, yaxşı günün dostluğu yox…