Azərbaycanda «Arzuolunmazlar» siyahısına düşəcək xeyli adam var
Ərəb ölkələrində inqilablar baş qaldırandan sonra dünya ictimaiyyəti avtoritar rejimlərin hökm sürdüyü digər ölkələrdə də islahatların həyata keçirilməsi üçün səyləri artırıb. Lakin hələ ki, ərəb diktatorlarının acı taleyi digərləri üçün dərs olmayıb. Bu səbəbdən də diktatorlar və onların ətrafı üçün müxtəlif sanksiyaların tətbiqi nəzərdən keçirilir.
Bir müddət əvvəl ABŞ prezidenti Barak Obama öz ölkələrində insan haqlarını pozan məmurların Amerikaya buraxılmaması ilə bağlı təklif irəli sürüb. Obama belə məmurların siyahısının hazırlanması barədə göstəriş verib. Azərbaycanda da bu siyahıya düşə biləcək kifayət qədər məmur var. Bəs hüquq-müdafiə təşkilatları belə bir siyahını hazırlayıb beynəlxalq təşkilatlara təqdim edəcəkmi?
Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov işgəncələr və qeyri-insani rəftarla əlaqədar hesabat hazırlayarkən işgəncə faktlarında iştirak edən məmurların adlarının da bu hesabata salındığını deyir. Bunlar, adətən, hüquq-mühafizə orqanları əməkdaşları olur.
E.Behbudovun sözlərinə görə, məqsədi qeyri-insan rəftarda adı hallanan məmurları, o cümlədən polisləri ifşa etməkdir. Bu səbəbdən də onların adı salınan hesabatlar əməkdaşlıq etdikləri beynəlxalq təşkilatlara göndərilir.
Lakin hüquq müdafiəçisi hələlik bu şəxlərin adının çəkilməsini lazım bilmədi.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Anar Məmmədlinin fikrincə, hər hansı dövlətin bununla bağlı istəyini gözləmədən hüquq-müdafiə təşkilatları insan haqlarını pozan məmurlara qarşı sanksiyaların tətbiqi məsələsini gündəmə gətirməlidir.
A.Məmmədli bu istiqamətdə müəyyən addımlar atıldığını da qeyd etdi: “Yazışmalarımız olur, hüquq pozuntuları zamanı buna yol verənlərin adlarını çəkirik. Hüquq-müdafiə təşkilatları məlumatlar yayır. Amma çox zaman belə kampaniyaların təşkili beynəlxalq hüquq-müdafiə təşkilatlarından asılı olur. Onların bu cür kampaniyalara qoşulması səmərəsini göstərir”.
A.Məmmədlinin sözlərinə görə, ölkəmizdə fəaliyyət göstərən hüquq-müdafiə təşkilatlarının bu məsələ ilə bağlı birgə mövqeyinə ehtiyac var. Lakin təəssüf ki, Azərbaycanda bəzən hüquq-müdafiə təşkilatları arasında vahid mövqeyə gəlmək mümkün olmur.
Fizzə