Qəzzafinin faciəli sonu göstərdi ki, dünya demokratiyadan vaz keçmək fikrində deyil, miyardları əlində cəmləşdirən diktatorları ard-arda devirməkdə israrlıdır. Diktatorların da “axmaq” Bin Əli istisna olmaqla, sakitcə çəkilib getmək fikri yoxdur. Ölkələri fəlakətlər bürüyür və sonda despotlar ya məhv edilir, ya da qəfəsdə məhkəmə qarşısına gətirilir.
Diqqətlə izlədim, Qəzzafi faciəsindən sonra iqtidarı kəskin tənqid edən yazarlar belə, bu cür sonluqların ölkəmizdə təkrarlanma ehtimalı haqda açıq-aşkar yazmadılar və bunu arzulamadılar. Düz də elədilər, heç bir ölkəyə, o cümlədən Liviyaya bu finalı arzulamazdıq. Devrilmiş diktator, övladları və nəvələri yaşda insanlardan aman diləyirdi. Ölümündən beş dəqiqə əvvəl peşiman olmuş diktatoru bağışlamadılar. Düz beş ay gecikmişdi…
Bu hadisələrə qədər Liviyada vəziyyət Azərbaycandan da sabit idi. Qəzzafi sərbəst şəkildə insanlarla görüşür, dərdlərini dinləyir, fərmanlar verir, izdihamlı kütlənin ona etdiyi sevgi etiraflarından məst olurdu. Xarici səfərlərində isə, Italiyanın baş naziri Silvio Berluskoni başda olmaqla dünyanın söz sahibi ölkə başçıları onun əlini öpməyi belə, özlərinə ar bilmirdilər. Qəzzafi xoşbəxt idi və öləndən sonra Liviyaya rəhbərlik etmək üçün oğlunu hazırlayırdı.
Bəzi xüsusiyyətlərinə görə sovet quruluşunda yaşayırdı liviyalılar – təhsil, səhiyyə pulsuz, evlənən cütlüklərə ev almaq üçün maddi güzəşt, anadan olan körpələrə birdəfəlik və aylıq müavinət və s.
Rüşvət isə ona görə yox idi ki, bütün sahələrə özləri nəzarət edirdilər.
Qəzzafi və onun oğulları, yaxın qohumları hüdudsuz səlahiyyətlərə malik idilər. Dövlətin adı var idi. Bütün strateji biznes sahələri onların nəzarətində idi. Onlar şübhələndikləri insanları və onların yaxınlarını bir anın içərisində yox edirdilər. Ölkədə yaxşı nə varsa onlara aid idi. Dünyanın aparıcı müğənniləri, aktyorları Qəzzafi ailəsinin əlamətdar günlərində bir neçə saatlığa illərlə qazandıqlarının bir neçə qatını qazanırdılar. Qəzzafinin oğlanları isə dünyanın ən bahalı kazino və gecə klublarının daimi müştəriləri idi. Hətta futbol əfsanəsi Dieqo Maradona böyük pullar müqabilində despotun Səid adlı oğluna futbolun incəliklərini öyrətmək üçün bir il Liviyada çalışdı. Oğlunun bu istəyini görən ata Italiyanın ortabab “Peruca” klubunun səhmlərinin yarısını aldı və bununla da oğlunun A seriyasında oynamasına nail oldu.
Ölkədə siyasi müxalifət yox dərəcəsində idi. Demokratiyadan isə danışmağa dəyməzdi. Yalnız narazılar var idi. Onlar da bunu büruzə verməklə özlərinin və yaxınlarının həyatlarını təhlükəyə atmaq istəmirdilər. 2011-ci ilin fevralında yaranmış siyasi müxalifət ilk mitinqini 500 nəfərlə etdi və bu gün tam qələbəyə nail oldu.
Indi isə Liviyanı Azərbaycanla müqayisə edək. Oxşarlıqlar çoxdur. Liviya xalqının Azərbaycan xalqına nisbətən daha yaxşı yaşamasını çıxsaq, situasiya eynidir. Bizdə də ölkə başçısı həmişəlik prezident olmağı qərara alıb və yaxın çevrəsi bunun zəruriliyini “əsaslandırıb”. Dünyanın ünlü müğənniləri onların da şad günlərində gəlir. Əsas biznes sahələrinin bir neçə ailəyə məxsusluğu da heç kimə sirr deyil. Sadalamağa ehtiyac da yoxdur.
Prezidentin bölgələrə səfəri zamanı nə vaxta qədər məktəb direktorlarını, idarə müdirlərini, icra nümayəndələrini sadə xalq kimi qələmə verəcəksiniz? Insanlar ona şikayət etmək üçün damlara çıxırlar. Oktyabrın 20-nə qədər haqqında susduğunuz, indi isə diktator adlandırdığınız Qəzzafi belə etmirdi axı…
Qəzzafi devrilən kimi isə, bu ideoloqlar bunu bizə neft və qaz uğrunda savaş kimi sırımağa çalışırlar. Sanki təbii sərvətləri olmayan ölkələrin hamısında diktatura rejimi hökm sürür, dünya da buna göz yumur, nefti olan ölkələri hədəf seçib(!). Daha nələr…
Göründüyü kimi, oxşarlıqlar çoxdur, fərqli cəhətlər isə təəssüf ki, Qəzzafinin xeyrinədir. Bu gün artıq onun qədər olmaq da, xilas olmaq demək deyil…
Liviyadan nə ilə fərqlənirik?
•