Müxalifətdən Əsədə Qəzzafi mesajı

Suriya müxalifəti meydanlara “Qəzzafi getdi, sıra Əsəddə”  şüarıyla axışdı

Sarkozi bütün diktatorlara “Qəzzafiyə bax!” mesajı yolladı

“Ərəb Baharı”nın yaşandığı Suriyada gərginlik davam edir. Aylardır davam edən etiraz aksiyalarına baxmayaraq Bəşər Əsəd dirəniş göstərir. Liviyanın devrilmiş diktatoru Müəmmər Qəzzafinin öldürülməsindən ilhamlanan suriyalı müxaliflər ölkənin müxtəlif yerlərində izdihamlı mitinqlər keçirib.

Suriya Milli İnqilab Şurasının yaydığı açıqlamaya görə, ölkənin paytaxtı Dəməşq başda olmaqla Həma, Humus, İdlib, Qamışlı, Dər əl Zor kimi iri şəhərlərdə insanlar cümə namazından sonra meydanlara axışıb. Hökumət qüvvələri nümayişçilərə qarşı odlu silahdan istifadə edib. Əsgərlərin açdığı atəş nəticəsində ən azı 15 nəfər həlak olub. Təkcə Humus şəhərində təhlükəsizlik qüvvələri 14 nəfəri öldürüb.

Müxtəlif mənbələr cümə namazından sonra keçirilən anti-Əsəd nümayişləri zamanı çoxlu sayda etirazçının yaralandığını və həbs olunduğunu bildirib. Həma şəhərində keçirilən aksiyadan reportaj verən “Əl Cəzirə” televiziyasına danışan Əbu Heydər adlı müxalif fəal  şəhərdə dinc etirazların təşkil edildiyini, təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açdığını və şəhərin bir çox bölgəsində təhlükəsizlik qüvvələriylə müxaliflər arasında qarşıdurma yaşandığını bildirib.

Ötən gün keçirilən aksiyalarda diqqətçəkən məqam ondan ibarətdir ki, Suriya müxalifəti diktator Bəşər Əsədin Qəzzafinin taleyiylə üzləşəcəyini bəyan edib. Qəzzafinin öldürülməsi Suriyada keçirilən aksiyalarda izdihamın artımına yol açıb. Müxaliflər Suriya hakimiyyətinə və Bəşər Əsədə xəbərdarlıq edərək Qəzzafinin taleyidən dərs götürməli olduğunu bildirib.

Fransa prezidenti Nikolya Sarkozi Liviyanın devrilmiş diktatoru Müəmmər Qəzzafinin öldürülməsinin Suriya rəhbəri Bəşər Əsəd kimi digər diktatorlara dəqiq mesaj anlamı daşıdığını söyləyib. Sarkozi daha sonra bildirib ki, liviyalılar ölkənin gələcəyini inşa edərkən bağışlamağı bacarmalı və birliyə nail olmalıdılar.

İnformasiya şöbəsi