Səbirli xalq

Azərbaycan xalqı çox səbirlidir.
Əcnəbilər də belə deyir, biz özümüz də belə deyirik.
Səbrimizin hüdudsuzluğunu isbat edən yüzlərlə misal göstərmək olar.
Və o misallardan bir neçəsini diqqətinizə çatdırmaq fikrindəyəm.
Buyurun, oxuyun. Tək ricam odur ki, diqqətlə oxuyun.
1-ci misal: Həsənağa müəllimdir, təqaüdə çıxmağına bir il qalır. Düz 5 aydır ki, doqquzmərtəbəli binanın səkkizinci qatındakı evinin qapısını qan-tər içində döyür. Tək səbəb liftin işləməməsidir. Ürək xəstəsi olan müəllim bu 5 ayda liftin çalışması üçün bir idarənin qapısını döyməyib, kimsəyə şikayət etməyib. Şikayət etmək istəyənlərə də bir ziyalı kimi məsləhət görüb ki, səbriniz olsun, düzələcək;
2-ci misal: Qulamrza da müəllimdir. Rastına çıxana maaşla dolanmağın çətin olduğunu izhar edir. Ehtiyaclarını dilə gətirməklə dost-tanışın lap zəhləsini töküb. Di gəl ki, 40 yaşlı ədəbiyyat müəllimi əlinə qələm-kağız götürüb hökumətin başında dayananlara bir məktub yazmır. Yazmır ki, verdiyiniz maaşla adam kimi dolanmaq olmur. Çün çox səbirlidir;
3-cü misal: Qasım kişi təqaüdçüdür. Prostat vəzi şişdiyi üçün gündə 2-3 dəfə şalvarını isladır. Bir yandan da babasili. Ancaq zalım oğlu səhərdən-axşama parkda domino oynayır. Bircə dəfə də ağlından keçmir ki, gedib onu çörəkpuluna zorla çatan təqaüdə rəva bilənlərin yaxasından yapışsın. Səbri imkan vermir buna, oturub dominosunu oynayır və şalvarını isladır. Hansı ağsaqqal ona iradını bildirəcək ki? Əksəriyyəti elə onun günündədir də;
4-cü misal: Fatmanisə 5 ildir ərdədir. Universitet bitirib. 3 uşağı var və dörd dəfə də abortda olub. Əri də ki, həftədə bir dəfə təpiyinin altına salır. Gözlərinin altı göyərdiyindən günlərlə həyət-bacaya çıxmır. Amma bir dəfə də olsun ərinin onu cinsi və fiziki təcavüzə məruz qoyduğuna görə polisə, məhkəməyə müraciət etmir. Səbri çox böyükdür axı;
5-ci misal: Balarza universitetin ikinci kursunda oxuyur. Tələbə yoldaşları ilə gün boyu mobil telefonda məzələnir, internetdə qızlarla yazışır. Aldığı təqaüd və dədəsinin cibxərcliyi yol puluna, günorta peraşki, ya da toyuq dönəri yeməyinə zorla çatır. Odur ki, bu yaşında qastrit qazanıb. Tələbə yoldaşları zarafatla aldıqları təqaüdə dilənçi payı deyirlər. Bir yerə yığışıb təqaüdün azlığına etiraz edə bilmirlər. Səbirli kişilərin övladları olduqları üçün dədələrinin yolu ilə gedirlər.
Kifayətdir. Çox misal göstərib yormağa dəyməz. Həm də səbrin mahiyyəti barədə bir iki kəlmə yazmaq fikrindəyəm.
Səbir Qurani-Kərimdə Allah-Təalanın bəndələrinə tövsiyə etdiyi ən üstün keyfiyyətlərdəndir. Allah-Təalanın adlarından biri də Saburdur, yəni çox səbir edən. Fəqət Allahın kitabında yazılmayıb ki, zalımın zülmünə rəğmən səbirli olmaq lazımdır. Yazılmayıb ki, haqqını tapdayanlara boyun əy. Yazılmayıb ki, haqq uğrunda mübarizə aparma.
Əslində səbirli olmaq Allahın bəxş etdiyi ömrü insan kimi yaşamaq üçün dözümlə, mətanətlə, davamlı olaraq mübarizə aparmaqdır.
Bu mübarizə keyfiyyətlərindən məhrum olmaq heç də səbirli olmaq deyil, bunun adı acizlikdir. Acizin isə həyatının, yaşamının dəyəri beş qəpik də deyil.
Böyük şair Mehmet Akif Ərsoyun bir misrasını xatırlatmağa dəyər:
Islamı əlindən tutacaq, qaldıracaq yox,
Haqsız yerə fəryad ediyor, acizə haqq yox…
Azərbaycan xalqı səbirli xalqdır.
Desəm ki, bizim səbrimiz patoloji səbirdir, yəni bizi acizliyə meylləndirir, lütfən, məni qınamayın.
Acizə də ki, Mehmet Akif Ərsoy demişkən, haqq yox…
Biz səbirli xalqıq, yoxsa aciz xalq?
Türk oğlu türkə acizlik yaraşırmı?
Əminəm ki, bu suallar HAQQ yolunda mübarizədə olanların hər birini rahatsız edir.