“Vikiliks” PROQRAMI öz işini görməkdə, Ilham Əliyevin özünə yaratdığı blokada getdikcə qabarmaqda, daralmaqdadır. “Vikiliks” I.Əliyevin ABŞ hökumətinə mesajlarını açıb tökməklə onun ideya-siyasi kimliyini, necəliyini açıb ortaya qoydu. “Vikiliks” yayımlarından I.Əliyevin Iranı, Rusiyanı necə satdığı, qardaş (bizə qardaş!) Türkiyəyə dönüklüyü ortaya çıxır. Özünü demokratik, proqressiv dövlət başçısı, eləcə də ABŞ-ın dostu kimi göstərmək üçün I.Əliyev amerikalı diplomatlarla qapalı görüşlərində Iranla Rusiyanı region üçün qorxulu dövlətlər adlandırıb, Əhmədinejadla Putini aşağılamaq yolu tutub. Bu sayaq faktlara biz bəlli bir prizmadan anlayışla yanaşa bilərdik, di gəl, onun bizə qardaş Türkiyəyə yanaşmasını, bizə qardaş Türkiyəyə bizə düşmən dövlətlərdən qat-qat artıq düşmənçilik sərgiləməyini – “Biz Türkiyənin regionda üstün gücə çevrilməyini istəmirik!” – anlamaq, anlayışla qarşılamaq çətindir. Belədə istər-istəməz ortaya subyektin milli kimlik faktoru çıxır.
Türkiyənin regionda üstün gücə çevrilməyinə çalışmamaq, bunu istəməmək yalnız Türkiyəyə deyil, bütövlükdə Türklüyə düşmən olmaq deməkdir!Sözügedən faktların açıqlanmasından sonra I.Əliyevin ideya-siyasi, mənəvi-psixoloji, bizim üçün ən başlıcası, milli kimliyi ortaya çıxdı. Açıqlanan faktlar I.Əliyevin özü-özünü blokadasına gətirib çıxardı. Bu blokada getdikcə güclənməkdə, getdikcə daralmaqda, getdikcə daha etkili xarakter almaqdadır. I.Əliyevin indiki durumunu S.Vurğunun “Vaqif” pyesindəki oxşar bir epizod bütünlüklə yansıtmaqdadır. Pyesdə, çıxılmaz duruma düşmüş Qacarın dilindən deyilir: “O yandan Türkiyə, bu yandan Iran / Ordan da Rusiya göndərir fərman / Pozmaq istəyirlər cah-cəlalımı!”
Durum oxşardır, burada oxşar olmayan bircə nəsnə var: Qacar ölkəsinə, dövlətinə bağlı kimsə, Azərbaycanın bütövlüyünə-üstünlüyünə çalışan dövlət başçısı idi!“Vikiliks”in bəlli yayımları ilə bağlı demarş demarş üstündən gəlir. Putin, demək olar, dolayısıyla I.Əliyevə mesaj göndərir: “Mən prezidentlik üçün ölsəydim, Konstitusiyanı dəyişərdim”. Putinin burada bircə bunu deməyi qalır: “Ilham Əliyev kimi”. Demir – daha effektli variant seçdiyinə görə!Bugünlərdə Iranın super ayətullahlarından biri I.Əliyevə devrim ultimatumu göndərdi. Özü də Ərəb ölkələrində baş verən devrimləri önə çəkməklə. Bundan qabaq əliyevçi rejim əlaltısı F.Ağa malı Ərəb ölkələrindəki devrim proseslərinin gəlib Iranda başa çatacağını bildirmişdi. Biz indi kimə inanaq: Iran ayətullahına, yoxsa əliyevçi rejim əlaltısına? ABŞ susur, adam çaşbaş qalır!
Son çağlar qardaş Türkiyədən də ilginc mesajlar gəlməkdədir. Qəzetlər “Türkiyə PKK-nı bitirəcək” yazırlar. Bəlli olduğu kimi, PKK-nın bir başlıca uzantısı Iraq, o birisi Əliyevlər Azərbaycanıdır. PKK-nın Türklüyə qarşı ermənilərlə əlbir işlədiyi də çoxdan bəllidir. Cəmil Çiçəyin dediyi kimi, az qala, bütün dünya PKK-nı terror qurumu olaraq tanısa da, Əliyevlər hakimiyyəti onu belə tanımır, tanımaq istəmir.
Ən azı, 26 Türk əsgərini şəhid etməyindən sonra əliyevçi antimilli Məclis yubanmadan yığışıb PKK-nı terror qurumu olaraq tanımalı, bununla gerçək arxadaşlıq sərgiləməli, gec də olsa, “bir millət – iki dövlət” formulunu doğrultmağa çalışmalı idi. Bu olmadı. Bu da olmadısa, demək, kimin kiminlə olduğunu, kimin kimə arxa durduğunu soruşmaq artıqdır.
