Bizə niyə radikal müxalifət deyirlər?

Mən bu haqda çox düşünmüşəm, amma bir qənaətə gəlməmişəm. Inanın ki, əgər bizi bu adla çağıranların – hakimiyyət adamlarının özündən soruşsan, onlar bu suala cavab verə bilməzlər. Fəqət, yenə də iddia edirlər ki, bəli, siz radikal müxalifətsiniz. Mən də soruşuram ki, bəs, bu radikallıq nələrdə ifadə olunub? Radikal siyasi qüvvə deyəndə, adətən silahlı dəstələri olan, siyasi mübarizədə zorakı üsullara meyl edən, dinc mübarizə üsullarını rədd edən, siyasi mübarizədə qeyri-ənənəvi üsullara, məsələn, terrorçuluğa üstünlük verən siyasi qüvvələr nəzərdə tutulur. Adətən radikal siyasi qüvvə deyəndə mənim gözlərim önünə “Həmas” kimi təşkilatlar və yaxud əfqan müxalifəti gəlir.

Ümumiyyətlə, terminlərə qarşı etinasızlıq bu hakimiyyətin xasiyyətidir. Bizi əvvəlcə “ənənəvi müxalifət” adlandırdılar və bəyan etdilər ki, bu ənənəvi müxalifətə ölkədə yer yoxdur! Buradan belə nəticə çıxarmaq olardı ki, belə bölgü ilə ölkə siyasətində ancaq qeyri-ənənəvi müxalifətə yer var. Amma yenə də ziddiyyət yaranır. Çünki “qeyri-ənənəvi müxalifət” deyəndə dünyada adətən hərbi müxalifəti, dini qrupları və s. nəzərdə tuturlar. Belə çıxırdı ki, ölkə siyasətində sonunculara yer var, amma bizə yoxdur.
Nə isə. Sonradan təzə bir ad atdılar ortalığa – radikal müxalifət! Mən də, mənim müxalifətçi və jurnalist dostlarım da təbiətcə radikal insanlar deyilik, siyasətdə də zorakı üsul və metodların qəti əleyhinəyik. Mən hətta belə bir faktı deyim ki, 90-cı illər siyasətdə seçki vərdişlərinin zəif olması ilə xarakterik idi, insanlar daha çox mitinq və aksiyalara üstünlük verir, mübarizə vasitəsi kimi ancaq bu yolu və metodu qəbul edirdilər. Böyük çətinliklə, hə, olduqca böyük çətinliklə bizlər insanlara seçici vərdişləri aşılaya bildik. Amma sonradan nə baş verdi? Biz seçkini əsas siyasi mübarizə vasitəsi və metodu kimi qəbul etdik, lakin bəlli oldu ki, bu hakimiyyət seçkini qəbul etmir, düzgün seçki keçirmir. Amma yenə də buna baxmayaraq, biz siyasi oyun qaydalarını dəyişmədik, seçkidə israr etməkdə davam etdik. Ötən illər göstərdi ki, hakimiyyət ölkənin siyasi qüvvələrini radikallaşdırmaq istəyir və onların radikallaşması üçün sanki bir zəmin yaradır. Amma müxalifət yenə də öz siyasi prinsiplərinə sadiq qaldı və siyasi mübarizənin ancaq dinc üsul və metodlarını seçməkdə israrlı oldu.
Bütün bunlardan sonra biz yenə də “radikal müxalifət” adlanacağıqmı? Bəli, indi bu hakimiyyət daha nə fikirləşir, mən bilmirəm. Bu yaxınlarda eşitdim ki, hətta bir qəzet də buraxmaq istəyirlər. Mən müxalifəti nə böyütməyin, nə də kiçiltməyin tərəfdarıyam. Amma bir şeyi bilirəm: Azərbaycanla və onun siyasətilə maraqlananlar müxalifəti nə “ənənəvi”, nə də “radikal” adlandırır, ona “əsas müxalifət” deyir və əsas müxalifət kimi də məhz onu tanıyırlar!
Qərb kapitalizmə indi keçir?
ABŞ-da və digər ölkələrdə insanlar kapitalizmə qarşı etiraz edir. Əcəba, nə baş verir? Bəlkə Marksın dediyi kabus bir daha təzahür etməyə cəhd göstərir?
Bəli, ilk baxışda vəziyyət çox dolaşıq, eləcə də ziddiyyətli görünür. Bir misal deyəcəm. Ötən əsrin səksəninci illərində bir qrup ABŞ alimi Sibirdə nüvə tədqiqatları institutunda olmuşdu. Gedəndə bu insanlar nə dedi? Dedilər ki,  təəccüblüdür, dünyanın ən demokratik ölkəsi bizdədir, lakin ən demokratik institut Sibirdədir!
Sosializmin acılarını biz yaşadıq, lakin xeyrini qərblilər gördü. Bu ölkələrdə sosial proqramlar və hüquqlar paketi o qədər böyük idi ki, ölkələr buna əsl mənada davam gətirə bilmədilər. Odur ki, indi bəzi kapitalist ölkələrində qayışları bərkidirlər, sosial xərcləri azaltmaq istəyirlər. Təbii ki, aşağı və orta təbəqə buna etiraz edir. O gün telekanalların birində dedilər ki, Qərb ölkələrində kapitalizmə qarşı aksiyalar keçirilir! Hələ qlobal böhranın əsl səbəbi haqda iqtisadçı sözü eşitmirəm. Deyənlər isə belə ərz edir ki, bəs, kapitalizm böhran keçirir. Mənsə deyirəm ki, yox, əzizlərim, bu, kapitalizmin böhranı deyil, böhran keçirən indi də sosializmdir, amma bu dəfə Qərb sosializmi!