Hakimiyyətdə erməni dilində kimlər danışa bilir?

Artur Rəsizadə, Əli Həsənov, Ramiz Mehdiyev, Oqtay Əsədov və başqa məmurların bu qabiliyyətə malik olduğu iddia olunur

Rusiya prezidenti Dmitri Medvedevin oktyabrın 20-də verdiyi sensasion açıqlama hələ də müzakirə mövzusudur. Söhbət Rusiya prezidentinin cümə axşamı Moskva Dövlət Universitetində tələbələrlə görüşündə Ilham Əliyevlə Serj Sarkisyan barədə verdiyi açıqlamadan gedir. O, erməni tələbənin Qarabağ münaqişəsinin həll üzrə səyləri barədə sualına cavabında deyib: “Mən Azərbaycan prezidenti ilə də, Ermənistan prezidenti ilə də çox əlaqə saxlayıram. Və təəccüblüdür ki, hər iki prezidentin – prezident Əliyevin də, prezident Sarkisyanın da ətrafındakı insanlar bir-biri ilə yaxşı yola gedir və asanlıqla Azərbaycan dilindən erməni dilinə, erməni dilindən Azərbaycan dilinə keçirlər. Bu, mənim gözlərim önümdə baş verir. Amma ümid edirəm ki, Serj Azatoviç və Ilham Heydəroviç, onların da bir-biri ilə yaxşı yola getdiklərini desəm, məndən inciməzlər. Biz birlikdə masa arxasında əyləşəndə onlar yaxşı ünsiyyət qururlar”.
Indi Azərbaycanda günün sualı Ilham Əliyevin ətrafındakı erməni dilini bilən insanların kimliyi barədədir.
Mövzu ilə bağlı söhbətləşdiyimiz məlumatlı şəxslər hakimiyyətdə təmsil olunan bir sıra şəxslərin erməni dilində danışmaq qabiliyyətinin olduğunu bildiriblər. Bu sırada xüsusilə baş nazir Artur Rəsizadə, onun müavini Əli Həsənov, spiker Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, xarici işlər naziri Elmar Məmmədyarovun adı hallandırılır. Iddialara görə, adıçəkilən məmurlar erməni dilində sərbəst danışa bilirlər. Məlumatlı şəxslərin sözlərinə görə, ümumiyyətlə Azərbaycan hakimiyyətində ermənilərlə qohumluğu olan bir çox məmurlar var ki, onlar erməni dilində sərbəst danışmağı bacarırlar.
Bəzi məmurlar isə, Ermənistanda biznesləri olduğuna görə bu dildə danışmağı öyrəniblər. “Bəzi məmurların Ermənistanda biznes qurması faktını dəqiqləşdirmək istəyirsinizsə, Tiflisdəki bahalı restoranlara tez-tez baş çəkin. Azərbaycanlı məmurlar erməni ortaqları ilə biznes söhbətlərini məhz həmin restoranlarda edirlər. Tiflis faktiki olaraq azərbaycanlı məmurlarla onların erməni ortaqlarının görüş yerinə çevrilib”, – deyə məlumatlı şəxslər bildirib.

Informasiya şöbəsi