Dima yenə aranı qatıb. Medvedevi deyirəm. Keçib şantaja. Kənddə qonşu uşaqları bir-birini örüş yaramazlıqları ilə şantaj edən kimi Rusiya prezidenti də Sərkisyanla Əliyevi Qarabağ danışıqlarındakı yaramazlıqları ilə şantaj edir. Kişinin yanında baş kəsərlər. Medvedev hardan bilsin belə atalar sözlərin? Bizim kimi mentalitetləri yoxdur ki, pis işin üstünü örtmək qəhrəmanlıq sayıla. Amma yenə də sağ olsun ki, bizi bəzi məqamlardan agah edib.
Məsələn deyib ki, prezidentlər bir-birləri ilə əla dil tapırlar. Ünsiyyət qururlar. Onda bəs niyə münaqişə həllini tapmır? Mənə elə gəlir ki, onlar heç Qarabağdan danışmırlar. Nə işlərinə qalıb axı. Böyük var, kiçik var, onlar yaxşı bilirlər ki, bu işlə Putin, ən aşağısı Medvedev, ölən yeri Lavrov məşğul olmalıdır. Bunlar da neynəsinlər, sözləri qurtarıb keçiblər laqqırtıya. O da qurtarandan sonra girişiblər bir-birlərinə dil öyrətməyə. Medvedev deyirmiş ki, Ilham Əliyevin və Sərkisyanın ətrafı gah erməni, gah Azərbaycan dilində danışırlar. Olsun, nəyi pisdir ki, yaxşı bir söz var: “neçə dil bilirsən, o qədər adamsan”. Bizim məmurların bəzilərinin ikidə biri, bəzilərinin üçdə biri, çox azının isə dörddə biri erməni imiş. Yəni, bu nisbət erməni dilini neçənci dil kimi bilməsindən asılıdır. Bir sirri də çözdük ki, bizim məmurlar niyə belə əsəbidirlər. Amma işin bir xeyri var ki, Ermənistan əhalisi də öz hökumətindən zülm çəkir. Yəqin onların da bir çoxlarının Azərbaycan dilini bilməsi bu işə təsir edir. Bu dil bilmək məsələsindən gəldiyim ortaq nəticə budur ki, hər iki hakimiyyət düşməndən təsirlənib, öz xalqını qırmaqla məşğuldur.
Başqa bir məsələ də var ki, bunu demədən keçə bilmirəm. Xarici işlər nazirimiz Məmmədyarov neçə ildir Azərbaycan dilindəki incə saitləri öyrənə bilmir. “aaaa-ıııııı-uuu” deməklə məşğuldur. Daha doğrusu, indi məlum olub ki, özü öyrənmirmiş. Qardaş, belə dil öyrənənsən, əvvəlcə Azərbaycan dilini öyrən, sonra keçərsən də erməni dilinə. Allah bekarçılığın üzünü qara eləsin, işiniz yox, probleminiz yox, sizin yerinizə kim olsaydı Afrika tayfalarının da dilini öyrənərdi. Amma mümkünsə, öncə Azərbaycan dilini öyrənin.
Ciddi söhbət
Sizə də elə gəlmirmi ki, Putin Dima ilə Ilham Əliyevin arasını vurmaqla məşğuldur? Vikiliksdən məlum idi ki, Azərbaycan rəhbəri Putini o ki var tənqid edib, Medvedevi ucalara qaldırmışdı. Amma bunun qarşılığında Putin müəllim sərt reaksiyalar vermədi. Sadəcə Dimaya tapşırdı ki, bəzi söhbətləri eləsin. O da dədə-baba qaydasında xatirələrini danışdı. Xalqları arxayın saldı ki, qorxmayın, müharibə-zad olan deyil, rəhbərləriniz girişiblər dil öyrənməyə. Ilham Əliyevin də Medvedevə olan ümidlərinin nəticəsi, necə deyərlər, oldu ermənicə. Putin yəqin ki, Ilham Əliyevə demək istəyir ki, “stavka”nı Dimaya qoymaqla böyük səhvə yol verib. Indi məlum oldu ki, əlahəzrətlə Sərkisyan dost imişlər, bir-biri ilə yaxşı anlaşırlarmış. Bunun şahidi də uşaq-zad deyil, Rusiyanın prezidentidir. Görəsən, bu söhbətləri indi etməyin nə anlamı var? Bunu anlayan adam inanın ki, Qəzzafinin, Mübarəkin gününə düşməyəcək.
Şantajın bərəkəti
•