Elxan Şahinoğlu: «Iran hazırda Azərbaycana Qərbin diqqətinin artmasından ciddi narahtdır»
Iran tərəfindən Azərbaycana qarşı növbəti hədə dolu bəyanat səslənib. Söhbət Iranın Ali Ruhani Məclisinin üzvü, Ayətullahül-üzma Nasir Məkarim Şirazinin cümə axşamı keçirdiyi xütbəsində Azərbaycan hökumətinin ünvanına səsləndirdiyi açıqlamadan gedir. O, Azərbaycanda islamofobiya hallarının artdığını əsas gətirərək, dövlət rəsmilərinə xəbərdarlıq edib və bildirib ki, Azərbaycan rəsmiləri region hadisələrindən ibrət almalıdır. Əks halda, Azərbaycanın imanlı xalqı bu vəziyyətin davam etməsinə icazə verməyəcək. Bir müddət əvvəl Iranlı general da analoji hədə dolu bəyanat səsləndirmişdi. Artıq bu, Iranın Azərbaycana qarşı neçənci hədə dolu mesajıdır. Bəs bu yanaşma nədən qaynaqlanır?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Iran tərəfindən səslənən təkliflərə iki ölkə arasındakı münasibətlərin kontekstində yanaşmaq lazımdır. Həm Iran, həm də Azərbaycanın dövlət başçısının bəyanatlarında ölkələr arasında heç bir problemin olmadığını bildirdiklərini deyən E.Şahinoğlu vurğuladı ki, reallıqda isə münasibətlərin kifayət qədər gərgin olduğu ortaya çıxır: “Dövlət rəsmilərinin səsləndirdikləri açıqlamalar, iki dövlət arasındakı nota alış-verişi münasibətlərin heç də ürəkaçan olmadığını ortaya qoyur. Ötən müddət ərzində Azərbaycanın Irana verdiyi notaya Tehranın cavabı heç mətbuata açıqlanmadı. Bundan başqa, Iran tərəfi sərhədçisinin öldürülməsi ilə bağlı yenidən Azərbaycana nota verib. Ümumiyyətlə, iki dövlət arasındakı münasibətləri daha çox gərginləşdirən Iran rəsmilərinin, deputatlarının vaxtaşırı Azərbaycana qarşı sərt fikirləridir”.
Iranın hazırda Azərbaycana Qərbin diqqətinin artmasından ciddi narahatlıq keçirdiyini deyən E.Şahinoğlu vurğuladı ki, NABUCCO, Transxəzər layihələrinin hazırda gündəmdə olması Tehranı qıcıqlandırır: “Elə həm NABUCCO-nun, həm də Transxəzər layihəsinin reallaşmasına qarşı çıxan iki dövlətdən biri Irandır. Iran bu tip layihələrin bütün Xəzəryanı dövlətlərin razılığı ilə reallaşmasını istəyir. Bir sözlə, Iran Azərbaycanın Qərblə yaxınlaşmasından və əməkdaşlığı dərinləşdirməsindən narahatlıq keçirir”.
Xəyal