İstənilən seçim Azərbaycan hakimiyyətinin əleyhinədir
MDB hökumət başçılarının oktyabrın 18-də Sankt- Peterburq şəhərində başlayan toplantısında azad ticarət zonasının formalaşdırılması ilə bağlı təşəbbüs nəticə verdi: birliyə aid olan 8 ölkə – Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Moldava və Tacikistan baş nazirləri bu müqaviləni imzalamaqla faktiki olaraq SSRI-nin bərpası yönündə Vladimir Putinin cəhdlərinə dəstək vermiş oldular.
Hələ bir müddət öncə Avropa Birliyinə alternativ iqtisadi-siyasi blok yaradılması təşəbbüsü ilə çıxış edən Putinin səyləri nəticə verməmişdi. Qərbdən gələn təzyiqlər qarşılığında “siyasi birliyin” hələ tez olduğunu anlayan Putin Rusiyası iqtisadi inteqrasiyanı sürətləndirmək üçün yeni və daha az qıcıq doğuran variant irəli sürdü – azad iqtisadi zonanın yaradılması. Və göründüyü kimi, alternativ variant özünü doğrultdu.
Avropanın növbəti reaksiyası, Putinin SSRI-ni yenidən qurmaq planlarını dilə gətirməsi və bunu pisləməsi, üstəlik, demokratik Qərbin geniş iqtisadi imkanları ilə müqayisədə qeyri-azad ölkələr birliyi sayılan MDB-nin bu təşəbbüslə geosiyasi miqyasda iqtisadi-siyasi gücü əlinə alacağı ehtimalı sıfra bərabərdir. Əlbəttə ki, bu müqavilə ən yaxşı halda SSRI-nin yaratdığı “Qarşılıqlı Iqtisadi Yardım Şurası” (QIYŞ) adlı birliyi xatırladır. Amma SSRI dönəmində həmin Şura Sovetlər Birliyinin Şərqi Avropadakı və dünyadakı strateji tərəfdaşlarını əhatə edirdisə, indi bu dairə çox məhdud çevrədə – postsovet ərazilərinin bir hissəsində gerçəkləşdirilir. Bütün hallarda çevrənin daraldığı göz önündədir və NATO-nun Şərqə doğru genişlənməsinə qarşı formalaşdırılmasına cəhd edilən bu “birlik” həddən artıq zəif təsir bağışlayır. SSRI-nin QIYŞ-i Avropanın qarşısını ala bilmədisə, Rusiyanın “azad iqtisadi zonasının” hansısa əhəmiyyətli nəticəyə imza atacağı indidən sual altındadır.
Maraqlı olan isə Qafqazın, xüsusilə Azərbaycanın bu geoiqtisadi situasiyada tutacağı mövqedir.
Balans siyasəti çoxdan bitib
Ciddi, ciddi olduğu qədər də təhlükəli geosiyasi və geoiqtisadi bir mənzərə yaranıb. Azərbaycan Putinin qurduğu “azad iqtisadi zona”ya münasibətdə hansı mövqe sərgiləyəcək? Avropa, yoxsa Asiya seçimi ölkə üçün uğur vəd edir?
Azərbaycan hələlik “Putin müqaviləsinə” qoşulmayıb, amma müqaviləni imzalamaqdan birmənalı olaraq imtina da etməyib. Açıqlanan rəsmi məlumata görə, Bakı “ilin sonuna qədər vaxt alıb”. Bu tərəddüdün səbəbi nədir?
Paralel olaraq xatırladaq ki, Azərbaycan “Nabukko” layihəsi ilə bağlı yekun qərarını bildirmək üçün də oktyabrın sonuna qədər vaxt almışdı və Avropa artıq rəsmi Bakının konkret mövqeyini səbirsizliklə gözləyir. Azərbaycan “Nabukko” ilə bağlı qərarını niyə ləngidirdi? Rusiya ilə iqtisadi-siyasi münasibətlərini daha yüksək müstəviyə qaldırmaqda maraqlıdırsa, “azad iqtisadi zona”ya niyə imza atmırdı və ilin sonuna qədər vaxt istəyirdi? Bəlkə, hər iki tərəflə qarşılıqlı iqtisadi-siyasi əlaqələri qorumaq istəyir?
