Dunya Miyatoviç Əliyevlə Bəxtiyar Hacıyev və Cabbar Savalanın azad edilməsini müzakirə edəcək
Dünən “Plüralizm və Internetin idarə olunması” mövzusunda Səkkizinci Cənubi Qafqaz Konfransı Azərbaycan, Ermənistan və Gürcüstanda Internet azadlığının təmin edilməsi zərurəti haqqında Bəyannamənin qəbulu ilə başa çatıb. Konfrans hökumətləri informasiyanın geniş və azad yayılması üçün bütün zəruri qanunverici və texniki şərtləri yaratmağa, o cümlədən KIV-i müasir texnologiya ilə təmin etməyə çağırıb. Konfrans hakimiyyət orqanlarını ATƏT-in öhdəliklərinə və prinsiplərinə uyğun olaraq Internetə azad çıxışa və fikri ifadə etmək azadlığına zəmanət verməyə çağırıb.
Bəyannamədə həmçinin hökumətlər cəza tədbiri kimi Internetə çıxışı bağlamamağa, fikir plüralizminə riayət etməyə və təqib və Internetin inhisara alınmasından yayınmaq çağırışı yer alıb. Yekun sənəddə bütün Internet provayderləri üçün sağlam rəqabət və bazar şəraitinin yaradılması zərurəti qeyd edilir. Bəyannamə 16 bənddən ibarətdir və ATƏT-in dəstəyi ilə keçirilən konfransın 70 iştirakçısı tərəfindən dəstəklənib.
ATƏT-in KIV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç yekun nitqində üç Cənubi Qafqaz ölkəsində Internetdə azadlığın olmasından məmnunluğunu ifadə edib. “Amma söz azadlığını təmin etmək üçün hakimiyyətlə müzakirə edəcəyimiz məsələlər var”, – deyə o, bildirib.
Miyatoviç qeyd edib ki, regionun gələn il rəqəmsal yayıma keçməsi söz azadlığının məhdudlaşdırılması ilə müşayiət olunmamalıdır. Yaxın günlərdə Miyatoviç hakimiyyətlə dialoqu davam etdirmək üçün Azərbaycana və Ermənistana səfər etməyə hazırlaşır. Onu ilk növbədə Azərbaycanda diffamasiyaya görə cinayət məsuliyyətinin ləğv olunması məsələsinin uzadılması narahat edir.
ATƏT-in KIV azadlığı üzrə xüsusi nümayəndəsi rəsmi Bakı ilə blogerlər Bəxtiyar Hacıyev və Cabbar Savalanın azad edilməsi məsələsini müzakirə etmək niyyətindədir.