Görünür, ardıcıl demarş yolunu tutan Putin bir neçə gün qabaq qondarma prezident Medvedevin dililə I.Əliyevə daha bir mesaj yolladı: “Mənə çöçün gəlir: hər iki prezidentin – prezident Əliyevin də, prezident Sərkisyanın da çevrəsindəki adamlar bir-birilə yaxşı yola gedir, asanlıqla Azərbaycan dilindən ERMƏNI DILINƏ, ERMƏNI DILINDƏN Azərbaycan dilinə keçirlər. Bu, mənim gözlərim önündə baş verir”.
Kimliyindən asılı olmayaraq, bir prezident gözləri önündə baş verənləri dilə gətirirsə, buna nə demək, necə don geydirmək olar? Bu əzici, öldürücü faktla bağlı əliyevçi əlaltı TV-lər antiMedvedev kampaniyasına baş vurdular. Daha bir əlaltı, B.Sadıqov nə düşünür, bilmirik. Bu yerdə B.Sadıqov susursa, demək, administrator-filosof R.Mehdiyev susur. Niyə?
D.Medvedev I.Əliyevlə bağlı yuxarıda dediklərilə yetərlənsəydi… yox, yetərlənmir; açıq-aydın qurşaqdan aşağı zərbə vurmağa gedərək, nokauta çalışır. Budur, baxın: “Düşünürəm, Serj Azadoviçlə Ilham Heydəroviç, onların da bir-birilə yaxşı yola getdiklərini desəm, məndən inciməzlər. Biz birgə stol arxasında oturanda onlar çox sıcaq ilişkilərdə bulunurlar”.Bununla, bax bununla Medvedev I.Əliyevin astarını üzə çevirir. Biz indiyədək dönə-dönə Sərkisyanla qapalı Qarabağ danışığından kamera qarşısına olduqca “acıqlı” çıxan I.Əliyevi Qarabağ probleminin çözülməz qaldığından “üzüntülü” görünüşlə Sərkisyana açıq “antipatiya” sərgiləyən görmüşük. Indi bu sayaq görsənişlərin hamısının rola girmək, xalqla oyun oynamaq, xalqı dolamaq, ələ salmaq demək olduğu danılmaz faktdır. Yanılmıramsa, 2004-cü ildə bunu ATƏT-dən olanların biri demişdi: “Ilham Əliyev Qarabağ danışıqları ilə bağlı bizimlə bağlı qapılar arxasında gülə-gülə danışır, kamera qarşısına çıxanda… özünə acıqlı, üzüntülü görkəm verir”.
Biz də deyirik: Azərbaycanda teatr sənəti ölüb gedib. Elədirsə, xanımlar, bəylər, qabaqlar başında ata, indi oğul Əliyevin durduğu QARABAĞ TEATRI nədir? Bundan daha parlaq, daha canlı, daha gerçəkçi-real bir teatrı, çox kiçik olsa belə, bundan daha bacarıqlı AKTYOR TRUPPASINI siz hansı arenada görmüsüz? Dillənin, niyə dillənmirsiz? Siz də susursuz, müxalifət də, onda mən üzümü kimə tutum? Axı, mən bilmək istəyirəm: bu dünyada ata-oğul Əliyevlərin QARABAĞ TEATRINDAN daha gözəl (siyası baxımdan), daha gəlirli-rentabelli (onlara milyardlar qazandırmaq baxımından) başqa bir teatr varmı? Hollivud? Yox. Hollivudda 100 milyon dollar qazanmaq üçün bir filmə azı 30-50 milyon dollarlıq maya qoymalı olurlar. Bunlarsa Qarabağ adına bir pencəyi çiyinə atmaqla, illər uzunu boş-boş danışıqlar aparıb hakimiyyət sürməklə yox yerdən milyardlar qazanırlar! Siz buna “absurd teatrı” deyə bilərsiz, ancaq bu, azacıq da olsa absurd teatrı deyil. Bu, bütünlüklə realist bir teatrdır: mən, sən, o – biz hamımız bu teatrın passiv-ölüvay personajlarıyıq. Yox, biz Şeksprin ən azı “ya olum, ya ölüm” deyə düşüncə vurnuxmasında bulunan Hamleti deyilik. Biz Mirzə Cəlilin bütünlüklə ölməmiş ölüləri də deyilik; biz onlardan qat-qat artıq ölülərik!
Türkiyəli diplomat Turqut Ər bəlli kitabında yazır: “Heydər Əliyev 1993-cü ildə hakimiyyət başına gələndən sonra Azərbaycanda hakimiyyətə anası, arvadı erməni… olanlar gətirildilər”.
Çağında Doğu dünyasının ən böyük liderlərindən olan N.Nərimanov Stalinə bəlli acıqlı məktubunda yazırdı: “Azərbaycanda hakimiyyətə bolşevik bürüncəyinə bürünmüş erməni – daşnaklar yiyələniblər… Buna görə bu torpağın köklü yiyələri – Azərbaycan Türkləri ölkənin hər yerində yetkisiz-etkisiz duruma gətiriliblər”.
Görəsən, Putin Medvedevin dililə bizə hansı mesajı göndərir?