Avropa və Rusiya artıq “balans” siyasətinə qarşı olduğunu birmənalı olaraq ortaya qoyub. “Neytral Ölkələr Birliyi” Kuba liderinin utopik istəyindən başqa bir şey deyil və “neytrallığa” cəhd edənlərin də aqibəti Hüsnü Mübarəkin simasında göründü. Yeni siyasi vəziyyətdə köhnəlmiş gedişlər ölkələri yalnız acı sonluqla üz-üzə qoyur. Ona görə də seçim mütləqdir. Bu kontekstdə sual budur: Azərbaycan üzünü hara çevirib?
Məsələ burasındadır ki, Azərbaycan Bakı-Ceyhan neft, Bakı-Ərzurum qaz kəməri vasitəsilə Qərblə ciddi və geriyə dönməsi mümkün olmayan iqtisadi əməkdaşlığa başlayıb. Rusiyanın qətiyyən sevmədiyi və açıq-aşkar əleyhinə çıxdığı “Nabukko” layihəsinə qoşulmaqla Azərbaycan birmənalı olaraq Qərbmeyilli siyasət yeritdiyini ortaya qoymuş olacaq. Ancaq Azərbaycandakı siyasi idarəetmə və sosial institutlaşma birbaşa Rusiya sisteminin içindədir.
Daha aydın olması üçün mənzərəni belə də təsəvvür etmək olar: ölkə rus modeli ilə idarə olunur, amma strateji-iqtisadi layihələr Qərblə bağlanıb; Qərb Azərbaycandakı idarəetmə sistemini, Rusiya bütövlükdə iqtisadi siyasəti qəbul etmir. Rəsmi Bakı üzünü Qərbə tərəf birmənalı olaraq çevirərsə, mövcud korrupsiyalaşmış avtoritar idarəetmədən, deməli, hakimiyyətdən imtina etməyə məhkumdur; Rusiyayönümlü siyasət isə Qərblə uzun illərdir qurulan ciddi iqtisadi, kövrək siyasi əlaqələrin pozulması və iqtisadi-siyasi böhranla üzləşmə və yenə də hakimiyyətin itirilməsi deməkdir.
Azərbaycan tarixi şansı çoxdan qaçırıb
Həm Avropa, həm də Rusiyanın Azərbaycanda geniş təsir imkanları var. Əgər bir neçə il öncə ölkənin büsbütün Qərbyönümlü siyasi kursunda sapınmalar olmasaydı və Azərbaycan demokratik prosesi başa vurub vətəndaş cəmiyyətini formalaşdırmağı bacarsaydı, yarana biləcək problemləri önləmək imkanında olardı. Ancaq təəssüf ki, Azərbaycan hakimiyyətinin avtoritarizmə yuvarlanması ölkənin hədəflərindən uzaqlaşması ilə yanaşı, çox ciddi problemlər yaradıb. Hazırda hər iki variant təhlükəlidir və hər hansı yolun seçilməsi ölkəyə, həm də hakimiyyətə baha başa gələcək.
Bu illər ərzində güclənən və daha şovinist siyasət həyata keçirməyə başlayan Rusiya Azərbaycanın Qərbyönümlü siyasətini ona bağışlamayacaq; Avropa da rusyönümlü siyasətə analoji addımla cavab verəcək.
Avropa “insan haqları”, “azad söz”, Avropa Şurası qarşısında götürülən öhdəliklər və iqtisadi, Rusiya isə Dağlıq Qarabağ və bu ölkədə yaşayan azərbaycanlı miqrantlardan təzyiq vasitəsi kimi istifadə etmək imkanlarını özündə saxlayır. Məsələ burasındadır ki, artıq bu təsirlər işə düşüb – xəbərdarlıq səviyyəsində.
Hər iki tərəf “xəbərdarlıqla” seçimi tezləşdirməyi tələb edir. Azərbaycan isə “fikirləşmək” üçün vaxt istəyir.
Ancaq “fikirləşmək” üçün geniş vaxt da yoxdur. Mütləq seçim edilməlidir. Həm də çox qısa müddətdə – ən geci, 2 aya mövqe ortaya qoyulmalıdır.
Anar Mahmudoğlu