Naxçıvandan Dərbəndə kimi hamı yerlibazdır!

Deputat Adil Əliyevin “Qaynar.info”ya verdiyi müsahibəsini “Mirzə Xəzərin Səsi”ndə “Ali baş komandan Ilham Əliyevin deputat əsgəri: ”Azərbaycanda yerlibazlıq yoxdur” başlığı ilə dəyərli jurnalist Mirzə Xəzər və oxucular şərh edib. Yazıya Əli adlı oxucu ilginc şərh yazıb: “Adil Əliyev tamamilə doğru deyir: bu gün Azərbaycanda yerlibazlıq yoxdur. Ona görə ki, hakimiyyət və dövlətin bütün idarəetmə orqanlarında – prezident aparatında, nazirliklərdə, rayon IH-də işləyənlərin hamısı naxçıvanlılardan ibarətdir. Bir nəfər də olsun yerli məmur, nazir… yoxdur”. Əcəba, “yerli” deyəndə, Əli bəy hansı şəhəri, rayonu nəzərdə tutur? Bəlkə, özünün, qohum-əqrəbasının dünyaya gəldiyi yerləri “yerli” sayır? Bəla ondadır ki, əksəriyyət ulu babasının doğulduğu şəhəri, rayonu Azərbaycan sayır, qalan yer(li)lərə nifrət edir. Əslində, naxçıvanlıların “yerlibaz” olmaqda elə adları çıxıb. Naxçıvandan tutmuş Dərbəndə kimi hamı yerlibazdır! Yaxşı olar ki, hərə bir anlığa ətrafına nəzər salsın və şəxsən özünün necə yerlibaz olduğunu görsün. Bu məmləkətdə adi bir iş quran kiçik sahibkar da, balaca bir vəzifədə işləyən məmur da ətrafına yerlilərini toplayır. Savadı, peşəkarlığı, əməyi nəzərə alan, dəyər verən yoxdur. Ona görə də ölkədə inkişafdan əsər-əlamət görmək mümkün deyil. Əsrlərdir, tayfabazlıq, yerlibazlıq, qohumbazlıq, məhəlləbazlıq, yaltaqlıq… bəlasından qurtula bilmirik. Hamı tərif deməklə bir-birinin girovuna çevrilib sanki. Millət o qədər “ulu öndər” haqqında nəğmələr, şeirlər, təriflər eşitdi ki, axırda hamı “məni təriflə” xəstəliyinə mübtəla oldu. Bu elə dəhşətli virusdur ki, gələcəkdə daha böyük faciələr törədəcək. Vəziyyət çox ağırdır. Indi nəinki təkcə ulu öndəri, həm də fərsiz əri, arvadı, qonşunu, ustanı… da tərifləməlisən. Hünərin var tənqid et: ər evdən maaşı, arvad süfrədən bozbaşı, qonşu bayram payını, usta qulağını kökündən kəsər. Zatən Azərbaycan nağıllarında da  ulu BABAlarımızın tərifi necə sevdiyi, tənqidə dözümsüzlüyü təsvir olunub. Misal üçün, əksər nağıllarda şahın böyük, ortancıl övladları onu tərifləyir, sonbeşiklər isə tənqid edir. Axmaq Şah da var-dövlətini, yerini-yurdunu yaltaqlara bağışlayır, qürurluları isə ölkədən qovur və sonda yurdunda bayquşlar ulayır. Görünür, Şekspir də məşhur “Kral Lir” faciəsini Azərbaycan nağıllarından plagiat edib. Belə davam etsə faciələrimiz hesabına gələcəkdə saysız-hesabsız əcnəbi dahilik zirvəsinə qalxacaq…

Artıq nəinki ölkənin, hər nəslin, hər məhəllənin bir “ulu öndəri” var. Və onlar hansı yanlışlıqlar edirlərsə etsinlər, toxunulmazdırlar. Çünki çoxu “öndər”ə “çörək ağacı” kimi baxır. Indi əksər ailələrdə ən azı bir-iki şair, yazıçı, jurnalist olsa da, heç gördünüzmü onlardan kimsə yaltaq ərini, xanımını, oğlunu, qohumunu… tənqid etsin? Istəsələr də, mümkün deyil! Qonum-qonşu, qohum-əqrəba, dost-tanış yazara elə hücum edər ki, blokda gizlənən qara maskalılar onların yanında ağcaqanad kimi görünər. Bu ölkədə adət-ənənə belədir: yaxınlarının saxtakarlığına, cinayətlərinə göz yummaq, yadın saqqalından yapışıb yıxıb sürümək. Bu yaxınlarda, nəsillərinin “ulu öndəri”ni köşəsində tənqid edən yazara yaxınlarının necə cəza verdiklərinin şahidiyəm.  Iki-üç tənqidi cümləyə görə bütün qohum-əqrəba yazara göz bərəltdi, dost-tanış “öndərinə kəm baxanın gözlərinə qan damar” dedi. Tənqid olunan ağsaqqal isə əllərinə daş götürən fanatlarına balkondan müraciət edib onları sakitləşdirdi. O, pərəstişkarlarına “onun məni yazdığından on qat artıq tənqid etməyə haqqı var” desə də, yazara “bir də məni tənqid etsən, birinci daşı başına çırpan mən olacağam” dedi. Gizlindəki əlidaşlı “ustadlar” fəxrimizdir: şəyirdlərinə yollarını azmağa imkan vermirlər. Axı BIZ bir-birinin ayıbını, namərdliyini ört-basdır edən Azərbaycan boyda mehriban bir ailəyik. Burada, bir dam altında, eyni blokda, məhəllədə…  yaşayanlar açıq-aşkar bir-birini tənqid etsə ayıb sayılar. Tənqidçi yoldaş xəcalətdən, qorxudan məhəllədə görünə bilməz.
P.S. Maraqlıdır, əcnəbi yazarlar nəslin “çörək ağacını”, “hörmətli” nümayəndələrini tənqid edəndə dost-tanış necə vay-şivən salır? Ümumiyyətlə, qol-budağından qohum-əqrəba sallanan “çörək ağacı” xaricdə bitirmi?