Şəxsi taksilər Baknın mərkəzində qadağan edildi

Minlərlə adamı çörəksiz qoyacaq qərar; Nəqliyyat Departamenti amansız sərəncam verdi

Nəqliyyat Departamenti sərəncam imzalayaraq şəxsi avtomobilindən taksi kimi istifadə edən şəxslərin avtomobillərinin Bakı şəhərinin mərkəzi hissələrinə hərəkətini qadağan edib. Bu məlumatı dünən qəzet çapa hazırlanarkən, çox mötəbər bir mənbədən almışıq. Bu üzdən əlaqədar qurumla əlaqə yaradıb, məlumatı dəqiqləşdirə bilmədik. Bununla belə, hökumət səviyyəsində “köhnə taksi”lərin işinin məhdudlaşdırılması istiqamətində əvvəlcədən nəzərdə tutulmuş tədbirlərin icrasına start verildiyini söyləyə bilərik. Təxminən 20 mindən çox adamı əhatə edən bu “köhnə taksi cameəsi”ni gündəlik qazancdan edəcək bu qərar isə ölkədə daha bir sosial narazılığın başlanmasına səbəb ola bilər.
Hələ uzun müddət idi ki, şəxsi avtomobilindən taksi xidməti kimi istifadə edənlərə qarşı tədbirlər görülməsi planlaşdırılırdı. Xüsusilə onların şəhərin mərkəz hissələrindən kənarlaşdırılması, yaxud fəaliyyətlərinin birdəfəlik dayandırılması dövlət səviyyəsində nəzərdən keçirilirdi. Ancaq həm də nəzərə alınırdı ki, hazırda Bakı şəhərində taksi fəaliyyətilə məşğul olanların sayı on minlərlədir. Bu adamların ailələrinin çörəksiz qoyulması isə əlavə ciddi problem kimi  hökuməti narahat etməyə bilməzdi. O səbəbdən müvafiq qərarlar hər dəfə ertələnirdi. Bununla belə, görünür, pul qazanmaq, qaz vurub qazan doldurmaq ehtirası məmurların sosial məsuliyyət hissindən güclü gəlib və dünən belə acımasız bir qərar ortaya çıxıb. Biraz sonra, ola bilsin, ümumiyyətlə şəxsi avtomobillərdən taksi fəaliyyəti kimi istifadəyə birdəfəlik qadağa qoyulsun. Əslində, bunun siqnallarını nəqliyyat naziri Ziya Məmmədov dəfələrlə müxtəlif formada cəmiyyətə çatdırıb. Elə Nəqliyyat Nazirliyinin bu ildən ölkəyə yeni taksilər gətirməklə taksi fəaliyyətini inhisara almağa çalışması bir növ şəxsi avtomobillərin taksi kimi fəaliyyətini məhdudlaşdırmağa hesablanıb. Mərhələli şəkildə şəhərin qeyri-ənənəvi taksiçilikdən təmizlənəcəyi barədə nazirin anonsları, deyəsən, artıq özünə real həyatda da yer tapmağa başlayıb. Nəqliyyat Departamentinin sərəncamını belə yozmaq olar. Xüsusilə, “Eurovision-2012” mahnı musabiqəsinin gələn il Bakıda keçiriləcəyini nəzərə alsaq, hökumətin şəhərin görünüşünü bəhanə edib, şəxsi taksiləri paytaxtdan birdəfəlik yığışdırtması ehtimal olunur. Çanaq isə yenə kasıb camaatın başında çatlayacaq.

Rəşad Alp